Məhkəmə qərarları › İş №3(059)-660/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-660/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-660/2025 16.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 24 noyabr 2025ci il tarixli, EQ seriyalı, 32199013 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə X3 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X4 24 noyabr 2025-ci il tarixdə, saat 13:12-də Astara istiqaməti üzrə M-3 11.3 km, Salyan rayonunun Xıdırlı kəndində “Mercedes Benz” Axor 1843 markalı, ** RG *** dövlət qeydiyyat nişanlı yük avtomobilini iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında 24 noyabr 2025ci il tarixdə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair həmin tarixli, EQ seriyalı, 32199013 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən barəsində tərtib edilmiş 24 noyabr 2025-ci il tarixli, EQ seriyalı, 32199013 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi X4 tərəfindən ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” Axor 1843 markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yüklərin daşınması ilə məşğul olur. Belə ki, 24 noyabr 2025-ci il tarixdə sözügedən avtomobil ilə daşıdığı çınqılın çəkisi normadan artıq olmadığı halda, əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati cərimə edilmişdir. Odur ki, şikayətinin nəzərə alınmasını və barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsini təsdiq və müdafiə edərək, əlavə olaraq izahatında göstərdi ki, o, 22 noyabr 2025-ci il tarixdə, saat 17:33 radələrində etibarnamə əsasında idarə etdiyi ikioxlu, yəhərli dartıcı, üç oxlu özü boşaldan qoşquya malik “Mercedes Benz” Axor 1843 markalı, ** RG *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə Siyəzən rayonunun Gilgilçay qəsəbəsində yerləşən daş karxanasından 39950 kiloqram çınqıl yükləyib çıxmış və həmin qəsəbədə yerləşən yaşadığı evə getmişdir. Bundan sonra, növbəti gün, yəni, 23 noyabr 2025-ci il tarixdə sözügedən avtomobildə olan yükü Salyan rayonunun Xıdırlı kəndinə aparmaq istəsə də, həmin avtomaşının nasaz olduğunu görmüş, nəticədə təmir üçün usta gətirmişdir. Beləliklə, avtomobil təmir olunduqdan sonra, 24 noyabr 2025-ci il tarixdə, saat 10-11:00 aralığında “Mercedes Benz” Axor 1843 markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobildə olan çınqılı Salyan rayonunun Xıdırlı kəndinə aparmaq üçün Siyəzən rayonunun Gilgilçay qəsəbəsində yerləşən evindən çıxmışdır. Bundan başqa, Salyan rayonunun Xıdırlı kəndinədək, Xızı rayonunun Yaşma qəsəbəsində və Bakı şəhərinin Qaradağ rayonunda elektron tərəzilərdən keçsə də, yükünün artıq olması ilə əlaqədar cərimə edilməmiş, lakin, Salyan rayonunun Xıdırlı kəndində yükünün çəkisinin 39950 kiloqram olmasına baxmayaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Odur ki, barəsində tərtib edilmiş 24 noyabr 2025-ci il tarixli, EQ seriyalı, 32199013 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, idarənin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, 24 noyabr 2025-ci il tarixli, EQ seriyalı, 32199013 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, X4 24 noyabr 2025-ci il tarixdə, saat 13:12:26-da Astara istiqaməti üzrə M-3 11.3 km, Salyan rayonunun Xıdırlı kəndində, “Mercedes Benz” Axor 1843 markalı, ** RG *** dövlət qeydiyyat nişanlı yük avtomobilini iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. Sözügedən qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 24 noyabr 2025-ci il tarixdə, saat 13:12:26-da Astara istiqaməti üzrə M-3 11.3 km, Salyan rayonunun Xıdırlı kəndində, etibarnamə əsasında idarə etdiyi həmin yük avtomobilini çəki limiti 40000 kiloqram olduğu halda, 43380 kiloqram yüklə idarə etmişdir. İş materiallarında olan 6903 nömrəli tərəzi qəbzindən görünür ki, 22 noyabr 2025-ci il tarixdə, saat 17:33-də çıxış zamanı ** RG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 39950 kiloqram təşkil etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest bu Məcəllənin 122.1ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Sözügedən Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Bu Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi inzibati xətaya səbəb olan əməldir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 52-ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarının ümumi müddəalarının 3-cü bəndinə əlavə edilmiş 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə olan nəqliyyat vasitəsinin ümumi kütləsi (çəkisi) 40 ton həddi aşmamalıdır. İş materiallarında olan 3C:E4:B0:D9:E8:8F nömrəli kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və elektron tərəzi göstəricilərindən görünür ki, 24 noyabr 2025-ci il tarixdə, saat 13:12:26-da Astara istiqaməti üzrə M-3 11.3 km, Salyan rayonunun Xıdırlı kəndində, “Mercedes Benz” Axor 1843 markalı, ** RG *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin çəkisi 43380 kiloqram təşkil etmişdir. Məhkəmə qeyd edir ki, 22 noyabr 2025-ci il tarixdə, saat 17:33:16-da çıxış zamanı ** RG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 40000 kiloqramdan aşağı, yəni, 39950 kiloqram olduğu qeyd edilsə də, bunun həqiqəti əks etdirib-etdirməməsi qeyri müəyyəndir. Belə ki, şikayətçi Heydər Dadaşovun etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsi real vaxt rejimində işləyən kamera və elektron tərəzi vasitəsi ilə çəkilərkən onun çəkisinin 43380 kiloqram olduğu aşkar olunmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, X3 şikayət ərizəsində və məhkəmə iclasında vermiş olduğu izahatında göstərdiyi hallar işin faktiki halları ilə tam şəkildə təkzib edilir. Beləliklə, X1 inzibati araşdırma, habelə onun nəticələri ilə bağlı istinad etdiyi hallar barədə fikirləri özünümüdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdməklə, şikayətçinin şəxsi mülahizələridir, mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Bununla da, Heydər Dadaşovun şikayətində və məhkəmə iclasında vermiş olduğu izahatında irəli sürdüyü dəlillər onun subyektiv fikirləri kimi nəzərə alınmalıdır. Çünki, şikayətçi şikayətində və izahatında onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Deməli, Heydər Dadaşov, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 24 noyabr 2025-ci il tarixdə inzibati cərimə edilərkən inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sözügedən Məcəllənin 12-ci maddəsinin İ hissəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Sözügedən Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya edilməlidir. Məhkəmə iş materiallarını və yuxarıda göstərilən qanunvericilik normalarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, X4 24 noyabr 2025-ci il tarixdə, saat 13:12-də Astara istiqaməti üzrə M-3 11.3 km, Salyan rayonunun Xıdırlı kəndində “Mercedes Benz” Axor 1843 markalı, ** RG *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi, yəni, kütlə parametrlərini 1380 kiloqram aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozmuş, habelə bu hal hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsilə qeydə alınmaqla, həmin məlumatlar foto və video çəkilişi ilə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİnin elektron sisteminə inteqrasiya edilmişdir. Bundan sonra, X4 barəsində mübahisəli inzibati xəta haqqında elektron qərar qəbul olunmuşdur. İşin araşdırılan hallarından müəyyən edilir ki, Heydər Dadaşov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə yol verilən 5 faiz artıq yük kütləsi də aşılmış və nəticədə çəki 43380 kiloqram olmaqla inzibati xətaya yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 24 noyabr 2025-ci il tarixli, EQ seriyalı, 32199013 saylı elektron qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 24 noyabr 2025-ci il tarixli, EQ seriyalı, 32199013 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar