Məhkəmə qərarları › İş №3(059)-626/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-626/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-626/2025 03.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d im: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 22 may 2025-ci il tarixdə, saat 14:50 radələrində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən 79-cu kilometrliyində Şəxs idarə etdiyi “VAZ 21070” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, sürücünün idarə etməni itirməsi nəticəsində, nəqliyyat vasitəsi beton sədlərə dəymiş, nəticədə, sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri almışdırr. Bu barədə Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayının İ Tağımının polis baş serjantı Ruslan Ramiz oğlu tərəfindən 14 noyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 05 yanvar 2022-ci il tarixdən “B1, B, C1, C” kateqoriyalı sürücülük hüququna malik olmaqla, 08 aprel 2022-ci il tarixdən özünə məxsus “VAZ 21070” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşını hadisə baş verən tarixədək idarə etmişdir. Bundan başqa o, Qanuni nümayəndə ilə evli olmaqla, sonuncu ilə birgə nikahdan İlkin və Aysu adlı övladları doğulmuşdur. Belə ki, o, 22 may 2025-ci il tarixdə, günorta saatlarında arvadı Rəvanə, eləcə də övladları İlkin və Aysu ilə birlikdə Sumqayıt şəhərində yaşayan bacısı Şəhla Əkbərovanın evinə qonaq getmək məqsədilə yaşadıqları Siyəzən şəhərinin Əliağa Vahid küçəsindəki 149 saylı evdən çıxmışdır. Bundan sonra, o, ailə üzvləri ilə birlikdə yola çıxmaq üçün “VAZ 21070” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, habelə həmin vaxt avtomobildə arvadı Rəvanə ön sağ, qızı Aysu arxa sağ, oğlu İlkin isə arxa sol sərnişin oturacaqlarında əyləşmişlər. Daha sonra, həmin tarixdə, saat 14:50 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən 79-cu kilometrliyində Bakı istiqamətində yolun sağ zolağı ilə 90km/saat həddində hərəkətdə olarkən, qarşıda olan avtomobilləri ötmək üçün sol tərəfə dönmə işığını yandırıb eyni istiqamətə manevr etmiş və idarəetməni itirmişdir. Nəticədə, avtomobilin ön sol hissəsi yol kənarında olan beton sədlərə dəymiş və fırlanaraq, arxa sağ hissəsi də, digər sözügedən sədlər ilə toqquşmuşdur. Beləliklə, hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən arvadı Qanuni nümayəndə az ağır, oğlu İlkin ağır, qızı Aysu isə yüngül bədən xəsarətləri almışlar. Daha sonra, hadisə yerinə polis əməkdaşları və X4 Tibbi Yardım Xidmətinin əməkdaşları gəlmiş, habelə zərərçəkmiş şəxsləri Siyəzən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həmçinin, o spirtli içkilərdən istifadə etməməklə, yanaşı hadisə zamanı avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, eləcə də, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan, Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin Yol- Patrul Xidməti Alayına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, Alay nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə 03 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, Şəxs ilə barışdıqlarını, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, sonuncunun qanuni nümayəndəsinin, eləcə də inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 28 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödənildiyindən, eləcə də sonuncuların ona qarşı heç bir şikayət və tələbləri olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti Azərbaycan Respublikasının DİN-in BDYPİ-nin YPXAna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ/1 Sumqayıt Asan xidmət mərkəzi tərəfindən 05 yanvar 2022-ci il tarixdə verilmiş BC seriyalı, 013360 nömrəli sürücülük vəsiqəsinin, Sumqayıt RQİ və TBŞ tərəfindən 08 aprel 2022-ci il tarixdə verilmiş, BD seriyalı, 208321 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, “VAZ 21070” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın Şəxs məxsusdur və sonuncu 05 yanvar 2022-ci il tarixdən 05 yanvar 2032-ci il tarixədək etibarlılıq müddəti olan “B1, B, C1, C” kateqoriyalı sürücülük hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 məhkəmə-kimyəvi ekspertizasının 10 iyun 2025-ci il tarixli, 1962/K saylı rəyindən görünür ki, Şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 02 iyun 2025-ci il tarixli, 97 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində baş beyin silkələnməsi, başın alın nahiyəsinin, göz qapağının, gözyuvası yanı nahiyənin əziyi, sol çiyin qurşağının və kürək nahiyəsinin sıyrılmış yaraları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 22 may 2025-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Sözügedən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müraciəti əsasında qəbul edilmiş Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin həm az ağır zərər, həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi həmin Məcəllənin 9.1-ci maddəsində ifadə olunan ümumhüquqi ədalətlilik prinsipinin pozulması kimi qəbul edilməlidir. Şəxsin əməlinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi və İXM-in 327.8-ci maddəsi ilə tövsifi zamanı göstərilən cinayət əməlinin obyektiv tərəfinin və inzibati xətanın eyni əlamətləri iki dəfə nəzərə alınır. Bu səbəbdən göstərilən şəxsin eyni zamanda həm İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə, həm də Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi non bis in idem prinsipi baxımından yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu cür hüquqi tənzimetmə nəticə etibarilə Konstitusiyanın 64-cü maddəsinin tələblərinin pozulmasının qarşısının alınmasına yönəlmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsində nəzərdə tutulmuş əsasla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məsələsinin həlli zamanı cinayət işinin başlanması haqqında qərar qəbul edilərkən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsi ilə tövsif edilməsi üçün şəxs tərəfindən törədilmiş hüquqazidd əməlin hansı əsas əlamətlərinin nəzərə alınıbalınmamasını, onlardan hər hansı birinin inzibati xəta haqqında iş üzrə icraata başlanarkən şəxsin hərəkətlərinin tövsifinin əsasında duran əlamətlərlə üst-üstə düşüb-düşməməsini müəyyən etmək lazımdır. Hazırkı işin hallarından görünür ki, şəxsin barəsində cinayət təqibinin başlanması üçün nəzərə alınmış əlamətlər, cinayət təqibinə xitam verildikdən sonra onun barəsində inzibati icraatın açılması üçün nəzərə alınmış əlamətlərlə üst-üstə düşür. Çünki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəxsin yenidən inzibati məsuliyyətə cəlb edilməsi ədalət prinsipinin pozulması ilə nəticələnər və yol verilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sözügedən Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında göstərmiş olduğu hüquqi mövqeyə uyğun olaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun inzibati məsuliyyətə cəlb edilməsi, həmin Məcəllənin 9.1-ci maddəsində ifadə olunan ümum hüquqi ədalətlilik prinsipinin pozulması ilə nəticələnəcəyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar