Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-56/2023 25.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 447.0.1-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Siyəzən şəhəri, H.Əliyev prospekti 726 ünvanında yerləşən “Araz” marketdə 29 yanvar 2023-cü il tarixdə, saat 16:17-də 2 ədəd “Ülkər Çokokrem” adlı məhsul üzərində göstərilmiş qiymətdən baha satılmış, nəticədə Zərərçəkmiş şəxs az, yəni 0,44 manat miqdarında aldadılmışdır. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 14 fevral 2023-cü il tarixdə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 protokolda göstərilənlərə uyğun izahat verərək eyni zamanda göstərdi ki, Zərərçəkmiş şəxs 29 yanvar 2023-cü il tarixdə Siyəzən şəhərində yerləşən “Araz” supermarketdən aldığı 2 ədəd “Ülkər Çokokrem” adlı məhsulun üzərində olan qiymət ilə kassada olan qiymət arasında fərq olduğundan, zərərçəkmiş şəxs bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. Bundan əlavə, ərizə ilə birlikdə 1 ədəd diskdə videogörüntüləri də təqdim etmişdir. Təqdim olunmuş materiallarının araşdırılması nəticəsində istehlakçının hüquqlarının pozulduğu məlum olmuşdur. Belə ki, satıcı malın standart xüsusiyyətləri, qiyməti və ölçüsü barədə düzgün tam məlumat verməyə borcludur. Lakin, burada malın üzərində olan qiymətlə kassadakı qiymət fərqi yarandığından qiymətlə bağlı düzgün məlumat verilməməsi Zərərçəkmiş şəxs az miqdarda aldadılması ilə nəticələnmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və İXM-nin 18-ci maddəsinə əsasən baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu əsaslı hesab etdiklərindən təmin olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 447.0.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz təqsirsizliyini sübut etmək kimi borcu yoxdur, bu da, Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində göstərilmişdir. Şübhəli hallar isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə olmalıdır. İnzibati xətanı formalaşdıran istehlakçının aldadılmasıdır. Çek sübut deyil, aldadılmanı sübut edə bilmir. Hazırda iş üzrə sübut kimi foto və videogörüntülər təqdim edilmişdir. Aldatma odur ki, çekin birində məhsulun qiyməti 3 manat, digərində isə 3 manat 5 və ya 10 qəpik göstərilir. Bu aldatma hesab oluna bilər. Kassadakı qiymətlə piştaxtanın üzərində olan qiymət arasındakı fərq qiymətin dəyişməsindən asılı məsələdir. Yəni, məhsulun qiyməti artır və dəyişir. Satış çeki isə Vergilər Xidmətinin müvafiq orqanı tərəfindən verilmiş sənəddir. Bu sənəddə VÖEN, saat, dəqiqə hər bir məsələ göstərilir. Əl ilə çəkilmiş foto və video xüsusi texniki vasitədən istifadə edilməklə, əldə edilmiş sübut kimi nəzərə alına bilməz. Çünki, foto və video montaj sadə bir məsələdir, habelə bunu etmək mümkündür. Zərərçəkmiş şəxs 44 qəpikdən ötrü şəxsi vaxt sərf edib, şikayət etməsi sadəcə fərqli prinsipiallığın, qərəzliliyin göstəricisidir. Bu hallar isə müəyyən edilə bilmir. Həmçinin, Zərərçəkmiş şəxs sübut qismində təqdim etdiyi görüntülər mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, təqdim edilmiş foto və videogörüntülərin doğruluğunun, eləcə də mötəbərliliyinin təsdiq edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edildiyi halda, bu görüntülərin foto və video montaj olmadığı təsbit edilərsə, bundan sonra onlar sübut kimi qiymətləndirilə bilər. Əks halda, bu görüntülərin sübut kimi qəbul edilməsi Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə ziddir. Protokolu tərtib edən orqanın nümayəndəsi də ehtimal edilən əməli sübut edən halların yalnız onlara edilmiş müraciət və təqdim edilmiş görüntülərdən ibarət olduğunu bildirmişdir. Bu səbəbdən də, kifayət qədər sübut olmadığına və şikayət etmiş şəxsin qərəzli olduğuna, həmçinin inzibati xəta tərkibi olmadığına görə baş vermiş hadisədə hüquqlarını təmsil etdiyi hüquqi şəxsin təqsirinin olmamasının nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Ona görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs MMC tərəfindən İXMnin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “mailto:office@economy.gov.azElektron ünvan ” email ünvanına göndərdiyi 02 fevral 2023cü il tarixli şikayətin, fotoşəkilin, 29 yanvar 2023-cü il tarixli, 11984 nömrəli satış çekinin nömrəsindən, eləcə də vidoegörüntünün yaddaşına köçürüldüyü 1 ədəd Kompakt diskdən görünür ki, Siyəzən şəhəri, H.Əliyev prospekti 726 ünvanında yerləşən “Araz” marketdə 29 yanvar 2023-cü il tarixdə, saat 16:17-də 2 ədəd “Ülkər Çokokrem” adlı məhsul üzərində göstərilmiş qiymətdən baha satılmış, nəticədə Zərərçəkmiş şəxs az, yəni 0,44 manat miqdarında aldadılmışdır. Belə ki, “Ülkər Çokokrem” adlı məhsulun 1 ədədinin piştaxtadakı qiyməti 1,59 manat göstərilsə də, kassada, Zərərçəkmiş şəxs bu məhsula görə 1 ədədi 1,81 manat olmaqla, ümumilikdə 3,62 manat alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsinin V və Vİ hissələrinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsinin İ və V hissələrinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin İ hissəsinin İ cümləsinə, 18.0.5-ci və 21-ci maddələrinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınması tələblərini ehtiva edir. Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması inzibati məsuliyyətə səbəb olan əmldir. İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, Şəxs MMC-yə aid Siyəzən şəhəri, H.Əliyev prospekti 726 ünvanında yerləşən “Araz” marketdə Zərərçəkmiş şəxs aldığı malın qiyməti barədə sonuncuya zəruri və düzgün məlumat verməli olduğu halda, 29 yanvar 2023-cü il tarixdə, saat 16:17-də 2 ədəd “Ülkər Çokokrem” adlı məhsulun qiyməti barədə yalan məlumat verilməklə, bu məhsul üzərində göstərilmiş qiymətdən baha satılmış, nəticədə Zərərçəkmiş şəxs az, yəni 0,44 manat miqdarında aldadılmış, bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulduğundan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, Şəxs MMC İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs MMC-yə İXM-nin 447.0.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-56/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-56/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver