Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-652/2025 02.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, 20 avqust 2001-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də kənd təsərrüfatı üzrə ixtisassız fəhlə kimi çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 09 aprel 2025-ci il tarixdə, saat 06:05 radələrində Siyəzən şəhərinin Sabir küçəsində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-də üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli uzunqol gödəkcənin sağ ön cibindən 01 ədəd siqaret kağızı formasındakı bükümün içərisindən təmiz çəkisi 0,137 qram təşkil edən az miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 02 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin İB-nin sabiq baş müstəntiqi X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 iyun 2025-ci il tarixli qərarı əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə təqdim etmişdir. Bundan başqa, Şəxs işləməsi səbəbindən yerini müəyyən etmək mümkün olmadığına görə inzibati xəta haqqında iş üzrə icraat 16 iyul 2025-ci il tarixdən dayandırılmış, 02 dekabr 2025-ci il tarixdə isə sonuncunun olduğu yer müəyyən olunaraq, RPŞ-yə gətirildiyindən onun barəsində icraatı dayandırılmış inzibati iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 09 aprel 2025-ci il tarixə, yəni polis əməkdaşları tərəfindən saxlanılanadək ara-sıra narkotik vasitə qurudulmuş marixuanadan istifadə etsə də, həmin tarixdən sonra bu vasitədən istifadə etməmişdir. Belə ki, 09 aprel 2025-ci il tarixdə, saat təxminən 01:00 radələrində yaşadığı Siyəzən şəhərinin Sabir küçəsində olarkən, yerdə, 01 ədəd siqaret kağızı formasında olan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görüb götürmüş, şəxsi istifadəsi üçün üzərində saxlasa da, bu vasitədən istifadə etməmişdir. Bundan sonra, yaşadığı ünvan 1 ünvanına getmiş, habelə eyni tarixdə, saat 06:05 radələrində sözügedən evdən çıxıb Xızı rayonunun Yaşma kəndinə işə gedərkən, həmin küçədə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, üzərində şəxsi aparılması üçün rayon Polis Şöbəsinə aparılmışdır. Orada ona hüquq və vəzifələri izah edilmiş, habelə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli uzunqol gödəkcənin sağ ön cibindən 01 ədəd siqaret kağızı formasındakı bükümün içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmasından məlumatı olsa da, "xxxx" MMC-də kənd təsərrüfatı üzrə ixtisassız fəhlə işlədiyindən, polis əməkdaşlarının çağırışlarına gedə bilməmişdir. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 09 aprel 2025-ci il tarixdə, saat 06:05 radələrində Siyəzən şəhərinin Sabir küçəsində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-də üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli uzunqol gödəkcənin sağ ön cibindən 01 ədəd siqaret kağızı formasındakı bükümün içərisindən təmiz çəkisi 0,137 qram təşkil edən az miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 16 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2025-ci il tarixli, 20/174 saylı ekspert rəyinin surətindən görünür ki, AR DİN “Zərflər üçün №96” möhür əksi, “Şübhəli şəxs Şəxs üzərindən aşkarlanan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə; Şübhəli.ş /imza/ Şəxs; 1./imza/ A.İsmayılov; 2./imza/ E.Bağırov; 3. /imza/ N.Zeynalov; Tərtib etdi: baş müstəntiq /imza/ M.Məmmədli əl yazıları olan zərfdəki 01 ədəd siqaret formasında kağızdan hazırlanmış borunun içərisindəki qarışıq kütlədən ayrılmış təmiz çəkisi 0,137 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 0,117 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişin surətindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 60 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 11 iyun 2025-ci il tarixdə verilmiş 3450 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin surətindən görünür ki, Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 09 aprel 2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərarın, eləcə də, həmin tarixli protokolun surətlərindən görünür ki, Şəxs 09 aprel 2025-ci il tarixdə, saat 06:20-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 09 aprel 2025-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə, saat 19:30-da Şəxs dərhal tutmadan azad edilmişdir. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Şəxs atası X3 26 mart 1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, Sitalçay və Yaşılçay şəhərciklərində 3 aylıq hərbi təlim keçdikdən sonra, Gəncə şəhərinə, oradan isə döyüş bölgəsi olan Tərtər- Ağdərə zonasına göndərilmiş, “Babək-44” taborunun tərkibində Ağdərə, “Qlobus” yüksəkliyi, Ortakənd, Kasapet (Çıraqlı), Mehmana, Drambon (Heyvalı), Çıldıran, Dovşanlı, Sırxavənd, Ballıqaya və sair mövqelərdə döyüşmüş, 31 oktyabr 1992-ci il tarixdə başından və kürəyindən qəlpə yarası alaraq ağır yaralanmış, 1993-cü ilin yanvar ayında yenidən hərbi hissəyə, döyüş mövqelərinə qayıtmışdır. Bundan başqa, Mirsahib Hüseynovun qardaşı Mircəlal Hüseynov yəni Şəxs əmisi 1996-cı ilin aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Həmçinin, Şəxs özü də, 28 oktyabr 2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılaraq, hərbi hissəyə göndərilmiş, N günlük Vətən müharibəsi dövründə xidmətini davam etdirərək, 19 iyun 2021-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də kənd təsərrüfatı üzrə ixtisassız fəhlə kimi çalışır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 16 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs yerini müəyyən etmək mümkün olmadığına görə inzibati xəta haqqında iş üzrə icraat həmin tarixdən dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında 02 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs olduğu yer müəyyən olunaraq, RPŞyə gətirildiyindən onun barəsində icraatı dayandırılmış inzibati iş üzrə icraat təzələnmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Bu Məcəllənin 38-ci maddəsinin İİİ və V hissələrinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İşin faktiki hallarından da göründüyü kimi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan inzibati xəta haqqında iş üzrə araşdırma 16 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın əsasında aparılmış, habelə material üzrə icraat 16 iyul 2025-ci il tarixdə dayandırılsa da, 02 dekabr 2025-ci il tarixdə təzələnmişdir. Bu mənada qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün 3 aylıq müddət ötürülməmiş, inzibati xəta haqqında protokol həmin müddət daxilində tərtib edilməklə, məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən də, hazırkı material üzrə inzibati xəta haqqında qanunvericiliklə müəyyən edilmiş 3 aylıq müddət ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gənc yaşda olmaqla, ilk dəfə törətdiyi inzibati xəta hadisəsindən səmimi peşmançılıq keçirməsi, faydalı əmək fəaliyyəti ilə məşğul olması, atası Mirsahib Hüseynovun 1992-ci ildə müxtəlif mövqelərdə döyüşərək, ağır yaralanması, əmisi Mircəlal Hüseynovun 1996-cı ilin aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalması, özünün N günlük Vətən Müharibəsi dövründə həqiqi hərbi xidmətdə olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Sözügedən Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 09 aprel 2025-ci il tarixdə, saat 06:20 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi tutularaq, həmin tarixdə, saat 19:30 radələrində azad edilmişdir ki, hazırda, ona İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Qeyd olunan maddənin məzmunundan da görünür ki, məcburi müalicə inzibati həbs nəzərdə tutulan inzibati xətalara münasibətdə təyin olunur. Buna baxmayaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında həm inzibati həbs, həm də inzibati cərimə növündə tənbeh tədbiri nəzərdə tutulduğundan, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və məcburi müalicəyə ehtiyacı olan Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Həmçinin, Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən Şəxs aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,117 qram olan, maddi sübut sayılan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məhkəmə xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 55, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs götürülmüş, qalıq çəkisi 0,117 qram olan maddi sübut, narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-652/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-652/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver