Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-69/2022 12.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Hüquqi ünvanı Siyəzən şəhəri, B.Səfəroğlu küçəsi 1 olan “X2” MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, “X2” MMC 320 000 ABŞ dolları məbləğində vəsaitini 30 yanvar 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 320 000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 10 mart 2022-ci il tarixdə “X2” MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankından məhkəməyə daxil olmuş 10 mart 2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, sözügedən inzibati xəta haqqında protokolda “X2” MMC tərəfindən inzibati xətanın törədildiyi vaxt 31 yanvar 2022-ci il tarix göstərilmişdir. İş materiallarında olan 30 yanvar 2020-ci il tarixli xarici valyutada köçürmə orderinin surətindən görünür ki, “X2” MMC-nin "xxxx" QSC-dəki hesabından 320000 ABŞ dolları məbləğində pul vəsaiti həmin tarixdə Ferat Dış Ticaret Limited şirkətinin xarici ölkədəki hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 03 fevral 2022-ci il tarixli məktubdan görünür ki, “X2” MMC-nin apardığı qabaqcadan ödəniş günündən 2 il keçsə də, malın ölkəyə daxil olduğu haqqında sənədlər banka təqdim olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23 aprel 2022-ci il tarixli, 1000-120/002-24/006752 nömrəli məktubundan, eləcə də "X2" MMC tərəfindən təqdim olunmuş yük gömrük bəyannamələrinin surətlərindən görünür ki, 30 yanvar 2020-ci il tarixli, 04/2020 saylı müqaviləyə əsasən 4 gömrük bəyannaməsi üzrə 199 093,50 ABŞ dolları mal xarici ölkəyə qabaqcadan ödənilmiş pul vəsaiti hesabına 2 il müddət keçdikdən sonra idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, müəyyən edilir ki, “X2” MMC 320 000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 30 yanvar 2020-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış, o cümlədən malların ölkəyə idxal edilməsinə, eləcə də qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla, düzgün nəticəyə gəlinməsi üçün 320 000 ABŞ dolları məbləğində vəsait hesabına malların (xidmətin) alınıb-alınmaması, alınmışdırsa, ölkəyə idxal edilib-edilməməsi (vaxtında və qanunla müyyən edilmiş müddət ötdükdən sonra), həmçinin mallar (xidməti) ölkəyə idxal edilmədiyi təqdirdə, bu vəsaitin ölkəyə geri qaytarılıb-qaytarılmaması barədə məlumatın, o cümlədən bunu təsdiq edəcək mötəbər sənədlərin və sübutların əldə edilməsi zərurəti yarandığından aiddiyyəti üzrə təşkilatlara sorğular verilsə də, əldə edilmiş sübutlarla xarici ölkəyə qabaqcadan ödənilmiş 320 000 ABŞ dolları pul vəsaiti hesabına bir qisim malların 2 il müddət keçdikdən sonra idxal olunması müəyyən olunmuşdur ki, bu da yenə də mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddətin keçməsinə dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, “X2” MMC tərəfindən 31 yanvar 2022-ci il tarixdə İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin İ hissəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi, yəni valyuta tənzimi qaydalarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci üç ay keçənədək tətbiq edilməlidir. Beləliklə, “X2” MMC tərəfindən İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, “X2” MMC tərəfindən İXM-nın 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni 31 yanvar 2022-ci il tarixdən 3 (üç) aydan artıq müddət keçdiyindən, MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48- 51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: “X2” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilsin və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-69/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-69/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver