Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-562/2025 15.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, 13 avqust 1979-cu il tarixdə Şabran rayonunun Qərəh kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Siyəzən rayonunun Qalaaltı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Şabran Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(031)-1711/2016 saylı icra sənədinə əsasən 17200 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən yayınmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən 15 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, Şabran Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(031)-1711/2016 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, Şəxs sözügedən icra sənədinə əsasən aliment borcunu 2020-ci il tarixinədək vaxtlı-vaxtında ödəsə də, həmin tarixdən sonra heç bir ödəniş etməmiş, habelə hazırda 17200 manat məbləğində aliment borcu yaranmışdır. Bununla yanaşı, elektron icra sistemi vasitəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatları sorğunlanmış, lakin sonuncunun rəsmi gəliri olmamaqla yanaşı, adına heç bir əmlakının olmaması müəyyən edilmişdir. Həmçinin, Şəxs yaşadığı kəndin ərazisində ona məxsus torpaq sahəsinin olduğunu bildirsə də, araşdırma zamanı həmin torpaq sahəsinin onun mülkiyyətində olmaması aşkarlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərmişdir ki, o, maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. Belə ki, əvvəllər restoranda işləsə də, hazırda vərəm xəstəliyindən əziyyət çəkməsi səbəbindən işləyə bilmir. Odur ki, ona bir-iki ay vaxt veriləcəyi təqdirdə aliment borcundan ödənişlər edəcəkdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, aliment borcunun ödənilməsini tələb edir. Qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borcunu vaxtlı-vaxtında ödəmiş olsaydı, qeyd olunan məbləğdə borcu yaranmazdı. Həmçinin o, ikinci dəfə ailə qurduğu üçün aliment borcunun ödənilməsi üçün təkid etməməklə, Şəxs kifayət qədər vaxt vermişdir. Odur ki, Namiq Qurbanov barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Şabran Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(031)-1711/2016 saylı icra sənədi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 01 noyabr 2016-cı il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, bu barədə borclu Şəxs bildiriş ünvanlanmış, habelə sonuncu bildirişi imzalamaqla qəbul etmişdir. İş materiallarında olan Siyəzən rayon icra və probasiya şöbəsinin 08 yanvar 2025-ci il tarixli borclunun axtarışı haqqında qərarının, Siyəzən rayon Polis Şöbəsinin 15 oktyabr 2025-ci il tarixli, 3-13-106/2-12450/2025 saylı məktubunun və Siyəzən rayon Polis Şöbəsinə gətirilənlərin qeydiyyat kitabından çıxarışdan görünür ki, axtarışda olan Şəxs 14 oktyabr 2025-ci il tarixdə, saat 18:50-də RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmiş, habelə 15 oktyabr 2025ci il tarixdə isə Siyəzən rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatları ilə yanaşı işin digər materialları ilə tam şəkildə təsdiqini tapmış, məhkəmə iclasında onun tərəfindən borcunun üzrlü səbəbdən icra olunmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 11 aprel 2010-cu il təvəllüdlü Banu adında bir yetkinlik yaşına çatmayan olmaqla 04 aprel 2013-cü il təvəllüdlü Eyvaz adında bir azyaşlı uşağı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən onun məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halın mövcudluğunu, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin 17200 manat borcunun olduğunu nəzərə alaraq ona İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiqinin onun maddi məsuliyyətini daha da artıracağını nəzərə alaraq, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd edirəm ki, Şəxs 14 oktyabr 2025-ci il tarixdə, saat 18:50-də faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla 15 gün müddətində inzibati həbs tətbiq edilməli, həbs etmənin əvvəli tutulduğu 14 oktyabr 2025-ci il tarixdən saat 18:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından həbsə alınsın. Həbs etmənin əvvəli 14 oktyabr 2025-ci il tarixdən saat 18:50-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-562/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-562/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver