Məhkəmə qərarları › İş №3(059)-74/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-74/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-74/2024 17.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə xx xxxxxxx 1994-cü il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhərinin Heydər Əliyev prospektindəki 139 saylı evin 4-cü mənzilində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs, Siyəzən Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 3(059)-110/2023 saylı icra vərəqəsi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ona tətbiq edilmiş 500 manat cəriməni ödəməmişdir. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən 05 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Siyəzən Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli icra vərəqəsi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ona tətbiq edilmiş 500 manat məbləğində cəriməni tam olaraq ödədiyindən onun barəsində həmin məcəllənin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilməyərək, izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli icra vərəqəsi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ona tətbiq edilmiş 500 manat məbləğində cəriməni, 09 aprel 2024-cü il tarixdə tam olaraq ödədiyindən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 3(059)-110/2023 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 09 aprel 2024-cü il tarixli, 11154 nömrəli qəbzin surətindən görünür ki, Şəxs Siyəzən Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 3(059)-110/2023 saylı qərarına ona tətbiq edilmiş 500 manat cəriməni ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin 1-ci və 2ci hissələrinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən isə 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Göründüyü kimi inzibati xətalar haqqında qanunvericilik qeyd edilən inzibati xəta hadisələrinin baş verməsini və bunların əsasında inzibati məsuliyyətlərin yaranma əsaslarını dəqiq müəyyən etmişdir. Belə ki, qeyd edilən maddənin sözügedən hissələrinin dispozisiyaları inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, qərarları qanuni qüvvəyə mindiyi gündən sonrakı müddətdə icra olunmayan orqanlara münasibətdə mahiyyət etibarilə bir-birindən ciddi şəkildə fərqlənməklə, İXM-nin 529-cu maddəsinin 1-ci hissəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsini, 2-ci hissəsi isə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsini ehtiva edir. Lakin, hazırkı inzibati xəta haqqında materialdan da göründüyü kimi Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Tural Fərhadlı 05 aprel 2024-cü il tarixli protokolu tərtib edərkən inzibati xətalar haqqında qanunvericiliyin inzibati məsuliyyət müəyyən edən müvafiq normasını düzgün tətbiq etməmiş, habelə Şəxs səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı ilə deyil, məhz Siyəzən Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli inzibati tənbeh etmə qərarı ilə inzibati cərimə edildiyini nəzərə almadan, onun barəsində yanlış olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə protokol tərtib edib, baxılması üçün bu məhkəməyə təqdim etmişdir. Yəni, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Tural Fərhadlı, Şəxs tərəfindən məhz inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən icra edilməməsi əsaslarına diqqət yetirməli, həmçinin sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət etməli idi. Çünki, hər bir inzibati xəta əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi inzibati xətanın əlamətlərini əks etdirən əməllərin inzibati xəta olub-olmamasını, inzibati xəta törətməkdə ittiham edilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin əmələ görə sözügedən şəxsə ədalətli tənbeh təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da inzibati xəta əməli törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, tənbehin düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində inzibati xətalar haqqında qanunvericiliyin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə olan halda, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkibinin olması qənaətinə gəlib, onu bu maddədə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilmək yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi hazırda şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, belə nəticəyə gəlmək olar ki, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru tərəfindən inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmədiyinə, o cümlədən hazırkı vəziyyətdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi halı müəyyən edilmədiyinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə başlanmış icraata, sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar