Məhkəmə qərarları › İş №3(059)-567/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-567/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-567/2025 30.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 20 sentyabr 2025-ci il tarixli, EQ seriyalı, 28925825 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏNETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 20 sentyabr 2025-ci il tarixli, EQ seriyalı, 28925825 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və hesablanmış 1200 manat məbləğində cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında “MAN TGX 18.440 YÜK” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il, 16 dekabr tarixli, 394 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ tərəfindən ESİT PWİ tipli, Türkiyə istehsalı, ÖVY0000531/24, xx.xx.2024-cü il tarixli tərəzi avtomobil sertifikatı almışdır. Təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada qablaşdırılmalıdır. Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olmasını bilir. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə cərimələrdən də xəbəri var. Ona görə də normativlərə uyğun yük daşımaqla bərabər normativin 40000 kiloqram olması ona bildirilmişdir. xx.xx.2025-ci il tarixdə Bakı istiqamətinə yuxarıda qeyd etdiyi nəqliyyat vasitəsi ilə qırmadaş apararkən idarə etdiyi avtomobilin çəkisi 39,820 ton olmuş, habelə bu barədə ona 95389 saylı, xx.xx.2025-ci il tarixli tərəzi qəbzi təqdim edilmişdir. Lakin Xızı rayonu, Giləzi kəndində DİN BDYPİ X8 ilə düşən radara əsasən idarə etdiyi avtomobilin çəkisi 43100 ton çəki qeyd olunmuş və Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 29 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28925825 saylı protokol tərtib edilmişdir. Yuxarıda qeyd olunan DİN BDYPİ X5 çəkilişinin hansısa səbəbdən yanlış qeyd olunmasını nəzərə alıb, protokolun ləğv edilməsi və adına yazılmış cərimənin silinməsi barədə sərəncam verilməsini xahiş etmiş, habelə xx.xx.2025-ci il tarixli 3-27/103/2-Ş-9830/1- 28/2025/13695 saylı cavab məktubu ilə ona, elektron tərəzilər müvafiq qaydada yoxlanılması və “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə” alınması bildirilmişdir. Avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadəsində olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri” ilə müəyyən edilmiş hədləri aşmamalıdır. Siyəzən Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28925825 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş, habelə məhkəmənin 29 iyul 2025-ci il tarixli, 3(059)- 415/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin 29 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28925825 qərar ləğv edilmiş və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə) göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, 3-xx-xx/10859/25 saylı cavab məktubu ilə ona xx.xx.2025-ci il tarixli, 16/1-161134 saylı inzibati xəta haqqında iş üzrə qərarını göndərmiş, həmçinin həmin qərara əsasən İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bununla yanaşı, yaxın zamanda o və onun kimi çoxlu sayda sürücü üçün əsassız olaraq yenidən inzibati xəta törətməsinə görə inzibati tənbeh tətbiq edilmiş və əsassız cərimələr yazılmış, habelə kütləvi şikayət etdikdən sonra həmin cərimələr Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən silinmişdir. Həmçinin analoji hadisə üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılmış xx.xx.2025-ci il tarixli, 3(007)-4084/2025 saylı qərarı ilə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xətam verilmişdir. Hesab edir ki, bununla da belə qənaətə gəlmək olur ki, Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi tam əsassızdır və ləğv edilməlidir. Odur ki, şikayət təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsini müdafiə edərək, ona eyni məzmunlu izahat verməklə izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinə etdiyi şikayəti qismən təmin edilməklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin 29 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28925825 qərar ləğv edilmiş və iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Lakin, bütün sübutlarını təqdim etməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi qərarını ləğv etməyərək, onun 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilməsi barədə qərar qəbul etmişdir. Bununla belə, şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayətçinin izahatını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 95389 nömrəli tərəzi qəbzindən görünür ki, **-RQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 29 iyun 2025-ci il tarixdə tara çəkisi 13320 kiloqram, netto çəkisi 26500 kiloqram olmaqla, burutto çəkisinin 39820 kiloqram olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiihnisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” X10 “ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY0000531/24 saylı şəhadətnaməsinin surətindən görünür ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “ X11 5 №-li Yol İstismarı” MMC-yə məxsus ESİT PWİ tipli ölçmə vasitəsinin son yoxlama tarixi 23 avqust 2024-cü il olmaqla, 23 avqust 2025-ci il tarixədək istifadə oluna bilər. İş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 3(059)-415/2025 saylı qərarından görünür ki, X1nun şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin 29 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28925825 qərar ləğv edilmiş və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə) göndərilmişdir. İş materiallarına əlavə edilmiş Baş X12 İdarəsinin rəis müavini Elçin Xasiyevin 10 sentyabr 2025-ci il tarixli, 16/1-161134 nömrəli qərarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli qərarına əsasən Kamram Mütəllibov barəsində olan inzibati xəta haqqında işə yenidən baxılan zaman sonuncu tərəfindən İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində təkrar törətməsi aşkar edilmiş, habelə İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X3 barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən 20 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş EQ seriyalı, 28925825 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X3 29 iyun 2025-ci il tarixdə, saat 21:08də “MAN TGX18.440 YÜK” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xızı rayonun Giləzi kəndi ərazisindən keçən Bakı-Quba yolunun 65.1-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını bir il ərzində təkrar pozduğuna görə İXM-in 353.5-ci maddəsi ilə təqsirli bilinib 1200 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X8nə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 52-ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarının ümumi müddəalarının 3-cü bəndinə əlavə edilmiş 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya malik olan avtomobilin ümumi kütləsi 40 ton həddi aşmamalıdır. Məhkəmə iş materiallarını və yuxarıda göstərilən qanunvericilik normalarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, işin araşdırılan hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 29 iyun 2025-ci il tarixdə, saat 21:08-də “MAN TGX18.440 YÜK” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xızı rayonun Giləzi kəndi ərazisindən keçən Bakı-Quba yolunun 65.1-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən 40 ton kütlə parametrlərini 3100 kq aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozmuş və bu hal 9835A nömrəli, ölçmə vasitələrinin yoxlanılması haqqında qüvvədə olan şəhadətnaməsi olan hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsilə qeydə alınmış və həmin məlumatlar foto və videoçəkilişi ilə birlikdə DİN BDYP İdarəsinin elektron sisteminə inteqrasiya edilmişdir. Bundan sonra, Kamran Mütəllibov sözügedən qərardan məhkəməyə şikayət edərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 3(059)-415/2025 saylı qərarından görünür ki, X1nun şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin 29 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28925825 qərar ləğv edilmiş və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə) göndərilmişdir. Baş X12 İdarəsinin rəis müavini Elçin Xasiyevin 10 sentyabr 2025-ci il tarixli, 16/1-161134 nömrəli qərarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli qərarına əsasən Kamram Mütəllibov barəsində olan inzibati xəta haqqında işə yenidən baxılan zaman sonuncu tərəfindən İXMnin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində təkrar törətməsi aşkar edilmiş, habelə İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X3 barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət müəyyən edilməsi göstərilmişdir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. İşin araşdırılan hallarından müəyyən edilir ki, X3 tərəfindən İXM ilə yol verilən 5 faiz artıq yük kütləsi il ərzində təkrarən aşılmış və onun çəkisi 43100 kq olmaqla, İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Məhkəmə qeyd edir ki, şikayət verən şəxsin şikayətində irəli sürdüyü dəlillər subyektiv mülahizələrinə əsaslanmaqla onun tərəfindən dəlillərini təsdiq edən hər hansı mötəbər sübut yenidən araşdırma aparılan zamanı nə inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir. Bununla belə iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 20 sentyabr 2025-ci il tarixli, EQ seriyalı, 28925825 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1nun göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin 20 sentyabr 2025-ci il tarixli, EQ seriyalı, 28925825 saylı qərarının ləğv edilməsi barədə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 tərəfindən verilmiş şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar