Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-557/2025 07.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxx 1969-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Siyəzən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 20 avqust 2025-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən şəhərinin Babək küçəsindəki 62 nömrəli evdə Zərərçəkmiş şəxs bıçaqla vuraraq, ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 07 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin İB-dən daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında 06 sentyabr 2025-ci il tarixli qərarı əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, habelə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh olaraq inzibati həbs təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 20 ildən artıq müddətdir arvadı olan Zərərçəkmiş şəxs ilə birgə nikahda yaşayır. Habelə, arvadı Zərərçəkmiş şəxs ilə aralarında hər ailədə olduğu kimi münaqişə yaşansa da, sonuncuya bıçaqla xəsarət yetirməmiş, habelə Könülün bədənində olan xəsarətin nədən yaranması barədə məlumatı yoxdur. Həmçinin, Siyəzən rayon Polis Şöbəsinə verdiyi izahatında da, arvadına bıçaqla xəsarət yetirmədiyini bildirsə də, barəsində tərtib edilmiş hazırki protokolu oxumadan imzalamışdır. Bununla belə, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 23 ildir Şəxs birgə nikahda yaşayır, habelə bu nikahdan iki yetkinlik yaşına çatmış qız övladları vardır. Həmçinin, o, əri Şəxs ilə birlikdə Siyəzən şəhəri ərazisində yerləşən bir otaqlı evdə yaşasa da, qızları Bakı şəhərində işləməklə, orada yaşayırlar. Bundan başqa, əri narkotik vasitə aludəçisi olduğu üçün aralarında tez-tez münaqişə yaşanır, habelə əksər ərəfələrdə birinci etdiyi hərəkətləri dərk etmir. Həmçinin, 20 avqust 2025-ci il tarixdə əri bıçaqla onun ayaq nahiyəsinə xəsarət yetirmiş, lakin bu xəsarət yüngül olduğu üçün özü-özünə tibbi yardım göstərmişdir. Habelə, hadisə zamanı ərinin istifadə etdiyi bıçağı istintaq orqanına təqdim etməsə də, ehtimal edir ki, sözügedən bıçaq yaşadıqları evdədir. Bundan əlavə, şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, lakin vaxtı olmadığı üçün həmin qərarı mübahisələndirməmişdir. O, həyatının təhlükədə olduğunu, Şəxs barəsində inzibati həbs təyin edilməyəcəyi halda evə getməkdən qorxduğunu bildirib, onun barəsində inzibati tənbeh olaraq inzibati həbs təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan 06 sentyabr 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, eləcə də, qəbul edilmiş qərarın surəti sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 25 avqust 2025-ci il tarixli, 143 nömrəli rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ bud nahiyəsinin qançırı fonunda cızığı aşkar olunmuşdur. Həmin xəsarət iti uca malik əşyanın təsirindən törənmiş, törənmə müddəti 20 avqust 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Xəsarət törədən əşya ekspertizaya təqdim olunmadığından həmin xəsarətin bıçaqla yetirilib-yetirilməməsini təyin etmək mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXMnin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, qeyd olunan fakt üzrə Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılaraq 06 sentyabr 2025-ci il tarixdə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar Şəxs tərəfindən mübahisələndirilməyərək faktik olaraq orada olan xüsusatlar onun tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs işin faktiki halları ilə əlaqədar göstərilənlərə etiraz etməmiş, əksinə həmin protokolu imzalamaqla, təqsirini inkar etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, barəsində Siyəzən Rayon Məhkəməsinin icraatında cinayət işi olmasını, ailədə mütəmadi olaraq münaqişəli vəziyyət yaratmasını, milli-mənəvi dəyərlərə hörmət qoymayaraq cəmiyyətdə mənfi emosiyalar doğurmasını, təqsirinin dərəcəsini, faydalı əmək fəaliyyəti ilə məşğul olmamasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi inzibati həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli 07 oktyabr 2025-ci il tarixdən, saat 14:45-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-557/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-557/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver