Məhkəmə qərarları › İş №3(059)-555/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-555/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-555/2025 06.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Tərtib edilmiş protokola əsasən Şəxs 11 sentyabr 2025-ci il tarixdə, saat 00:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən parkda Zərərçəkmiş şəxs vuraraq, qəsdən ona fiziki ağrı yetirmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolu müdafiə edərək, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, göstərdi ki, Siyəzən RPŞ-nin TQ-dan daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 sentyabr 2025-ci il tarixli qərar əsasında Şəxs barəsində 06 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 11 sentyabr 2025-ci il tarixdə, təxminən saat 00:00 radələrində Siyəzən şəhərində yerləşən Heydər Əliyev adına parkın yaxınlığında olan “Pubşeron” adlı iaşə obyektində tanışları Əkbər və Orxan ilə birlikdə çay içdikdən sonra, evə getmək üçün oradan çıxıb avtomobilinə gedərkən Zərərçəkmiş şəxs onu nalayiq ifadələr ilə təhqir etmiş, o da öz növbəsində həmin qadını yanına çağıraraq çiynindən vurmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs itələmiş və çıxıb getmişdir. Beləliklə o, Zərərçəkmiş şəxs sillə vurmamış, RPŞ-də olarkən həyəcanlı olduğundan, sonuncuya üç sillə vurması barədə izahat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 10 sentyabr 2025-ci il tarixdə, saat 23:40 radələrində Siyəzən şəhərində yerləşən Heydər Əliyev adına parkda oğlu X3 və qonşusu Şahid ilə sonuncu xəstə olduğundan hava almaq məqsədi ilə əyləşərkən əvvəllər tanımadığı Şəxs onların ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Belə ki, həmin vaxt Şəxs yanında Əkbər və Orxan adlı şəxslərdə olmuş, habelə sonuncunu tanımasa da, əvvəllər Siyəzən şəhərində yerləşən avtovağzalda işlədiyindən Əkbəri tanımışdır. Bundan sonra, Şahid, Şəxs hansı səbəbdən onları təhqir etdiyini soruşmuş, habelə sonuncu Oktayın yaxasından tutub silkələmişdir. Daha sonra o, Şəxs, Şahid açıq ürək əməliyyatı keçirdiyini qeyd etmişdir. Bu zaman, Şəxs yenidən onun ünvanına nalayiq ifadələr işlədərək, təhqir etmiş, habelə üz nahiyəsindən sillə zərbələri vurmuş, saçından yapışaraq yer ilə sürümüş, nəticədə ətrafa təxminən 10 nəfər şəxs toplaşmışdır. Həmin vaxt polis əməkdaşlarına hadisə barədə məlumat vermək istəsə də, Əkbər mobil telefonunu onun əlindən almış və şikayət etməsinə mane olmuşdur. Beləliklə, hadisə təxminən 30 dəqiqə davam etmiş, sonradan qaçaraq yaxınlıqda olan otelə getmiş, habelə oradan polis əməkdaşlarına məlumat vermişdir. Bundan başqa, həmin vaxt hadisəni Şəxs törətmiş, Əkbər və Orxan isə onunla Şirini ayırmağa cəhd göstərmişlər. Həmçinin, Şəxs onu təhqir etməsinə səbəb siqaret çəkməsi olmuşdur. Beləliklə, Şəxs, övladının, eləcə də cəmiyyətin içərisində onu təhqir edərək, döyməsi özündə ağır iztirablar yaratmış, habelə heysiyyətinə toxunmuşdur. Bu səbəbdən də, utanc hissi keçirdiyindən rayon ərazisində özünə iş tapıb işləyə bilmir. Odur ki, Şəxs şikayətçidir. Məhkəmə iclasında şahid, Şahid izahatında göstərdi ki, 10 sentyabr 2025-ci il tarixdə, saat 22:00 radələrində Siyəzən şəhəri, ünvan 2 ünvanında yerləşən yaşadığı evdə olarkən səhhətində problem yarandığından TTTY-nin əməkdaşları yanına gəlmiş, habelə ona təmiz havaya çıxmasını bildirmişlər. Bundan sonra, həmin tarixdə, saat 23:40 radələrində Siyəzən şəhərində yerləşən Heydər Əliyev adına parkda qonşusu Zərərçəkmiş şəxs və sonuncunun oğlu X3 ilə xəstə olduğundan hava almaq məqsədi ilə əyləşərkən sərxoş vəziyyətdə olan əvvəllər tanımadığı Şəxs onların ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Belə ki, həmin vaxt Şəxs yanında Əkbər və Orxan adlı şəxslərdə olmuşdur. Bundan sonra, Şəxs hansı səbəbdən onları təhqir etdiyini soruşmuş, habelə sonuncu onun yaxasından tutub vuraraq silkələmişdir. Daha sonra, Zərərçəkmiş şəxs, Şəxs onun açıq ürək əməliyyatı keçirdiyini qeyd etmişdir. Bu zaman, Şəxs yenidən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, sonuncunu təhqir etmiş, habelə üz nahiyəsindən sillə zərbələri vuraraq, saçından yapışıb yer ilə sürümüşdür. Bundan başqa, həmin vaxt orada olan Əkbər adlı şəxs Zərərçəkmiş şəxs polis əməkdaşlarına məlumat verməsinə mane olmuş, habelə zərərçəkmiş şəxsin mobil telefonunu əlindən almışdır. Beləliklə, Zərərçəkmiş şəxs polis əməkdaşlarına məlumat verdikdən sonra, sonuncular hadisə yerinə gəlmiş, habelə növbəti gün Siyəzən RPŞ-yə gedərək izahat vermişlər. İş materiallarında olan 29 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, HK-1/843 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 11 sentyabr 2025-ci il tarixli, 157 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət və onların izləri aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs 10 sentyabr 2025-ci il tarixdə, saat 23:40 radələrində Siyəzən şəhərində yerləşən Heydər Əliyev adına parkda cəmiyyətə açıqca hörmətsizlik edərək, Şahid və Zərərçəkmiş şəxs zor tətbiq etmiş, habelə sonuncunun üz nahiyəsindən sillə zərbələri vurmuşdur. Belə ki, Şəxs insanların toplaşdığı sözügedən parkda heç bir əsaslı səbəb olmadan Şahid və Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlədərək, insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək, özünü cəmiyyətin və ictimaiyyətin fövqündə qoyaraq, Zərərçəkmiş şəxs üz nahiyəsindən sillə zərbələri vurmaqla, saçından tutub sürüyərək, Şahid isə yaxasından tutub vurub silkələyərək zor tətbiq etmiş və qəsdən fiziki ağrı yetirmişdir. Bununla da, Şəxs törətdiyi əməllərin cinayətin xuliqanlıq normasının təsir dairəsinə düşməsi ehtimalına kifayət qədər əsas verir ki, bu da onun əməllərində cinayət tərkibinin əlamətlərinin olması ehtimalını artırır. Çünki, Şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Həmçinin, həmin vaxt orada olan Şəxs tanışı X4, zərərçəkmiş şəxsin əlindən mobil telefonunu alaraq, sonuncunun polis əməkdaşlarına məlumat verməsinə mane olub, Şəxs kömək etmişdir. Göründüyü kimi, Şəxs baxılan inzibati xəta haqqında materialda göstərilən əməli törətməsi təsdiq olunacağı halda, onun əməlində xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin olub-olmaması araşdırılmalı və CM-nin 221-ci maddəsinin tərkibinin olub-olmamasına hüquqi qiymət verilməlidir. Çünki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmçinin, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məsələn, mədəni, dini və ya digər ictimai tədbiri, gecə vaxtı vətəndaşların dincliyini pozma və sair. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 7 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarına əsasən hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Sözügedən Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Bu Məcəllənin 114.2.3-cü bəndinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı vəziyyətdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməli və onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğuna görə Siyəzən Rayon Məhkəməsində baxılan 3(059)-555/2025 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.3, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğuna görə Siyəzən Rayon Məhkəməsində baxılan 3(059)-555/2025 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar