Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-64/2024 19.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXMin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: 15 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçi müfəttişi X1 tərəfindən Şəxs barəsində MN seriyalı, ******* nömrəli inzibati xətaya dair protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda barəsində icraat aparılan şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 262.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati xəta haqqında iş öyrənilərkən onun baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu, lakin materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında tərtib edilmiş protokolda inzibati xətanın törədildiyi vaxt (tarix və saat) göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin prosessual statusu qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Bu baxımdan, inzibati tənbehin düzgün tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokolda hadisəni törətməsi ehtimal edilən şəxsin prosessual statusunun qeyd edilməsi vacib amillərdəndir. Çünki, fiziki və vəzifəli şəxs anlayışları fərqli anlayışlar olmaqla, fərdi yanaşmalar və araşdırmalar tələb edirlər. Qeyd olunan anlayışların düzgün təhlil edilməməsi isə sonda inzibati tənbehin düzgün tətbiq edilməməsi ilə nəticələ bilər. Odur ki, inzibati xəta haqqında protokolda xəta törətməsi ehtimal edilən şəxsin adının qarşısında onun statusunun dəqiq göstərilməsi sonda məhkəmə tərəfindən düzgün nəticəyə gəlməyə əsas verəcəkdir. Yenə, Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Beləliklə, təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. İXM-nin 109-cu maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş 15 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-64/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-64/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver