Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-662/2025 22.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, protokol tərtib etmiş vəzifəli şəxs - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi, Quba-Xaçmaz regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun məsləhətçisi- Nümayəndə iştirakı ilə, xx xxxxxx 1968-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini yerinə yetirən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 544.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Qida X1- Xaçmaz regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Azərbaycan Respublikasının Qida X1-Xaçmaz regional bölməsindən daxil olmuş 24 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs 24 noyabr 2025-ci il tarixdə, saat 15:40 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən ət satışı mağazasında keçirilən yoxlama zamanı istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların keçirilməsinə maneçilik törətmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş vəzifəli şəxs, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi, Quba-Xaçmaz regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun məsləhətçisi- Nümayəndə tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş vətəndaş müraciətinə əsasən Siyəzən rayonunun ərazisində yerləşən ət kəsimi mağazalarında tərəflərindən sanitar gigiyenik normalar əsasında yoxlamalar keçirilmişdir. Belə ki, 24 noyabr 2025-ci il tarixdə, saat 15:40 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən vəzifəli şəxs Şəxs məxsus ət satışı mağazasında qeyd edilən yoxlamanı keçirmək istəsələr də, sonuncu və özünü onun nümayəndəsi kimi təqdim edən şəxs qanuna uyğun yoxlamanın keçirilməsinə mane olmuşlar. Bununla da, tərəfindən həmin tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Həmçinin, iş materiallarını araşdıraraq hesab edirəm ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Qida X1-Xaçmaz regional bölməsinin yoxlamanın aparılması haqqında 19 noyabr 2025-ci il tarixli qərarının surətindən görünür ki, Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən Şəxs məxsus obyektdə 20 noyabr 2025-ci il tarixdən 24 noyabr 2025-ci il tarixədək plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 19 noyabr 2025-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq yoxlama aparılması haqqında qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Qida X1-Xaçmaz regional bölməsinin əməkdaşları Nümayəndə, Seyfəddin Qaziyev və hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs tərəfindən tərtib edilmiş 24 noyabr 2025-ci il tarixli aktın surətindən, eləcə də məhkəmə iclasında nümayiş etdirilməklə, tədqiq olunmuş 1 ədəd USB fləş kartdakı video görüntülərdən görünür ki, 24 noyabr 2025-ci il tarixdə Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən ət satışı mağazasında plandan kənar yoxlama keçirilməsi nəzərdə tutulmuşdur. Lakin, Şəxs məxsus sözügedən ət satışı mağazasında yoxlamanın keçirilməsi mümkün olmamışdır. Buna səbəb isə sahibkar və sahibkarın nümayəndəsi kimi özünü təqdim edən şəxslərin bölmənin əməkdaşından mağazadan çıxmasını və yoxlamanın keçirilməməsini tələb etmələri olmuşdur. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş şəxs barədə məlumatlardan görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi (VÖEN **********) qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, vəzifəli şəxs Şəxs 24 noyabr 2025-ci il tarixdə, saat 15:40 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən ət satışı mağazasında keçirilən yoxlama zamanı istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların keçirilməsinə maneçilik törətmiş, bununla da, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-in 544.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 17-ci maddəsinə və həmin maddənin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi qeydiyyata alınmışdır. Belə olan halda hesab edirəm ki, Şəxs protokolda göstərilən inzibati xətanın subyekti olaraq vəzifəli şəxs hesab olunmalı və ona vəzifəli şəxslər üçün nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sözügedən Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sözügedən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edirəm ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, vəzifəli şəxs Şəxs inzibati cərimə şərti olaraq tətbiq edilməli və onun tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, Şəxs bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməli, həmçinin həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırıldıqda, həmin müddət ərzində məhkəməyə məlumat verilməlidir. İXM-nin 115.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 110-115-ci və 116-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 3000 (üç min) manat inzibati cərimə tətbiq edilsin. Şəxs bu cərimə şərti olaraq tətbiq edilsin və onun tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırıldıqda, bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-662/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-662/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver