Məhkəmə qərarları › İş №3(059)-68/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-68/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-68/2025 15.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Şabran rayonun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Siyəzən rayonun Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdim: Şəxs 14 yanvar 2025-ci il tarixdə, saat 17:50 radələrində Siyəzən rayonun Yenikənd kəndi ərazisində, küçədə polisin qanuni tələblərinə qəsdən tabe olmamış və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 14 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, o, 14 yanvar 2025-ci il tarixdə, saat 17:50 radələrində Siyəzən rayonun Yenikənd kəndi ərazisində, küçədə ucadan nalayiq küçə söyüşləri söymüş və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 14 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Siyəzən Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 3(059)-68/2025 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-68/2025 və 3(059)-69/2025 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-68/2025 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş vəzifəli şəxs, Siyəzən Rayon Polis Şöbəsinin sahə rəisi X3 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 14 yanvar 2025-ci il tarixdə Siyəzən rayonun Yenikənd kəndində xidmət apararkən sonradan şəxsiyyəti məlum olan Şəxs Siyəzən rayonu, Yenikənd kəndi ərazisində, küçədə ucadan nalayiq küçə söyüşləri söydüyünü görmüşlər. Bu zaman Azər Bəgməmmədova yaxınlaşıb, onu nizam-intizama dəvət etməyə cəhd etsələr də, sonuncu əsəbi halda olduğu üçün onların qanuni tələblərinə tabe olmamış, öz hərəkətlərini davam etdirmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh olaraq inzibati həbs təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, əsəbi halda olduğu üçün yaşadığı Siyəzən rayonun Yenikənd kəndində yerləşən evinin qarşısında ucadan nalayiq küçə söyüşləri söymüş, habelə bu zaman onu nizam-intizama dəvət etməklə yanaşı, xidməti avtomobilə əyləşdirmək istəyən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, yaşadığı evə getmək istəmişdir. Bununla belə, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində iki azyaşlı övladının olmasının, anasının yataq xəstəsi olmasının, ailəsinə yeganə qazanc gətirən olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin İTB-nin rəisi X5 izahatında göstərdi ki, o, Şəxs əvvəllər tanımamışdır. Bundan başqa, 14 yanvar 2025-ci il tarixdə, təxminən saat 17:50 radələrində xidməti işi ilə əlaqədar Siyəzən rayonun Yenikənd kəndi ərazisində olarkən bir nəfər şəxsin ucadan nalayiq küçə söyüşləri söydüyünün şahidi olmuşlar. Bu zaman həmin şəxsə yaxınlaşıb, ictimai qaydanı pozmasının səbəbini soruşduqda, sonuncu əsəbi halda olduğu üçün nalayiq ifadələr işlətdiyini bildirməklə yanaşı, onlara “sizə nə” deyərək cavab vermişdir. Qeyd edir ki, həmin vaxt küçədən kənd sakinləri keçdiyi, habelə evlərin bir-birinə yaxın olması səbəbindən şəxsi sakitləşdirək üçün onu xidməti avtomobilə əyləşdirmək istəyərkən, sonuncu buna məhəl qoymayaraq, onların qanuni tələblərinə tabelə olmamışdır. Beləliklə, Şəxs tərəflərindən rayon Polis Şöbəsinə gətirilmiş və barəsində müvafiq protokollar tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin İTB-nin polis nəfəri X1 izahatında göstərdi ki, Şəxs əvvəllər tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 14 yanvar 2025-ci il tarixdə, axşam saatlarında Siyəzən rayonun Yenikənd kəndi ərazisində Siyəzən RPŞ-nin İTB-nin rəisi X5 və sahə rəisi X3 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayiq küçə söyüşləri söydüyünün şahidi olmuşlar. Bu zaman həmin şəxsə yaxınlaşıb, özlərini təqdim edərək, ictimai qaydanı pozmasının səbəbini soruşduqda, sonuncu onlara məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra, Şəxs xidməti avtomobilə əyləşdirmək istəyərkən, sonuncu tabesizlik göstərməyə, yaşadığı ev istiqamətində hərəkət etməyə cəhd göstərmiş, lakin o, tərəflərindən rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin, həmçinin şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsi və əməlindən səməmi peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs əməllərində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən məsuliyyəti ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni vaxtda öz əməli ilə iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birinə yaxın həddə inzibati həbs təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş materiallarına əlavə edilmiş 14 yanvar 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, xx xxxx 1985-ci il təvəllüdlü Şəxs 14 yanvar 2025-ci il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur. Qeyd edirəm ki, Şəxs 14 yanvar 2025-ci il tarixdə, saat 19:30-da faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində İXM-nin 31.4 və 34.3-cü maddələri tətbiq olunmaqla 15 gün müddətində inzibati həbs tətbiq edilməli, həbs etmənin əvvəli tutulduğu 14 yanvar 2025-ci il, saat 19:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31, 34, , 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona İXM-nin 31.4 və 34.3-cü maddələri tətbiq olunmaqla inzibati tənbeh olaraq 15 (on beş) gün müddətinə inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli tutulduğu 14 yanvar 2025-ci il tarixdən, saat 19:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar