Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-612/2025 04.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Siyəzən rayonunun Kiçik Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin Fizuli küçəsindəki 52 saylı evdə yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 01 yanvar 2025-ci il tarixdə, saat 17:00 radələrində qeydiyyatda olduğu Siyəzən şəhərinin Xətai küçəsindəki 59 saylı evin sanuzelində narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, bundan sonra, 08 yanvar 2025-ci il tarixdə, saat 22:00 radələrində Siyəzən şəhərinin Xətai küçəsində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinə zamanı onun sidiyində narkotik vasitə qurudulmuş marixuanadan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 03 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 30 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa, 03 noyabr 2025-ci il tarixdə Şəxs izahatı alınmış, habelə sonuncu əməlini etiraf edərək, peşmançılıq hissi keçirməsini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 01 yanvar 2025-ci il tarixdə, saat 15-16:00 radələrində Siyəzən şəhərinin Xətai küçəsi ilə hərəkətdə olarkən yerdə, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofanı görüb götürmüş və bu vasitəni istifadə etmək qərarına gəlmişdir. Bundan sonra, eyni tarixdə, saat 17:00 radələrində qeydiyyatda olduğu Siyəzən şəhərinin Xətai küçəsindəki 59 saylı evdə olarkən, həmin evin sanuzelində tapmış olduğu narkotik vasitə qurudulmuş marixuanan bir qismindən çəkmək yolu ilə istifadə etməklə, qalan hissəsini bayıra atmışdır. Beləliklə, 08 yanvar 2025-ci il tarixdə, saat 22:00 radələrində Siyəzən şəhərinin Xətai küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib, onu Siyəzən RPŞ-yə dəvət etmişlər. Bundan sonra, polis əməkdaşları tərəfindən rayon Polis Şöbəsinə aparılmış, habelə orada növbətçi hissədə üzərində şəxsi axtarış keçirilsə də, qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra o, analiz götürülməsi üçün Sumqayıt şəhərinə, müvafiq ekspertizaya aparılmış, habelə təxminən 3-4 saat sonra sərbəst buraxılmışdır. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 01 yanvar 2025-ci il tarixdə, saat 17:00 radələrində qeydiyyatda olduğu Siyəzən şəhərinin Xətai küçəsindəki 59 saylı evin sanuzelində narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, bundan sonra, 08 yanvar 2025-ci il tarixdə, saat 22:00 radələrində Siyəzən şəhərinin Xətai küçəsində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinə zamanı onun sidiyində narkotik vasitə qurudulmuş marixuanadan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan 30 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün sözügedən qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 Ekspert komissiyası tərəfindən 17 yanvar 2025-ci il tarixdə verilmiş 268 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Şəxs psixostimulyatorlardan və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 09 yanvar 2025-ci il tarixli, A/82 nömrəli tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs sidiyindən onun marixuanadan istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 28 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs yerini müəyyən etmək mümkün olmadığına görə inzibati xəta haqqında iş üzrə icraat həmin tarixdən dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında 03 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs olduğu yer müəyyən olunaraq, RPŞyə gətirildiyindən onun barəsində icraatı dayandırılmış inzibati iş üzrə icraat təzələnmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Bu Məcəllənin 38-ci maddəsinin İİİ və V hissələrinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İşin faktiki hallarından da göründüyü kimi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan inzibati xəta haqqında iş üzrə araşdırma 30 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın əsasında aparılmış, habelə material üzrə icraat 28 fevral 2025-ci il tarixdə dayandırılsa da, 03 noyabr 2025-ci il tarixdə təzələnmişdir. Bu mənada qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün 3 aylıq müddət ötürülməmiş, inzibati xəta haqqında protokol həmin müddət daxilində tərtib edilməklə, məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən də, hazırkı material üzrə inzibati xəta haqqında qanunvericiliklə müəyyən edilmiş 3 aylıq müddət ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 76.1-ci maddəsinə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi, gənc yaşda olmaqla, ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Sözügedən Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bundan başqa, Şəxs 08 yanvar 2025-ci il tarixdə, saat 22:13 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi tutulmuş, habelə təxminən 3-4 saat sonra sərbəst buraxılmışdır. Eyni zamanda qeyd edirəm ki, Şəxs 03 noyabr 2025-ci il tarixdə, saat 19:20-də inzibati qaydada tutulmuş və bundan sonra faktiki olaraq azad olunmamışdır. Hazırda, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs haqqında tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmçinin, Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 55, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-612/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-612/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver