Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-57/2023 19.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Hüquqi ünvanı Siyəzən rayonu, Böyük Həmyə kəndi olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 483cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda ixrac edilən yüklərin müqabilində bəyannamələr üzrə köçürülməli olan 950,72 ABŞ dolları (1616,22 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Buna görə də, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 07 mart 2023-cü il tarixli, 01400-01699/23 nömrəli protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs MMC tərəfindən İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə olunmuş mötəbər sənədlərdən görünür ki, Şəxs MMC-nin 2022-ci ilin aprel ayında Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi müxtəlif “üzüm tingləri” məhsullarının Rusiya Federasiyasına 2 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 27265 ABŞ dolları dəyərindəki (46350,50 manat) yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürülmədiyi qeyd olunsa da, Gömrük Prosedurları və Ödənişləri şöbəsinin Dövlət Gömrük Komitəsinin “VAİS” sistemindən əldə etdiyi məlumata əsasən 13 aprel 2022-ci il tarixli, **********7996 saylı gömrük bəyannaməsi üzrə 950,72 ABŞ dolları (1616,22 manat) məbləğində vəsaitin MMC tərəfindən müvəkkil olunmuş bank hesabına köçürülmədiyi öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına; görə məsuliyyəti müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər tərəfindən idxalixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, o cümlədən Qaydalarla tənzimlənir. Qeyd edilməlidir ki, ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı bir neçə dəyişiklik edilmişdir. Belə ki, yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, 1) “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. 2) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. 3) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 07 mart 2023-cü il tarixli, 01400-01699/23 nömrəli inzibati xəta haqqında protokol konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində 13 aprel 2022-ci il tarixli bəyannamə üzrə köçürülməli olan 950,72 ABŞ dolları (1616,22 manat) məbləğində vəsaitin MMC tərəfindən Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsinin təmin edilməməsini nəzərdə tutur. Məsələyə yuxarıda təsvir edilən qaydada hüquqi qiymət verildikdə, MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində, yəni ən gec halda 13 oktyabr 2022-ci il tarixə kimi təmin olunmalı idi və bu səbəbdən növbəti gün, yəni 14 oktyabr 2022ci il artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Odur ki, Şəxs MMC İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs MMC-yə İXM-nin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan valyuta vəsaiti məbləğinin, yəni 950,72 ABŞ dolları məbləğinin 30 (otuz) % (faiz)-i, yəni 285,22 ABŞ dolları (iki yüz səksən beş ABŞ dolları, iyirmi iki sent) (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-57/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-57/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver