Məhkəmə qərarları › İş №3(059)-624/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-624/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-624/2025 17.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də operator işləyən, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs 01 aprel 2025-ci il tarixdə, saat 01:40 radələrində Siyəzən rayonunun Zarat kəndində şübhəli şəxs qismində saxlanılaraq, üstü yoxlanılan zaman üzərindən 01 ədəd bir millik şprisdə 0,8 millik həcimdə olmaqla, məhlul halında narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən 17 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsindən daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında hazırki protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Həmçinin, 01 aprel 2025-ci il tarixdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Şəxs şübhəli şəxs qismində saxlanılmış, habelə sonuncunun üzərində narkotik vasitə aşkar edilmişdir. Eyni zamanda, Şəxs olduğu yer müəyyən edilmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraat dayandırılsa da, sonuncunun olduğu yer müəyyən edildikdən sonra, 17 noyabr 2025-ci il tarixli qərarla iş üzrə icraat təzələnməklə bərabər birinci məhkəməyə gətirilmişdir. Bundan başqa, Şəxs barəsində hansı inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, hazırda Quba rayonunun ərazisində yerləşən yanacaq doldurma məntəqəsində operator işləsə də, buna qədər “pirin altı” adlanan ərazidə kababçı işləmişdir. Beləliklə, 01 aprel 2025-ci il tarixdə “pirin altı” adlanan ərazidə olan zaman siqaret almaq məqsədi ilə mağazaya getmiş, habelə bu zaman yerdə olmaqla içərisində məhlul halında narkotik vasitə heroin olan siqaret qutusunu tapıb, özü ilə götürərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra, hazırki işi ilə bağlı Quba rayonuna getmiş, həmçinin azyaşlı övladı xəstə olması səbəbindən barəsində hansı tədbir görülməsi ilə maraqlanmamışdır. Odur ki, himayəsində iki azyaşlı övladının olmasının, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan 01 aprel 2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, həmin tarixdə, saat 01:40-dan 01:49-dək olan müddət ərzində Siyəzən rayonunun Zarat kəndi ərazisində, Nəqliyyat Departamentinin tərəzisinin yaxınlığında Şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncu təklif əsasında əynində olan qırmızı rəngli uzunqol gödəkcənin sağ yan cibindən 01 ədəd şprisin içərisindən qəhvəyi rəngli maye halında kütlə təqdim etmiş, habelə bu kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 28 aprel 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun haqqında Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün sözügedən qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərarın surətindən görünür ki, Şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilmiş 01 ədəd bir millik şprisdə 0,8 millilik həcimdə olmaqla, məhlul halında narkotik vasitə olan heroin saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizasının 01 aprel 2025-ci il tarixli, 20/157 nömrəli rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikası “Zərflər üçün № 96” möhür əksi, “Şəxs üzərindən aşkar edilmiş bir ədəd şpris; 1) /imza/ “Yəhyayev.A; 2) /imza/ Heybətov.V; 3) /imza/ H.Əliyev; /imza/ A.Soltanov; /imza/ İ.Zəkiyev əl yazıları olan zərfdəki 01 ədəd 1 millik şprisdə 0,8 millik həcmində məhlul-heroin məhluludur və heroin məhlulunun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,8 qramdır. Tədqiqata 0, 2 qram marixuana sərf edildikdən sonra narkotik vasitə heroin məhlulunun qalıq çəkisi 0,06 qram təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəməbioloji ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 Ekspert komissiyası tərəfindən 02 aprel 2025-ci il tarixdə verilmiş 1793 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 01 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 01:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 aprel 2025-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Şəxs həmin tarixdə, saat 01:00 radələrində azad edilərək barəsində şübhəli şəxs statusuna xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-də operator işləyən Şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü Zəhra və xx.xx.2025-ci il təvəllüdlü Həyat adında iki azyaşlı övladı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq hissi keçirməsi, əmək fəaliyyəti ilə məşğul olması və himayəsində iki azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 01 aprel 2025-ci il tarixdə, saat 01:40-dan şübhəli şəxs qismində tutulmuş, daha sonra,02 aprel 2025-ci il tarixdə, saat 01:00-da azad olunmuşdur. Hazırda, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Qeyd olunan maddənin məzmunundan müəyyən edilir ki, məcburi müalicə inzibati həbs nəzərdə tutulan inzibati xətalara münasibətdə təyin olunur. İXM-nin 206-cı maddəsinin sanksiyasında həm inzibati həbs, həm də inzibati cərimə nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən Şəxs aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,6 ml olan, maddi sübut sayılan məhlul halında narkotik vasitə heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məhkəmə xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 55, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri təyin olunsun. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs götürülmüş, qalıq çəkisi 0,6 ml olan, maddi sübut sayılan məhlul halında narkotik vasitə heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Şəxs üzərinə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın və idarə etdiyi avtomobilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, araşdırma materiallarına əlavə edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar