Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-64/2021 09.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 iştirakları ilə xx xxxxxx 1971-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən e t d i m: Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində Bakı-Quba yolunun Siyəzən rayonunun inzibati ərazisindən keçən 105-ci kilometrliyində yerləşən balıq bazarında oğlu Rahid Cavadova qarşı əvvəlcə ünvanlı, sonra isə ünvansız nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda, qeyd olunan ərazidə 1 nömrəli tədbirlə əlaqədar xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının onlarla birlikdə Siyəzən RPŞ-yə getmək təklifinə məhəl qoymayaraq, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən xx xxxx 2021-ci il tarixdə MN seriyalı, ******* saylı və MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(059)-64/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-64/2021 saylı və 3(059)- 65/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-64/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş raport icraatına daxil olmuş və həmin raportla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərəfindən materiallar toplanmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 510-cu və 535.1-ci maddələrinin tərkibi olduğundan protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Bundan əlavə, o, da xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində 1 nömrəli tədbirlə əlaqədar xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən 105-ci kilometrliyində yerləşən balıq bazarında postda olmuş, bu zaman Şəxs əvvəlcə oğlu Rahid Cavadovun ünvanına, daha sonra isə ünvansız nalayiq ifadələr işlətdiyini görüb, eşitmiş, hətta həmin məqamda Şəxs RPŞ-nin PPXT-nin taqım komandiri Hacı Əsgərov təxminən 25-30 metr məsafədən nizam-intizama dəvət etməklə, sakitləşməsini tələb etməsinə, habelə mübahisəni yoluna qoymaq məqsədilə özünün Şəxsla profilaktik söhbət aparmasına, onlara işlərini görməsinə mane olmamasını xahiş etmələrinə baxmayaraq, sonuncu öz hərəkətlərinə davam etmiş, bu vaxt 1 nömrəli tədbirlə əlaqədar xüsusi mühafizə olunan avtomobillər artıq əraziyə yaxınlaşdığından oranın təhlükəsizliyini təmin etmək, nizam-intizamı bərpa etmək üçün məcburiyyətdən radiostansiya vasitəsilə əraziyə əlavə PPXT əməkdaşları dəvət olunmuşdur. Əraziyə gəlmiş əlavə polis qüvvələri ilə məsələnin aydınlaşdırılması, eləcə də Şəxs sakitləşdirilməsi üçün sonuncuya PPXT-nin patrul avtomobilinə əyləşməsi təklif edilmiş, o, isə təkidlə bundan imtina etdikdə, RPŞ-yə dəvət edilmişdir. Şəxs onların bu qanuni tələblərinə də məhəl qoymayaraq kəskin şəkildə RPŞ-yə də getməkdən imtina etdikdə, ərazidə olan PPXT-nin əməkdaşları Şəxs məcburi şəkildə patrul avtomaşınına əyləşdirib, RPŞ-yə aparmışlar. Bu hadisədən təxminən 30 dəqiqə sonra 1 nömrəli tədbir başa çatmış, habelə xüsusi mühafizə olunan avtomobillər ərazidən keçmişlər. Daha sonra, o, Siyəzən RPŞ-də Şəxs barəsində sözügedən protokolları tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilsə də, 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Bakı-Quba yolunun Siyəzən rayonunun inzibati ərazisindən keçən 105-ci kilometrliyində yerləşən balıq bazarında balıq satışı ilə məşğul olmaqla, İİ qrup əlil olduğu üçün aradabir oğlu Rahid Cavadov da bu işdə ona köməklik edir. xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları ora gəlmiş, habelə 1 nömrəli tədbirin olması barədə ərazidə olanları təlimatlandırmışlar. Həmin vaxt onun piştaxtasına aid süpürgəni yerində tapmadığı üçün oğlu Rahid Cavadova əsəbiləşmiş, habelə “bir süpürgə nədir ki, sən onu orada saxlaya bilmirsən. Bir az ayıq ol da” deyə iradını bildirib, əsəbi olduğu üçün nisbətən yüksək səslə oğluna qarşı nalayiq ifadələr işlətmiş, hətta sonuncuya “mən burada çörək qazanıram. Süpürgəni onun-bunun üçün almamışam ki, bu özümüz üçündür” ifadəsini işlətmişdir. Bu zaman adını orada öyrəndiyi Siyəzən RPŞ-nin PPXT-nin taqım komandiri Hacı Əsgərov barmağını silkələyəsilkələyə ona tərəf yaxınlaşarkən uca səslə “səsini kəs, nə anqırırsan, nə qışqırırsan” deyə bildirmişdir. O, isə bu zaman onun heç kimlə, xüsusilə də polis əməkdaşları ilə işinin olmadığını, oğluna iradlarını bildirdiyini, bunun üçün haçandan kimdənsə icazə almalı olduğunu qarşı tərəfə söyləmişdir. Bundan başqa, polis əməkdaşı Hacı Əsgərov orada qadının da olduğunu bildirərək, nalayiq ifadələr işlətməməsini tələb etmiş, o, isə təkrarən oğluna irad tutduğunu, nə onunla, nə də qadınla işinin olmadığını qeyd etdikdə, Hacı Əsgərov ona “bu dəqiqə səni götürüb apararıq, sən ictimai asayişi pozursan, sən camaatı söyürsən. 1 nömrəli tədbirdi” deyə iradını bildirmişdir. Hətta, orada olan polis əməkdaşlarından biri oğlu Rahid Cavadovun yanında “getməsə, bu dəqiqə kəlləsi üstə şöbəyə aparacağıq” kimi ifadə də işlətmiş, oğlu isə bu ifadədən əsəbləşib, həmin polis əməkdaşına “sən kimsən ki, atamı kəlləsi üstə aparasan, sən heç bilirsən ki, mən kiməm? Mən onun oğluyam. Ayıbdır sənin üçün” bildirmişdir. Bu zaman orada olan polis əməkdaşları onu PPXT-nin patrul avtomobilinə əyləşdirmək istəyərkən, o, oturmaq istəməyib, özünün RPŞ-yə şəxsi avtomaşını ilə gələcəyini bildirsə də, polis əməkdaşları onun qolunu burub, zorla patrul avtomobilinə əyləşdirmişlər. O, isə iradını əsəbi halda, kəskin şəkildə bildirib, vətəndaş hüquqlarının polis əməkdaşlarının hüququndan yüksək olduğunu qeyd edərək, hansı səbəbdən onunla belə davranıldığını soruşduqda, polis əməkdaşları ona “biz heç nə bilmirik, sizin kimilərlə ancaq belə rəftar edirik” cavabını vermişlər. Ona olan rəftardan narazı qaldığı, həmçinin əsəbi olduğu üçün hirsini çıxarmaq məqsədilə, RPŞ-yə aparıldığı patrul avtomobilində ünvansız nalayiq ifadələr işlətmişdir. Beləliklə, hər hansı bir qanunsuzluğa, eləcə də qanuna uyğun olmayan hərəkətə yol vermədiyi üçün barəsində tərtib edilmiş protokollarla razı deyildir. O, yalnız oğluna nisbətən yüksək səslə irad bildirmiş, ona qarşı nalayiq ifadələr işlətmiş, heç kiminlə işi olmamışdır. Özü də atasından belə davranış gördüyü üçün oğluna qarşı belə bir hərəkəti etməyi adi hal kimi qəbul edir, çünki ata oğluna irad tuta da, vura da bilər. Hesab edir ki, nisbətən yüksək səslə oğluna irad tutub, ona qarşı nalayiq ifadələr işlətməsi polis əməkdaşlarında qıcıq yaradıb, belə bir vəziyyətin yaranmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin PPXT-nin taqım komandiri X6 izahatında göstərdi ki, xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində 1 nömrəli tədbirlə əlaqədar olaraq xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə o və Siyəzən RPŞ-nin digər əməkdaşları, o cümlədən CAB-ın əməliyyat müvəkkili Akşin Vəliyev, ƏRQ-nun kiçik inspektoru Cavid Hidayətov, həmçinin BDYPİ-nin adlarını və soyadlarını bilmədiyi bir neçə əməkdaşı Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən 105-ci kilometrliyinə avtomagistral yolun kənarında postlara çıxmışlar. Həmin vaxt orada yerləşən balıq bazarında olan 5-10 nəfər satıcı və 20-yə yaxın müştəri də olmuşdur. Xidmət aparan zaman balıq bazarında olan satıcılardan biri, sonradan adının Şəxs olduğunu öyrəndiyi şəxsin uca səslə təmizlik ləvazimatının kim tərəfindən götürülməsini soruşduğunu eşitmiş, habelə sonuncunun balıqçı yoldaşlarından bu barədə maraqlandığını müşahidə etmişdir. Belə ki, o, ərazidə olan şəxsləri 1 nömrəli tədbirlə əlaqədar təlimatlandırmaqla, məşğul olmuş, habelə baş verənləri izləmiş, onlar arasında təxminən 25-30 metr məsafə olmuşdur. Bu zaman Şəxs yüksək səslə ünvansız olaraq ona aid təmizlik ləvazimatını götürənə qarşı nalayiq ifadələr işlətməyə başladıqda, o, ərazidə müştərilərin, qadınların və uşaqların olmasını nəzərə alaraq, ucadan, Şəxs sakitləşməsini, nalayiq ifadələr işlətməməsini bildirmişdir. Bundan sonra, Şəxs yenə də öz hərəkətinə davam etməklə, "Sizə heç bir dəxlisi yoxdur" ifadəsini işlətdikdə, o, ona yaxınlaşaraq özünü təqdim edib, yenə də nizam-intizama dəvət etməyə çalışmış, hərəkətinin düzgün olmadığını qeyd etmiş, lakin, Şəxs ona “özüm bilərəm, oğlumu danlayıram” deyə cavab vermişdir. Belə olan halda, o, Şəxs oğlunu evində tənbeh etməsini bildirdikdə, Şəxs ona qarşı davranışı kəskinləşmiş, bu zaman xidmətdə olan digər polis əməkdaşları onlara yaxınlaşaraq Anara sakit olmasını, ictimai qaydanı pozmamasını, nizam-intizama, 1 nömrəli tədbirlə əlaqədar xidmətə çıxmış şəxslərin normal iş fəaliyyətinə mane olmamağı təklif etmişlər. Lakin, Şəxs onların bu tələbinə məhəl qoymamışdır. Bu zaman o, radiostansiya vasitəsi ilə Fuad Quliyevə avtopatrul ilə onlara yaxınlaşmasını bildirmişdir. Daha sonra, orada olan Siyəzən RPŞ-nin polis sahə rəisi X1 Cavadovu kənara çəkərək sakitləşməsini tələb etməklə, onunla profilaktik söhbət aparsa da, hər hansı bir müsbət nəticə əldə edilməmiş, xüsusi mühafizə olunan avtomobillərin əraziyə yaxınlaşmasına da az müddət qaldığından məcburiyyət qarşısında Şəxs məsələnin aydınlaşdırılması üçün Siyəzən RPŞ-yə dəvət etmişlər. Bu vaxt Şəxs sakitləşmək əvəzinə, daha da aqressivləşərək, kəskin formada onlarla heç bir yerə getməyəcəyini bildirmiş, hətta, avtopatrulun yanında yenə də onlardan çıxıb getmələrini tələb etməyə başlamışdır. Həmin məqamda, onlar Anara avtopatrula əyləşməsini, pozduğu ictimai qaydaya görə barəsində inzibati qaydada protokol yazılacağını bildirdikdə, sonuncu onların sözlərinə məhəl qoymayaraq bir daha rayon Polis Şöbəsinə getməyəcəyini qeyd edərək, onları işdən çıxartdıracağı ilə hədələmiş, habelə “Siz kimsiniz, məni polis şöbəsinə aparırsınız” deyə ifadə bildirmişdir. Bundan sonra, onlar Şəxs avtopatrula əyləşdirmək istəsələr də, sonuncu müqavimət göstərərək, avtomobilə təpik vurmaqla, ünvansız nalayiq ifadələr işlətməyə, onları hədələməyə başlamışdır. Həmçinin, bu hal yol boyu Şəxs Siyəzən RPŞ-yə gətirib təhvil verənə kimi davam etmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid, Siyəzən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili X5 şahid Hacı Əsgərovun izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İşdə olan sənədlərdən, eləcə də hadisəni əks etdirən videogörüntülərdən görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində Bakı-Quba yolunun Siyəzən rayonunun inzibati ərazisindən keçən 105-ci kilometrliyində yerləşən balıq bazarında oğlu Rahid Cavadova qarşı əvvəlcə ünvanlı, sonra isə ünvansız nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda, qeyd olunan ərazidə 1 nömrəli tədbirlə əlaqədar xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının onlarla birlikdə Siyəzən RPŞ-yə getmək təklifinə məhəl qoymayaraq, onların qanuni tələblərinə qəsdən tabe olmamış, hətta, avtopatrul avtomaşınında öz hərəkətlərini davam etdirmiş, nizam-intizama əməl etməmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 14 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx xxxxxxxx 2015-ci il tarixdə verilmiş xxxxxxx0004 məlumatın surətindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan şəxs barədə məlumatlardan görünür ki, görünür ki, Şəxs İİ qrup əlil kimi 258,14 manat sosial müavinət alır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməsə də, yüngülləşdirən hallar kimi onun kifayət qədər yaşının olması və İİ qrup əlil olması nəzərə alınır. İXM-nin 30-cu maddəsinin İİ hissəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən kifayət qədər yaşı olmaqla, İİ qrup əlil olmasını, bununla da, əməlini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin törətdiyi xəta əməlində idarəçilik qaydalarının pozulduğunu, eləcə də bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, habelə, Şəxs İİ qrup əlil olduğundan, o cümlədən bu kateqoriyadan olan şəxslərə inzibati həbs tətbiq edilə bilmədiyindən, onun İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l dım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, ona 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-64/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-64/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver