Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-640/2025 24.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə, Hüquqi ünvanı Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 197, mənzil 2 olan "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 229cu, 262.1.2-ci, 264.0.1-ci və 264.0.7-ci maddələri ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 13 saylı Quba-Xaçmaz regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Tərtib edilmiş protokola əsasən, 27 noyabr 2025-ci il tarixdə, saat 10:00-da Gilgilçay çayının Siyəzən rayonunun Məşrif kəndi ərazisindən keçən hissəsində "xxxx" MMC tərəfindən su obyektinin özbaşına tutulması, yəni, həmin obyekt üzərində mülkiyyət hüququnun pozulması, xüsusi texnika vasitəsilə qazıntı işlərinin aparılması, icazə sənədi olmadan subartezian quyusundan qazılaraq istifadə edilməsi və formalaşan çirkab suların təmizlənmədən su obyektinə axıdılması müəyyən olunmuşdur. Qeyd edilənlərlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 13 saylı Quba-Xaçmaz regional bölməsi tərəfindən 27 noyabr 2025-ci il tarixdə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 229-cu, 262.1.2-ci, 264.0.1-ci və 264.0.7-ci maddələri ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və inzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 002627 nömrəli aktın surətindən görünür ki, Siyəzən şəhər sakini X2, Azərbaycan Respublikasının Prezidentinə və digər mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edərək, Gilgilçay çayının Siyəzən rayonu ərazisindən keçən hissəsindən fəaliyyət göstərən "xxxx" MMC-yə aid qum-çınqıl karxanasında müəssisəyə məxsus olmayan çay yatağında qanunsuz müdaxilə və talama hallarının mövcud olması, karxanada qum-çınqıl materiallarının yuyulması prosesindən sonra yaranan çirkab suların Gilgilçay çayına axıdılması barədə bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Gilgilçay çayının Siyəzən rayonu Məşrif kəndi ərazisindən keçən hissəsində çayın sağ sahilində "xxxx" MMC-yə məxsus karxanada qum-çınqıl hasilatı fəaliyyəti Siyəzən rayon İcra Hakimiyyəti başçısının 10 oktyabr 2013-cü il taxili, 100 nömrəli və 01 oktyabr 2014-cü il tarixli 110 nömrəli Sərəncamları ilə rəsmiləşdirilmiş və 15 noyabr 2023-cü il tarixdə 10 il müddətində Siyəzən rayonu ərazisində 10 hektar, Şabran rayonu ərazisində isə 36 hektar sahəsini əhatə edən dağ-mədən ayırma aktı verilmişdir. Baxış zamanı karxananın avadanlıqlarının işlək vəziyyətdə olması, karxana ərazisində hazır istehsal olunmuş, qalaqlanmış qum-çınqıl materiallarının mövcudluğu, karxananın istismarı nəticəsində çay yatağında deformasiya baş verməsi, sahil yuma prosesinin intensivliyinin artması və çay məcrasının eroziyaya uğraması müşahidə olunmuşdur. Qazıntı işləri aparılan sahələrdə rekultivasiya üzrə normativ tələblərə uyğun bərpa tədbirlərinin həyata keçirilmədiyi, çayın yatağında qazıntı işləri aparılan ərazinin dərinliyinin təxminən 3-4 metr təşkil etdiyi və qazıntı işləri aparılan həmin ərazinin dağ mədən ayırması aktına əlavə edilmiş topoqrafik planda göstərilən ərazi hüdudlarından kənarda yerləşdiyi müşahidə edilmişdir. Qum-çınqıl materiallarının yuyulması məqsədi ilə karxana ərazisində qazılmış subartezian quyusundan istifadə olunduğu, sudan istifadə ilə bağlı icazə sənədinin və səlahiyyətli qurumla bağlanmış müqavilənin olmadığı müəyyən olunmuşdur. Eyni zamanda, istehsal vaxtı yaranan çirkab suların təmizlənməsi üçün nəzərdə tutulmuş mexaniki və ya bioloji sızdırma, çökdürmə və digər tibb təmizləyici qurğuları olmadan torpaq məcralı arxla birbaşa Gilgilçay çayına axıdıldığı baxış zamanı qeydə alınmışdır. Həmçinin, akta "xxxx" MMC-yə məxsus qum-çınqıl karxanasında aparılan fəaliyyətin vizual təsviri məqsədi ilə yerində çəkilmiş fotoşəkillər əlavə olumuşdur. Beləliklə, işin araşdırılan halları ilə müəyyən edildi ki, su obyekti relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur, su obyektinin istifadəçisi isə su obyektlərindən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxslərdir. Bundan başqa, yerüstü su obyektlərinə yerin səthində yerləşən yerüstü su axınları, yerüstü sututarları, buzlaqlar və qar örtükləri daxil olmaqla, sözügedən obyektlər onların yerüstü su hissəsindən, yatağından, dibindən və sahilindən ibarətdir. Bundan əlavə, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatını, sənayeni, energetikanı, nəqliyyatı, balıqçılığı və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Həmçinin, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməklə, bu obyektlərdən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Eyni zamanda, su obyektlərindən istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilməklə yanaşı, su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə, su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə, su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda, sudan istifadə limitlərinə əməl etmədikdə, su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə, su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə, su ehtiyatlarından israfçılıqla istifadə etdikdə, sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda, hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə, su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə, su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda, sudan təyinatı üzrə istifadə etmədikdə, su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda, kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə, sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə, lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda, su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə, su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə, xüsusi qorunan su obyektlərinin rejimini pozduqda, su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə, içməli su mənbələrinin, su təmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda, içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Bundan başqa, tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Bundan əlavə, sənaye, energetika, nəqliyyat və rabitə obyektlərinin, kənd təsərrüfatı təyinatlı obyektlərin istismarı və meliorasiya işlərində ətraf mühitin çirklənməsinin qarşısını alan təmizləyici qurğular, sanitariya-mühafizə zonaları, ekoloji əsaslandırılmış texnologiyalar və müəyyən edilmiş ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir ki, onlar tullantıların və maddələrin qalıqlarının tullantılarının təmizlənməsi, zərərsizləşdirilməsi və istifadə edilməsi üçün səmərəli vasitələrlə təchiz edilməli, təhlükəsiz yanacaq növlərini tətbiq etməli, təbii resursları qənaətlə, eləcə də səmərəli istifadə etməli və ekoloji təhlükəsizlik üzrə tədbirlər görməlidir. Suların çirklənməsinin və zibillənməsinin, yaxud onların zərərli təsirinin qarşısını alan qurğularla təmin edilmədikdə, torpaqların subasmasının, bataqlaşmasının, şoranlaşmasının və eroziyasının qarşısını almaq məqsədi ilə layihələrdə nəzərdə tutulmuş tədbirlər görülmədikdə, layihələrdə nəzərdə tutulmuş suqəbuledicilər və başqa qurğular hazır olmadıqda, layihələrdə nəzərdə tutulmuş balıqqoruyucu və balıqburaxıcı qurğular tikilmədikdə, ehtiyatları təsdiq edilməmiş yeraltı suları çıxarmaq üçün nəzərdə tutulan sugötürücü, sutənzimedici qurğularla təchiz edilməyən və müvafiq hallarda sanitariya mühafizəsi zonaları müəyyən edilməyən su quyuları, layihələrdə nəzərdə tutulmuş yataq hazırlanma tədbirləri görülənədək dəryaçaların su ilə doldurulması və suların vəziyyətinə təsir edən digər hallarda, suların vəziyyətinə təsir edən yeni tikilmiş və yenidən qurulan müəssisələrin, qurğuların və digər obyektlərin istismara verilməsi qadağan edilir. Tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi, istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Göründüyü kimi, yuxarıda qeyd edilən pozuntular ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mülki, maddi, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin, "xxxx" MMC barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 13 saylı Quba-Xaçmaz regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokolda, eləcə də ona əlavə edilmiş sənədlərdə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdırılmaması müəyyən edilmişdir. Belə ki, MMC-nin vəzifələri şəxsləri və ya müvafiq əməkdaşları tərəfindən törədilmiş olan pozuntuların cinayət məsuliyyətinə səbəb olubolmaması halları araşdırılmamışdır. Çünki, səlahiyyətli orqanın nümayəndələrinin "xxxx" MMC-yə daxil olmadan, kənardan vizual olaraq, müşahidə aparmaqla inzibati xəta haqqında protokolda qeyd edilən pozuntuların törədilməsi qənaətinə gəlmələri, absurd olmaqla yanaşı, əsaslı deyil. Belə ki, səlahiyyətli orqanın nümayəndələri MMC-yə daxil olaraq, ora ətraflı baxış keçirməklə, müəssisənin çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş hissədən su nümunəsi götürərək, analiz nəticələrinə əsasən bu suların çirkablıq səviyyəsinin hansı həddə olmasını, ətraf mühitə, ekologiyaya, eləcə də yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsinə əhəmiyyətli və ya ağır zərərin vurulub-vurulmamasını müəyyən edə bilərdilər. Lakin, iş materiallarından da, görünür ki, monitorinq zamanı səlahiyyətli orqanın nümayəndələri tərəfindən ümumiyyətlə nümunələr götürülməmiş və analiz nəticələri əldə olunmamışdır. Bu da, öz növbəsində gəlinən nəticənin ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi dəyərləndirilməli olmasını mümkünsüz edir. Halbuki, bu nəticələr yüksək olduğu halda, heyvanlar və ya bitki aləminə, balıq və digər su bioresurslarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərərin vurulmasına, havanın çirkləndirilməsinə və ya onun təbii xassələrinin başqa cür dəyişilməsinə səbəb ola bilər. Qeyd edilənlər, "xxxx" MMC-nin vəzifələri şəxslərinin və ya müvafiq əməkdaşlarının əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ekoloji cinayətlər fəslində nəzərdə tutulmuş normalarının təsir dairəsinə düşməsi ehtimalına kifayət qədər əsas verir ki, bu da onların əməllərində cinayət tərkibinin əlamətlərinin olması ehtimalını artırır. Beləliklə, "xxxx" MMC-nin baxılan inzibati xəta haqqında materialda göstərilən əməlləri törətməsi təsdiq olunacağı halda, MMC-nin vəzifələri şəxslərinin və ya müvafiq əməkdaşlarının əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ekoloji cinayətlər fəslində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olub-olmaması araşdırılmalı və CM-nin müvafiq maddələrinin tərkibinin olub-olmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Sözügedən Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Bu Məcəllənin 114.2.3-cü bəndinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı vəziyyətdə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 229-cu, 262.1.2-ci, 264.0.1-ci və 264.0.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməli və MMC-nin vəzifələri şəxslərinin, eləcə də müvafiq əməkdaşlarının əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ekoloji cinayətlər fəslində nəzərdə tutulmuş cinayətlərin əlamətləri olduğuna görə Siyəzən Rayon Məhkəməsində baxılan 3(059)- 640/2025 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.3, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 229-cu, 262.1.2-ci, 264.0.1-ci və 264.0.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilsin. "xxxx" MMC-nin vəzifələri şəxslərinin və ya müvafiq əməkdaşlarının əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ekoloji cinayətlər fəslində nəzərdə tutulmuş cinayətlərin əlamətləri olduğuna görə Siyəzən Rayon Məhkəməsində baxılan 3(059)-640/2025 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-640/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-640/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver