Məhkəmə qərarları › İş №3(059)-554/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-554/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-554/2025 16.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Qərarından şikayət verilən orqan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 vəkili tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X6 şikayət ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə qərarında əsasən o, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən 2500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunvericilik normalarının kobud surətdə pozulması şəraitində çıxarılmışdır. Belə ki, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat barədə ona heç bir məlumat verilməmiş, ümumiyyətlə hansı səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmasından xəbəri olmamışdır. Odur ki, sözügedən inzibati tənbeh vermə haqqında qərar qanunvericilik normalarının kobud surətdə pozulması şəraitində qəbul edildiyindən, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Ona görə də, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş şikayətçi X6 məhkəmə iclasına gəlməmiş, eləcə də işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət göndərməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X5 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən idarələrinə daxil olmuş tövsiyə xarakterli məktubda, hüquqi şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi təqdirdə, həmin müəssisənin səlahiyyətli şəxsi yəni, inzibati xəta hadisəsinin kimin təqsiri üzündən baş veribsə, həmin şəxs barəsində də, inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli olduğu qeyd edilmişdir. Beləliklə, Siyəzən rayonunun Zarat kəndində yerləşən "xxxx" MMC-yə məxsus quşçuluq sexində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmiş və "xxxx" MMC-nin direktoru X6 barəsində İXM-nin 233.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, Yaşar Qasımov monitorinqdə iştirak etməklə yanaşı, əməlini etiraf etmişdir. Hesab edir ki, tərəflərindən zəruri olan bütün sübutlar təqdim edildiyi üçün, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməlidir. Məhkəmə, məhkəmə iclasında iştirak edən qərar qəbul etmiş orqanın nümayəndəsinin izahatını inzibati xəta haqqında materiallar ilə birlikdə araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 sentyabr 2025-ci il tarixli, 93930 nömrəli aktından görünür ki, Hacıverdi Əbdüləhədovun və Tacəddin Mirzəyevin zərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə etdikləri şikayətlərdən sonra, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X7 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən "xxxx" MMC-in ətraf ərazisindən, giriş qapısından təxminən 3-5 metr məsafədə atmosfer havasında olan zərərli qan qarşılıqlarının miqdarını təyin etmək məqsədi ilə SKY- 2000R4 səyyar cihaz vasitəsilə ölçmə işləri aparılmış, habelə nəticəyə əsasən ammonyak (NH3)-0,336 mq/m3 (norma:0,2 mq/m3) təşkil etməsi, ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X5 tərəfindən 12 sentyabr 2025-ci il tarixdə tərtib olunmuş MN seriyalı 236452 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Siyəzən rayonunun Zarat kəndində yerləşən "xxxx" MMC-də 23 avqust 2025-ci il tarixdə cəmiyyətin fəaliyyəti rəhbərliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun idarə olunmadığı üçün ətraf mühitə atılmış zərərli maddələrin miqdari yol verilən normativdən artıq olması müəyyən olunmuş və MMC-nin direktoru X6 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair MN seriyalı, 236452 saylı protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini (rəis vəzifəsini müvəqqəti icra edən) X2 24 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “X4” MMC-nin kalibrləmə sertifikatının surətindən görünür ki, sertifikat nömrəsi OMS K 09318 olan, Çin istehsalı, Standard (SO2, NH3, O2, HCN) ölmə diapazonlu, seriya (zavod) nömrəsi 241017B6 olan, SKY2000-R4 tipli cihaz Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsinin sifarişi ilə xx.xx.2025-ci il tarixdə kalibrlənmiş və növbəti kalibrlənmə tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 3(059)- 513/2025 saylı qərarından görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin araşdırılan hallarından görünür ki, iş materiallarına inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən sübut kimi inzibati xəta haqqında protokol, akt, foto-şəkillər, ölçmə cihazından nümunə və vətəndaş müraciətləri təqdim edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında qərar qəbul edən orqan tərəfindən hazırki inzibati araşdırmanın aparılmasına səbəb kimi Hacıverdi Əbdüləhədov və Tacəddin Mirzəyev adlı şəxslərin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə daxil olmuş şikayət xarakterli müraciətini göstərsələr də, işin araşdırılan hallarından görünür ki, həmin şəxslərin inzibati araşdırma zamanı izahatları alınmamış, müraciətlərinin tam mətni iş materiallarına əlavə edilməmiş və müraciətlərində aktda göstərilən məlumatlar olduğu halda həmin müraciət onlarla birlikdə müzakirə edilməmişdir. Bundan başqa iş materiallarına həmin müraciətlər əlavə olunsa da, müraciətlərdə hər hansı imza və ya möhür olmamaqla, müraciətlərin həqiqətən də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə edilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, hətta müraciətlərin həqiqətən də mövcud olduğu qəbul olunsa belə, həmin müraciətlərdə "xxxx" MMC-nin direktoru Yaşar Qasımovun adı ümumiyyətlə qeyd edilmir. Belə ki, müraciətin birində “Giləzi quşçuluq fabrikinin” bölməsinin adı qeyd olunur, digər müraciətdə isə toyuq sexləri olan ərazidən iy-qoxu gəldiyi bildirilir. Belə olan halda inzibati araşdırmanın niyə məhz "xxxx" MMC-nin barəsində başlanılması, nümunələrin niyə məhz həmin müəssisə yaxınlığından götürülməsi və "xxxx" MMC-nin direktorunun inzibati tənbeh edilməsi anlaşılan deyil. Bundan başqa inzibati xəta haqqında qərar qəbul edən orqan tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sertifikata malik SKY2000-R4 tipli cihazla atmosfer havasından götürülmüş nümunənin nəticəsinə dair, yəni ammonyak (NH3)-0,336 mq/m3 (norma:0,2 mq/m3) təşkil etməsinə dair aparatın ekran görüntüsündən görünür ki, həmin ekran görüntüsü xx.xx.2022-ci il tarixdə götürülmüşdür, halbuki inzibati xəta haqqında protokolda nümunənin götürülməsi və xətanın aşkar edilməsi tarixi kimi 2025-ci ilin avqust ayı göstərilmişdir. Belə olduğu halda inzibati xətanın yaranmasının yeganə əsası kimi nəzərdə tutulan götürülmüş nümunənin nəticəsinə dair çıxarış mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa işin araşdırılan hallarından həmçinin müəyyən edilir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol MMC-nin direktoru tərəfindən imzalanmamış, onun inzibati araşdırmaya dəvət edilməsi, həmçinin tərtib edilmiş inzibati xəta haqqında qərarın ona göndərilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. Yuxarıda göstərilən hallardan da göründüyü kimi, inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən iş materiallarına inzibati xəta ilə bağlı kifayət qədər sübutlar əlavə edilməmiş, təqdim edilmiş sübutlar inzibati xəta hadisəsinin mövcud olduğunu sübuta yetirməmişdir. Odur ki, şikayət əsaslı olmaqla təmin olunmalı, inzibati iş üzrə icraata X3 təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4, 135.1.6 və 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilərək iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar