Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-64/2022 31.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə xx xxx 1969-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(059)-80/2021 saylı icra vərəqəsinə əsasən 5240 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən 31 mart 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(059)-80/2021 saylı icra sənədi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədi qismən, cümlədən 30 dekabr 2021-ci və 18 mart 2022-ci il tarixlərdə hər dəfə 100 manat olmaqla, cəmi 200 manat həcmində icra edilmiş, bundan sonra, sözügedən sənəd üzrsüz səbəbdən icra edilməmiş, habelə borclu borcunun əksər qismini ödəməkdən yayınmışdır. Hətta, borclu 24 dekabr 2021-ci il tarixdə aliment borcunu qısa müddət ərzində tam ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə tələbkara 5240 manat məbləğində borcu yaranmış və bu borcun ödənilməməsi hazırkı vaxtadək davam etmişdir. Eyni zamanda, Şəxs borcunun ödənilməsi istiqamətində hər hansı bir əməli tədbir görmədən, uzun müddət icradan yayındığından barəsində axtarış elan edilmiş, habelə, sonuncu ilk dəfə 24 dekabr 2021-ci il tarixdə axtarışda olan şəxs kimi gətirilib icra və probasiya şöbəsinə təhvil verilmiş, həmin vaxt tələbkar şöbəyə ərizə ilə müraciət edərək, alimentin ödənilməsində borcluya vaxt verilməsini bildirmiş, habelə borclu sözügedən ayın sonuna kimi aliment borcunu tam şəkildə ödəyəcəyinə vəd vermişdir. Bundan sonra, Şəxs öz hüquqazidd hərəkətlərini davam etdirdiyindən onun barəsində 10 mart 2022-ci il tarixdə təkrarən axtarış elan edilmiş, lakin, o, özü rayon icra və probasiya şöbəsinə könüllü gəlmişdir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli icra vərəqəsi üzrə olan 5240 manat məbləğində qalıq aliment borcunu ödəməmişdir. Belə ki, o, uzun müddət işsiz olsa da, son 6 ay olar “X5” MMC-də qeyri-rəsmi ayda 250 manat, sonuncu ay isə 300 manat əmək haqqı müqabilində mühafizəçi işləyir. Bundan əlavə, o, Zərərçəkmiş şəxs xeyrinə 30 dekabr 2021-ci və 18 mart 2022-ci il tarixlərində hər dəfə 100 manat olmaqla, cəmi 200 manat aliment ödənişi etmişdir. Hazırda maddi imkanı ilə bağlı aliment borcunu bir dəfəyə ödəyə bilmir. Belə ki, təxminən 4 ay olar ona əmək haqqı ödənişi edilmir, verildiyi təqdirdə həmin məbləğin hamısını aliment borcuna sərf edəcəkdir. Bundan əlavə, bu həftə içində ona MMC tərəfindən 600 manat pul verilməsinə söz verilmişdir. Eyni zamanda, gələcəkdə imkanı olarsa, aliment borcunu tam şəkildə ödəyəcəkdir. Hətta, o, hazırkı vaxtda keçmiş arvadı ilə barışmaq istəyir. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, həmçinin etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəxs Siyəzən Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli icra vərəqəsi üzrə mövcud olan 5240 manat aliment borcunu ödəməkdən qəsdən yayınmış və həmin icra sənədi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. O, Şəxs yetkinlik yaşına çatmayan uşaqlarına görə dəfələrlə mövcud olan aliment borcunu tam tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə borcunu tam ödəməkdən yayınmaql, məhkəmə qərarını icra etmir. Hətta, o, Şəxs vədinə inanıb, 24 dekabr 2021-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, borclu barəsində 2022-ci ilin yanvar ayının əvvəllərinə kimi məcburi icra tədbirlərinin görülməməsini xahiş etmişdir. Bundan əlavə, o, aliment borcunun hissə-hissə olsa da, qısa müddət ərzində tam şəkildə ödənilməsini tələb edir. Borclu ona 30 dekabr 2021-ci il tarixdə 100 manat aliment ödənişi etsə də, sonuncu 100 manat aliment ödənişindən hazırkı vaxta qədər xəbəri olmamışdır. Ona görə də Şəxs şikayətçi olmaqla, barəsində ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(059)-80/2021 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 29 noyabr 2021-ci və 10 mart 2022-ci il tarixlərdə borclu barədə axtarış elan edilmişdir. İşdə olan qəbzlərin surətindən görünür ki, 30 dekabr 2021-ci və 18 mart 2022-ci il tarixlərdə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə sözügedən icra sənədi üzrə cəmi 200 manat aliment ödənişi etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi, son dövrlər aliment borcundan müəyyən ödənişlər etməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, əməlindən səmimi peşmançılıq çəkməsi, eləcə də son dövrlər aliment borcundan müəyyən ödənişlər etməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, barəsində iki dəfə axtarış elan edilməklə, müəyyən müddətdə axtarışda olmasını, təqsirinin dərəcəsini, o cümlədən aliment borcunun miqdarının kifayət qədər çox olmasını, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 31 mart 2022-ci il tarixdən saat 15:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-64/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-64/2022
31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver