Məhkəmə qərarları › İş №3(059)-642/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-642/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-642/2025 10.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə, xx xxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 02 sentyabr 2025ci il tarixdə, saat 12:40 radələrində Siyəzən rayon Polis Şöbəsinin yerləşdiyi inzibati binanın həyətində dayanmış, zərərçəkmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə aid olan, RPŞ-yə təhkim edilmiş “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol xarici işıq cihazını sındıraraq, avtomaşına 260 manat miqdarında ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən 25 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, zərərçəkmiş və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, zərərçəkmiş və inzibati xəta haqqında protokolu tərtib edən şəxslər məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan 13 sentyabr 2025-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 02 sentyabr 2025-ci il tarixdə, saat 12:40 radələrində Siyəzən rayon Polis Şöbəsinin yerləşdiyi inzibati binanın həyətində dayanmış, zərərçəkmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə aid olan, RPŞ-yə təhkim edilmiş “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol xarici işıq cihazını sındıraraq, avtomaşına 260 manat miqdarında ziyan vurmuşdur. Siyəzən rayon Polis Şöbəsi 10 dekabr 2025-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq, Şəxs tərəfindən “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, sonuncu ilə barışmalarını qeyd edib, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan avtomobil təsərrüfatı 10 dekabr 2025-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq, xidməti nəqliyyat vasitəsinə dəymiş maddi ziyan tam olaraq ödənildiyi üçün Şəxs qarşı heç bir şikayət və tələblərinin olmamasını qeyd edib, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Lakin, hazırda Şəxs tərəfindən avtomobilə vurulmuş ziyan tam olaraq ödənilmiş və barışıq əldə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət yaranır. Bu maddənin qeyd hissəsinə əsasən “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə hesab edirəm ki, inzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmişlə barışıq əldə edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinin tələbinə görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 105, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar