Məhkəmə qərarları › İş №3(059)-72/2024

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-72/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-72/2024 04.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu "xxxx" MMC-nin icraçı direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəisi X5 tərəfindən 23 fevral 2024-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və ona əlavə edilmiş materiala baxaraq, m ü ə y y ə n e t d i m: "xxxx" MMC-nin icraçı direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəisi X5 tərəfindən 23 fevral 2024-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 3(060)-593/2024 saylı qərardadı əsasında inzibati xətanın törədildiyi yer fiziki şəxsin qeydiyyatda olduğu yer, yəni Siyəzən rayonunun inzibati ərazisi hesab edilməklə, ərazi aidiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, iş materiallarını araşdırıb, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə materialın aidiyyəti üzrə düzgün göndərilmədiyi qənaətinə gəlirəm. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəisi X2 23 fevral 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətinə əsasən "xxxx" MMC-nin icraçı direktoru X6 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə sonuncu barəsində 1500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 17-ci maddəsinə, eləcə də bu maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin subyekti işəgötürən, yəni vəzifəli şəxsdir. İş materiallarında olan mötəbər sənədlərdən, o cümlədən Elektron Məhkəmə İnformasiya sisteminin çıxarışlarından görünür ki, X6 hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 14 A olan "xxxx" MMC-nin icraçı direktoru işləməklə, əmək funksiyalarını məhz həmin yerdə icra edir. İşəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs, iş yeri işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer, əmək funksiyası isə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü, 8-9-cu hissələri). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqi mövqeyinə əsaslanaraq qeyd olunmalıdır ki, Cavad Musayev işəgötürən hüquqi şəxsin vəzifəli şəxsi kimi Azərbaycan Respublikasının əmək qanunvericiliyinə görə təmsil etdiyi hüquqi şəxsin adından icra etməyə borclu olduğu öhdəliyi yerinə yetirməməklə, İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilindiyi inzibati xəta əməlini hərəkətsizlik formasında törətməkdə ittiham olunmuşdur. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün vəzifəli şəxs (işəgötürən) Cavad Musayev tərəfindən əmək qanunvericiliyinə əməl olunmaqla, dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməsi onun əmək funksiyasına (yerinə yetirməli vəzifəsinə) aid olmaqla, məhz kargüzarlıq fəaliyyətinin həyata keçirilməsindən ibarətdir. Bu fəaliyyət isə Cavad Musayevin qeydiyyatda olduğu yerdən, yəni Siyəzən rayonunun Vidadi küçəsindəki 22 saylı evdən deyil, onun çalışdığı "xxxx" MMC-nin yerləşdiyi Bakı şəhərinin Nərimanov rayonundakı X4 küçəsində yerləşən 14 A saylı ünvanından mümkündür. Çünki, müvafiq sənədlərin, habelə məlumatların hazırlanması müəssisənin kargüzarlıq fəaliyyətinə daxildir. Yəni, sənəd dövriyyəsi böyük olan müəssisələrdə ayrı-ayrı sənəd növləri üçün blanklar tətbiq edilir və onların üzərində mətbəə üsulu ilə sənəd növünün adı (qərar, protokol, əmr və s.) yazılır. İki və ya daha artıq təşkilat adından hazırlanan sənədlər blanksız tərtib edilir. Həmin sənədlər təşkilat rəhbərinin imzası və təşkilatın gerbli möhürü ilə təsdiqlənir. Sənədlərin surətlərinin çıxarılması üçün müvafiq rəhbər vəzifəli şəxsin göstərişi və ya icazəsi tələb olunur. Struktur bölməsinin rəhbəri surətlərin miqdarını, göndəriş ünvanlarını müəyyən edir və sifariş blankını imzalayır. Sənədlərin surətlərinin aidiyyəti tərəflərə verilməsi təşkilat rəhbərliyinin icazəsi ilə həyata keçirilir. Bütün bunları isə Cavad Musayevin qeydiyyatda olduğu ünvandan icra etməsi kargüzarlığın tələbləri baxımından mümkün deyildir və istisna edilir. Bu mənada, sadalanan hallara nəzərən, Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın hərəkətsizlik formasında törədildiyi yerin Cavad Musayevin qeydiyyatda olduğu ünvan olaraq deyil, əslində "xxxx" MMC-nin yerləşdiyi Bakı şəhərinin Nərimanov rayonundakı X4 küçəsində yerləşən 14 A saylı evin qəbul edilməsi daha ağlabatan və məqsədəmüvafiqdir. Bundan əlavə, Cavad Musayev inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə qeydiyyatda olduğu yer üzrə məhkəmədə, yəni Siyəzən Rayon Məhkəməsində baxılması üçün hər hansı bir formada vəsatət verməmiş, habelə Sumqayıt Şəhər Məhkəməsinin məlum qərardadında belə bir vəsatətin verilməsinə dair qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 132.1-ci maddəsinə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsini həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, iş materiallarını araşdıraraq bir daha hesab edirəm ki, inzibati xətanın törədildiyi yer Siyəzən rayonunun inzibati ərazisi olmamaqla yanaşı, şikayətə qeyd olunan rayonun məhkəməsində baxılması üçün hər hansı bir formada vəsatət olmadığına, bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilmiş şikayətə bu məhkəmədə baxılmasına əsaslar yaranmadığına görə şikayətçi "xxxx" MMC-nin icraçı direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəisi X5 tərəfindən 23 fevral 2024-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməli olduğu halda, Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilmədən Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən də, belə qənaətə gəlirəm ki, yaranmış fikir ayrılığına görə aidiyyət məsələsinin müzakirəsi edilməsi məqsədilə materiallar Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarına əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118,129.1.3, və 132.2-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şikayətçi "xxxx" MMC-nin icraçı direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəisi X5 tərəfindən 23 fevral 2024-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət materiallarla birlikdə aidiyyət məsələsinin həll edilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar