Məhkəmə qərarları › İş №3(059)-60/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-60/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-60/2021 05.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, Xətai küçəsi, ev 12 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206cı və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 17:30 radələrində Siyəzən şəhəri, Xətai küçəsi, 12 ünvanında ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının rayon Polis Şöbəsinə getməklə bağlı təklifindən imtina edərək yayınmış, habelə polisin qanuni tələbinə qəsdən tabe olmayıb, hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Bundan başqa, o, xx xxxx 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Şamaxinka deyilən ərazidə narkotik vasitə olan kokosdan istifadə etmiş, sonra, xx xxxx 2021-ci il tarixdə, saat 17:30 radələrində Siyəzən şəhəri, Xətai küçəsi, ev 12 ünvanında olarkən faktiki nikah münasibətlərində olduğu arvadı Ruxsarə Məmmədovanın şikayəti əsasında qaçarkən saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan kokosdan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən xx xxxx 2021-ci il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(059)-60/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-60/2021 saylı və 3(059)- 61/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-60/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, xx xxxx 2021-ci il tarixdə icraatına Siyəzən RPŞ-nin Təhqiqat Qrupundan daxil olmuş raportda Siyəzən şəhəri, Xətai küçəsi, 12 ünvanında yaşayan Şəxs faktiki nikah münasibətlərində olduğu arvadı Ruxsarə Məmmədovanı cib bıçağı ilə boynundan vuraraq xəsarət yetirməsi və onun izahatının alınması zərurətinin olduğu bildirilmişdir. Bu məqsədlə polis serjantları Qoxmaz Sultanov və Cavid Hidayətovla birlikdə Şəxs yaşadığı ünvana getmişlər. xx xxxx 2021-ci il tarixdə, saat 17:30 radələrində Siyəzən şəhəri, Xətai küçəsi, 12 ünvanında olarkən o, Şəxs evinin qapısını döymüş və ona həmin ərazidə xidmət aparan polis sahə rəisi olduğunu, faktiki nikah münasibətlərində olduğu arvadına xəsarət yetirməsi ilə bağlı təhqiqat qrupunda izahat verməsinin zəruriliyini izah etsə də, Şəxs izahat verməyəcəyini bildirib, ondan getməsini təkidlə tələb edərək, ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman o və digər polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu onların bu tələbini yerinə yetirməmiş, habelə tabesizlik göstərərək, yaşadığı evin qapısını üzünə bağlamışdır. Bundan sonra, həmin yaşayış evinin çölündə onu gözləyən polis serjantları Qorxmaz Sultanov və X4 Quliyev evin digər pəncərəsindən qaz borusunun üstü ilə qaçmağa cəhd edən zaman sonuncunu saxlamağa nail olmuşlar. Daha sonra, Siyəzən RPŞ-yə aparılmış Şəxs orada olarkən özünü şübhəli apardığı üçün sərxoş olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan kokosdan istifadə etməsi aşkar edilmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, o, xeyli müddət olar, narkotik vasitə marixuana və kokosdan istifadə edir. Sonuncu dəfə xx xxxx 2021-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Şamaxinka deyilən ərazidə həmin gün tanış olduğu, lakin adını soruşmadığı bir nəfər şəxslə sonuncudan elə orada əvəzsiz əldə etdiyi narkotik vasitə olan kokosu qəbul etmiş və bundan sonra, yol maşını ilə yaşadığı Siyəzən şəhəri, Xətai küçəsi, 12 ünvanına qayıtmışdır. Daha sonra, xx xxxx 2021-ci il tarixdə, saat 17:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları onun yaşadığı ünvana gəlmiş və qapını döyən ərazinin polis sahə rəisi Şakir Abdullayev faktiki nikah münasibətlərində olduğu arvadı Ruxsarə Məmmədovanın xx xxxxxx 2021-ci il tarixli şikayət ərizəsi əsasında RPŞ-yə izahat verməsi üçün dəvət olunduğunu bildirmişdir. Bu zaman orada polis serjantları Qorxmaz Sultanov və Cavid Hidayətov da olmuşdur. Bundan sonra, o, polis əməkdaşının bu fikrini narazılıqla qarşılamış, habelə onlarla heç bir yerə getməyəcəyini bildirib, yaşadığı evin qapısını Şakir Abdullayevin üzünə bağlamışdır. Bundan bir qədər sonra, yaşadığı evin digər pəncərəsindən qaz borusunun üstü ilə qaçmağa cəhd etsə də, ərazini müşahidəyə götürmüş polis serjantları Qorxmaz Sultanov və Cavid Hidayətov onun qaçmasının qarşısını almış, habelə onu saxlayaraq Siyəzən RPŞ-yə gətirmişlər. RPŞ-də özünü şübhəli apardığı üçün sərxoş olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan kokosdan istifadə etməsi aşkar edilmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədinin nəzərə alınmasını xahiş edir. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 17:30 radələrində Siyəzən şəhəri, Xətai küçəsi, 12 ünvanında ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının rayon Polis Şöbəsinə getməklə bağlı təklifindən imtina edərək yayınmış, habelə polisin qanuni tələbinə qəsdən tabe olmayıb, hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Bundan başqa, o, xx xxxx 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Şamaxinka deyilən ərazidə narkotik vasitə olan kokosdan istifadə etmiş, sonra, xx xxxx 2021-ci il tarixdə, saat 17:30 radələrində Siyəzən şəhəri, Xətai küçəsi, ev 12 ünvanında olarkən faktiki nikah münasibətlərində olduğu arvadı Ruxsarə Məmmədovanın şikayəti əsasında qaçarkən saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan kokosdan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxx 2021-ci il tarixli, A/158 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun kokosdan istifadə etməsi aşkar edilmişdir. İşdə olan Şəxs tərəfindən tərtib edilmiş vəsatətdən görünür ki, o, barəsində İXM-nin 206-cı maddəsi ilə toplanmış materiala Siyəzən Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci, eləcə də 206cı maddələri ilə nəzərdə tutulmuş eyni xətaları inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin müvafiq olaraq xx xxxx 2020-ci il tarixli, 3(059)-45/2020 saylı və xx xxxxxx 2020-ci il tarixli, 3(059)-147/2020 saylı qərarları qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər də idarəçilik qaydaları əleyhinə və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xəta törətməklə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək niyyətinin olmamasını, onun törətdiyi xəta əməllərində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini, eləcə də idarəçilik qaydalarını təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamahzorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, onun İXM-nin 206 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 17:30 radələrində saxlanılaraq, elə həmin gün 20:00-da inzibati qaydada tutulmuş və ondan sonra faktiki olaraq azad edilməmişdir ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 17.30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar