Məhkəmə qərarları › İş №3(059)-66/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-66/2021

09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-66/2021 09.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 iştirakları ilə xx xxxx 2000-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən xx xxxx 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində Bakı-Quba yolunun Siyəzən rayonunun inzibati ərazisindən keçən 105-ci kilometrliyində yerləşən balıq bazarında ünvansız nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. Bundan başqa, o, həmin məqamda, qeyd olunan ərazidə 1 nömrəli tədbirlə əlaqədar xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə xidməti vəzifəsini yerinə yetirən, onu nizamintizama dəvət edən polis əməkdaşlarının onlarla birlikdə Siyəzən RPŞ-yə getmək dəvətinə məhəl qoymayaraq, qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda, atası Anar Cavadovun avtopatrul avtomaşınına əyləşdirilməklə, RPŞ-yə aparılmasına çalışan polis əməkdaşlarına süni maneələr yaradaraq onların ictimai qaydanı mühafizə etməsi ilə bağlı vəzifələrinin icrasını çətinləşdirmişdir. Qeyd olunan faktla bağlı Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən xx xxxx 2021-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol da tərtib edilərək, digər protokolla birlikdə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(059)-66/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-66/2021 saylı və 3(059)- 67/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-66/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş raport icraatına daxil olmuş və həmin raportla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərəfindən materiallar toplanmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 510-cu və 535.1-ci maddələrinin tərkibi olduğundan protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Bundan əlavə, o, da xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində 1 nömrəli tədbirlə əlaqədar xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən 105-ci kilometrliyində yerləşən balıq bazarında postda olmuş, bu zaman X3 əvvəlcə oğlu Şəxs ünvanına, daha sonra isə ünvansız nalayiq ifadələr işlətdiyini görüb, eşitmiş, hətta həmin məqamda Anar Cavadovu RPŞ-nin PPXT-nin taqım komandiri Hacı Əsgərov təxminən 25-30 metr məsafədən nizam-intizama dəvət etməklə, sakitləşməsini tələb etməsinə, habelə mübahisəni yoluna qoymaq məqsədilə özünün Anar Cavadovla profilaktik söhbət aparmasına, onlara işlərini görməsinə mane olmamasını xahiş etmələrinə baxmayaraq, sonuncu öz hərəkətlərinə davam etmiş, bu vaxt 1 nömrəli tədbirlə əlaqədar xüsusi mühafizə olunan avtomobillər artıq əraziyə yaxınlaşdığından oranın təhlükəsizliyini təmin etmək, nizam-intizamı bərpa etmək üçün məcburiyyətdən radiostansiya vasitəsilə əraziyə əlavə PPXT əməkdaşları dəvət olunmuşdur. Əraziyə gəlmiş əlavə polis qüvvələri ilə məsələnin aydınlaşdırılması, eləcə də Anar Cavadovun sakitləşdirilməsi üçün sonuncuya PPXT-nin patrul avtomobilinə əyləşməsi təklif edilmiş, o, isə təkidlə bundan imtina etdikdə, RPŞ-yə dəvət edilmişdir. Anar Cavadov onların bu qanuni tələblərinə də məhəl qoymayaraq kəskin şəkildə RPŞ-yə də getməkdən imtina etdikdə, ərazidə olan PPXT-nin əməkdaşları Anar Cavadovu məcburi şəkildə patrul avtomaşınına əyləşdirməyə çalışmışlar. Bu zaman orada olan Şəxs məsələləri əvvəlcə kənardan sakit şəkildə izləsə də, sonradan mübahisəyə aktiv şəkildə müdaxilə etməyə başlamış, hətta, vəzifələrini icra edən polis əməkdaşlarının qollarından tutaraq, onları dartmaqla, atası Anar Cavadovun avtopatrul avtomaşınına əyləşdirilməsində süni maneələr yaratmışdır. Həmin vaxt, polis əməkdaşları dəfələrlə Şəxs etdiyi bu əməldən uzaqlaşması, sakit olması, normal xidmətlərinə mane olmamasını təklif etsələr də, sonuncu bu təklifə məhəl qoymamış, öz hərəkətini davam etdirmişdir. Bu səbəbdən də, Şəxs da avtopatrul avtomaşınına əyləşdirilməklə, RPŞ-yə aparılmışdır. Bu hadisədən təxminən 30 dəqiqə sonra 1 nömrəli tədbir başa çatmış, habelə xüsusi mühafizə olunan avtomobillər ərazidən keçmişlər. Daha sonra, o, Siyəzən RPŞ-də həm Anar Cavadov, həm də Şəxs barəsində sözügedən protokolları tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, atası Anar Cavadov Bakı-Quba yolunun Siyəzən rayonunun inzibati ərazisindən keçən 105-ci kilometrliyində yerləşən balıq bazarında balıq satışı ilə məşğul olur. O, isə rəsmi olaraq heç bir yerdə işləməsə də, atası İİ qrup əlil olduğu üçün bu işdə aradabir ona kömək edir. xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞnin əməkdaşları ora gəlmiş, habelə 1 nömrəli tədbirin olması barədə ərazidə olanları təlimatlandırmışlar. Həmin vaxt piştaxtalarına aid süpürgə itdiyi üçün atası Anar Cavadov onu yüksək səslə tənbeh etməyə başlamış, habelə bunu eşidən polis əməkdaşları onlara tərəf yaxınlaşıb, özlərini təqdim etmədən “yüksək səslə nə qışqırırsan” ifadəsini işlətmişdir. Bundan əlavə, orada olan Cavid adlı polis əməkdaşı heç bir səbəb olmadan “oturmayacaq kəlləsi üstə salaram maşına” dedikdə, o bu ifadəyə əsəbiləşərək həmin polis əməkdaşına “sən kimsən ki, atamı kəlləsi üstə aparasan, sən heç bilirsən ki, mən kiməm? Mən onun oğluyam. Ayıbdır sənin üçün, rekertsən sən?” deyə bildirmişdir. Həmin məqamda atası çox əsəbi olduğu üçün polis əməkdaşları ilə onun arasında anlaşılmazlıq yaranmışdır. Daha sonra, polis əməkdaşları atasının ünvanına nalayiq ifadələr işlətməklə, sonuncunun nüfuzunu alçaldaraq, vəhşicəsinə avtopatrul avtomaşınına əyləşdirməyə başlamışlar. Bu hal ona pis təsir etdiyindən o, dərhal atasını polis əməkdaşlarının əlindən almağa çalışmışdır. Həmin vaxt atasının şəxsi avtomobili ilə rayon Polis Şöbəsinə gedəcəyini bildirməsinə baxmayaraq, polis əməkdaşları buna əhəmiyyət verməyib, öz hərəkətlərini davam etdirmişlər. Bundan sonra, onun özü də atasının olduğu avtopatrul avtomaşınına zorla əyləşdirilməklə, heç bir əsas və səbəb olmadan rayon Polis Şöbəsinə aparılmışdır. Ata oğulu döyər də, tənbeh də edər. Lakin, baş vermiş hadisədə onların hər hansı bir formada günahları olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin PPXT-nin taqım komandiri X8 izahatında göstərdi ki, xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində 1 nömrəli tədbirlə əlaqədar olaraq xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə o və Siyəzən RPŞ-nin digər əməkdaşları, o cümlədən CAB-ın əməliyyat müvəkkili Akşin Vəliyev, ƏRQ-nun kiçik inspektoru Cavid Hidayətov, həmçinin BDYPİ-nin adlarını və soyadlarını bilmədiyi bir neçə əməkdaşı Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən 105-ci kilometrliyinə avtomagistral yolun kənarında postlara çıxmışlar. Həmin vaxt orada yerləşən balıq bazarında olan 5-10 nəfər satıcı və 20-yə yaxın müştəri də olmuşdur. Xidmət aparan zaman balıq bazarında olan satıcılardan biri, sonradan adının Anar Cavadov olduğunu öyrəndiyi şəxsin uca səslə təmizlik ləvazimatının kim tərəfindən götürülməsini soruşduğunu eşitmiş, habelə sonuncunun balıqçı yoldaşlarından bu barədə maraqlandığını müşahidə etmişdir. Belə ki, o, ərazidə olan şəxsləri 1 nömrəli tədbirlə əlaqədar təlimatlandırmaqla, məşğul olmuş, habelə baş verənləri izləmiş, onlar arasında təxminən 25-30 metr məsafə olmuşdur. Bu zaman Anar Cavadov yüksək səslə ünvansız olaraq ona aid təmizlik ləvazimatını götürənə qarşı nalayiq ifadələr işlətməyə başladıqda, o, ərazidə müştərilərin, qadınların və uşaqların olmasını nəzərə alaraq, ucadan, Anar Cavadova sakitləşməsini, nalayiq ifadələr işlətməməsini bildirmişdir. Bundan sonra, Anar Cavadov yenə də öz hərəkətinə davam etməklə, "Sizə heç bir dəxlisi yoxdur" ifadəsini işlətdikdə, o, ona yaxınlaşaraq özünü təqdim edib, yenə də nizam-intizama dəvət etməyə çalışmış, hərəkətinin düzgün olmadığını qeyd etmiş, lakin, Anar Cavadov ona “özüm bilərəm, oğlumu danlayıram” deyə cavab vermişdir. Belə olan halda, o, Anar Cavadova oğlunu evində tənbeh etməsini bildirdikdə, Anar Cavadovun ona qarşı davranışı kəskinləşmiş, bu zaman xidmətdə olan digər polis əməkdaşları onlara yaxınlaşaraq Anara sakit olmasını, ictimai qaydanı pozmamasını, nizam-intizama, 1 nömrəli tədbirlə əlaqədar xidmətə çıxmış şəxslərin normal iş fəaliyyətinə mane olmamağı təklif etmişlər. Lakin, Anar Cavadov onların bu tələbinə məhəl qoymamışdır. Bu zaman o, radiostansiya vasitəsi ilə Fuad Quliyevə avtopatrul ilə onlara yaxınlaşmasını bildirmişdir. Daha sonra, orada olan Siyəzən RPŞ-nin polis sahə rəisi X1 Cavadovu kənara çəkərək sakitləşməsini tələb etməklə, onunla profilaktik söhbət aparsa da, hər hansı bir müsbət nəticə əldə edilməmiş, xüsusi mühafizə olunan avtomobillərin əraziyə yaxınlaşmasına da az müddət qaldığından məcburiyyət qarşısında Anar Cavadovu məsələnin aydınlaşdırılması üçün Siyəzən RPŞyə dəvət etmişlər. Bu vaxt Anar Cavadov sakitləşmək əvəzinə, daha da aqressivləşərək, kəskin formada onlarla heç bir yerə getməyəcəyini bildirmiş, hətta, avtopatrulun yanında yenə də onlardan çıxıb getmələrini tələb etməyə başlamışdır. Həmin məqamda, onlar Anara avtopatrula əyləşməsini, pozduğu ictimai qaydaya görə barəsində inzibati qaydada protokol yazılacağını bildirdikdə, sonuncu onların sözlərinə məhəl qoymayaraq bir daha rayon Polis Şöbəsinə getməyəcəyini qeyd edərək, onları işdən çıxartdıracağı ilə hədələmiş, habelə “Siz kimsiniz, məni polis şöbəsinə aparırsınız” deyə ifadə bildirmişdir. Bundan sonra, onlar Anar Cavadovu avtopatrula əyləşdirmək istəsələr də, sonuncu müqavimət göstərərək, avtomobilə təpik vurmaqla, ünvansız nalayiq ifadələr işlətməyə, onları hədələməyə başlamışdır. Daha sonra, X6 Cavadov məsələləri əvvəlcə kənardan sakit şəkildə izləsə də, sonradan mübahisəyə aktiv şəkildə müdaxilə etməyə başlamış, hətta, onları hədələməklə, atasının qayda pozuntusuna görə RPŞ-yə aparılmasına mane olmağa çalışmış, o cümlədən vəzifələrini icra edən polis əməkdaşlarının qollarından tutub, onları dartmaqla süni maneə yaratmağa çalışmışdır. Bir neçə dəfə Şəxs etdiyi bu əməldən uzaqlaşması, sakit olması, normal xidmətlərini aparmalarına mane olmaması təklif edilsə də, sonuncu bu təklifə əməl etməyərək öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də, Şəxs da atasının olduğu avtopatrula əyləşdirilib, RPŞ-yə aparılmışdır. Əlavə olaraq bildirir ki, Şəxs onların qanuni tələblərinə tabe olmamaqla, qıcıqlandırıcı hərəkətlər etsə də, həmin vaxt ünvanlı və ya ünvansız nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid, Siyəzən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili X7 şahid Hacı Əsgərovun izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İşdə olan sənədlərdən, eləcə də hadisəni əks etdirən videogörüntülərdən görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində Bakı-Quba yolunun Siyəzən rayonunun inzibati ərazisindən keçən 105-ci kilometrliyində yerləşən balıq bazarında 1 nömrəli tədbirlə əlaqədar xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının onlarla birlikdə Siyəzən RPŞ-yə getmək dəvətinə məhəl qoymayaraq, qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda, atası Anar Cavadovun avtopatrul avtomaşınına əyləşdirilməklə, RPŞ-yə aparılmasına çalışan polis əməkdaşlarına süni maneələr yaradaraq onların ictimai qaydanı mühafizə etməsi ilə bağlı vəzifələrinin icrasını çətinləşdirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilsə də, onun əməlində İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın tərkibinin olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Bununla da, nə təqdim edilən sənədlərdən, nə də məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn hərəkətlər edilməsi öz təsdiqini tapmır. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Beləliklə, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 11:00 radələrində Bakı-Quba yolunun Siyəzən rayonunun inzibati ərazisindən keçən 105-ci kilometrliyində yerləşən balıq bazarında orada toplanmış polis əməkdaşlarına, eləcə də digər şəxslərə münasibətdə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmiş, habelə, onun həmin vaxt, qeyd olunan yerdə ictimai qaydanı pozan hərəkətlər etməsinə dair kifayət qədər mötəbər sübut və ya sənəd məhkəmə iclasında təqdim edilməmişdir. Belə olan təqdirdə isə inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətləri edildiyi göstərilsə də, xırda xuliqanlığın konkret olaraq hansı hərəkətlərdə ifadə olunması və onun hərəkətlərinin ictimai qaydanın pozulmasına yönəlməsinin özünü nədə göstərməsi aydın deyildir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi onun üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı məhz ictimai yerdə toplanmış polis əməkdaşlarına, eləcə də digər şəxslərə münasibətdə ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən kifayət qədər sübut təqdim edilmədiyindən hesab edirəm ki, hazırkı protokol əsasında o, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin, məhkəmə iclası zamanı baxış keçirilən video görüntülərdən göründüyü kimi Şəxs atası Anar Cavadovla polis əməkdaşları arasında yaranmış narazılıq zamanı əvvəlcə sakit dayansa da, sonradan məsələyə aktiv şəkildə müdaxilə etdiyi, o cümlədən 1 nömrəli tədbirlə əlaqədar xüsusi mühafizə olunan avtomobillərin Quba şəhərindən Bakı şəhərinə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən polis əməkdaşlarına atası Anar Cavadovun avtopatrul avtomaşınına əyləşdirilməklə, RPŞ-yə aparılmasına süni maneələr yaradaraq onların ictimai qaydanı mühafizə etməsi ilə bağlı vəzifələrinin icrasını çətinləşdirdiyi məlum olsa da, həmin videoyazılarda sonuncunun bu və ya digər formada nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, o cümlədən polisin qanuni tələbinə qəsdən tabe olmayaraq onların vəzifələrinin icrasına maneəçilik yaratmasını və bu cür qanunsuz hərəkətlərini davam etdirməsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l dım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar