Məhkəmə qərarları › İş №3(059)-7/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-7/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-7/2021 02.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlu, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC mülkiyyətində olan “Honda Accord” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili inzibati xətanın törədilməsi zamanı, yəni xx xxxxxx 2020-ci il tarixdə, saat 08:58 radələrində idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində (qanunvericilikdə nəzərdə tutulmuş müddət) vermədiyindən Şabran RPŞ-nin DYPB-nin inspektoru X2 tərəfindən xx xxxx 2020-ci il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Şabran Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 3(031)-200/2020 saylı qərarı ilə “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və MMC-yə 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan narazı qalan “xxxx” MMC həmin qərardan apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(105)-270/2020 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilməklə, Şabran Rayon Məhkəməsinin xx xxx 2020ci il tarixli qərarı ləğv edilmiş, material yenidən baxılıb müvafiq araşdırma aparılması üçün Siyəzən Rayon Məhkəməsinə qaytarılmışdır. Həmçinin, qərarda göstərilmişdir ki, bildirişin verildiyi Musayevin kimliyi, onun “xxxx” MMC-nin əməkdaşı olub-olmadığı aydınlaşdırılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X7 izahatında göstərmişdir ki, mənafeyini təmsil etdiyi hüquqi şəxsin iki ünvanı olsa da, sözügedən sorğu məhz Şabran şəhərində yerləşən ünvana göndərilmişdir. Sorğunun “Musayev” soyadlı şəxs tərəfindən alınmasının qeyd edilməsinə baxmayaraq, bu şəxsin kimliyi və vəzifəsi dəqiq göstərilmədiyindən həmin sənədin məhz mənafeyini təmsil etdiyi şəxsin əməkdaşı tərəfindən qəbul edilib-edilməməsi sübuta yetirilmir. Belə ki, həmin müəssisədə müxtəlif vəzifələrdə olmaqla, iki “Musayev” soyadlı şəxs çalışır. Belə ki, onlardan biri X8, digəri isə X5r. Lakin, sözügedən sorğuların həmin şəxslər tərəfindən alınması istər şirkət rəhbərliyi tərəfindən aparılan şifahi daxili araşdırma zamanı, istərsə də, iş üzrə icraat zamanı araşdırılan hallarla öz təsdiqini tapmır. Bu səbəbdən də, bu halın aydınlaşdırılması məqsədilə Şabran Rayon Məhkəməsinin apardığı araşdırma səthi xarakter daşımaqla, yanaşı hüquqi şəxsin əməlinə düzgün hüquqi qiymət verilməməsi ilə nəticələnmişdir. Bundan başqa, xəbərnamədəki imzaların məhz adları çəkilən əməkdaşlara aid olubolmamasının müəyyən edilməsi xüsusi bilik tələb edir. Bu hal isə sözügedən məhkəmə tərəfindən araşdırılmamışdır. Ona görə də hesab etmişdir ki, mənafeyini təmsil etdiyi hüquqi şəxsin əməlində inzibati xətanın tərkibinin olması sübuta yetirilmir və bu əsasla da başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərin nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şabran rayon Polis Şöbəsinin Dövlət Yol patrul Bölməsinin İ.T.Ü-ə inspektoru X2 tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğudan görünür ki, “xxxx” MMC-dən mülkiyyətində olan “Honda Accord” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxxxxx 2020-ci il tarixdə, saat 08:58-də idarə edən sürücü barədə Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Patrul Bölməsinə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində AR İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Patrul Bölməsinin İ.T.Ü-ə inspektoru X1 “xxxx” MMC-yə ünvanladığı sorğu xx xxxxxx 2020-ci il tarixdə Musayev tərəfindən qəbul edilmişdir. İşdə olan Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Patrul Bölməsinin İ.T.Ü-ə inspektoru X2 tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğudan görünür ki, “xxxx” MMCdən mülkiyyətində olan “Honda Accord” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxxxxx 2020-ci il tarixdə, saat 10:34-də idarə edən sürücü barədə Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Patrul Bölməsinə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Patrul Bölməsinin İ.T.Ü-ə inspektoru X1 “xxxx” MMC-yə ünvanladığı sorğu xx xxxxxx 2020-ci il tarixdə Mehman Nuriyev tərəfindən qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli, **********3 nömrəli məktubu ilə göndərilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatdan, eləcə də eyni tarixli, 009/20 nömrəli məktubdan görünür ki, “xxxx” MMC-də “Musayev” soyadında X8 (sürücü, iş yeri Xırdalan şəhəri) və X9 (suvarma texniki, iş yeri Beyləqan rayonu) işləsə də, Mehman Nuriyev adlı şəxs işləmir. Eyni zamanda, iş üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, habelə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarındakı göstərişi icra etmək üçün iş materiallarında olan və baş vermiş hadisə zamanı nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə məlumatların əldə edilməsi ilə bağlı sorğunun göndərilməsini təsdiq edən xx xxxxxx 2020-ci il tarixli poçt göndərişinin verilməsi haqqında xəbərnamədə şəxsən qrafasındakı “Musayev” sözünün və imzanın X8 və ya X9 və ya başqası tərəfindən icra edilməsi məsələsinə aydınlıq gətirilməsi xüsusi bilik tələb etdiyindən Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixdə verilmiş 4/978 nömrəli rəyindən görünür ki, poçt göndərişinin verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli xəbərnamədə “Şəxsən” qrafasındakı “Musayev” yazısı və imza X8 tərəfindən yox, X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, rəydən görünür ki, poçt göndərişinin verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli xəbərnamədə “Şəxsən” qrafasındakı “Musayev” yazısının və imzanın X3 və X4 xəttinə və imzalarına oxşadılmaqla, icra olunma əlamətləri müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə xətşünaslıq ekspertizasının dəyəri 127 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati xətaya səbəb olan əməldir. Göründüyü kimi hazırda hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Belə ki, məhkəmə iclasında işin faktiki halları, mötəbər sənəd və sübutlar, o cümlədən ekspert rəyi ilə müəyyən edildi ki, “xxxx” MMC-də “Musayev” soyadında X8 (sürücü, iş yeri Xırdalan şəhəri) və X9 (suvarma texniki, iş yeri Beyləqan rayonu) işləsə də, bu şəxslərdən hər hansı biri, müvafiq məlumatın əldə edilməsi üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusunun MMC tərəfindən qəbul edilməsi görüntüsü yaradan xx xxxxxx 2020-ci il tarixli xəbərnamədə “Şəxsən” qrafasındakı “Musayev” yazısını icra etməmiş, həmçinin xəbərnaməni imzalamamışdır. İXM-nin 57-ci maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bu Məcəllənin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hüquqi şəxs “xxxx” MMC mülkiyyətində olan “Honda Accord” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə sorğunun MMC-yə lazımi qaydada çatdırılması iş materiallarında öz təsdiqini tapmamışdır. Belə ki, xx xxxxxx 2020ci il tarixli xəbərnaməni qəbul etmiş “Musayev” soyadlı, eləcə də xx xxxxxx 2020-ci il tarixli xəbərnaməni qəbul etmiş “Mehman Nuriyev” adlı və soyadlı şəxsin “xxxx” MMC-də işləməsi və ya hər hansı bir vəzifə tutması işdə olan mötəbər sənəd və dəlillərlə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, qeyd edilən əmələ münasibətdə formal olaraq inzibati xəta hadisəsi baş versə də, mahiyyət etibarı ilə inzibati xəta tərkibi mövcud olmamışdır. Bu halda isə “xxxx” MMC-nin qəsdən və ya ehtiyatsızlıqdan təqsirli hesab edilməklə inzibati xəta sayılan əməl törətməsi istisna edilir. Belə ki, İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, müvafiq sorğunun “xxxx” MMC-yə lazımi qaydada çatdırılması iş materiallarında öz təsdiqini tapmadığından MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Hazırda “xxxx” MMC-nin hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, habelə inzibati xəta törətməkdə şəxsin təqsiri sübuta yetmədiyindən Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə çəkilmiş 127 (bir yüz iyirmi yeddi) manat məhkəmə xərci dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, qərara aldım:

1. “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilsin və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Məhkəmə məsrəfi olan məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə çəkilmiş 127 (bir yüz iyirmi yeddi) manat məhkəmə xərci dövlət büdcəsinə aid edilsin.

3. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar