Məhkəmə qərarları › İş №3(059)-75/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-75/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-75/2022 05.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Su Kəməri qəsəbəsində qeydiyyatda olmaqla, rayonun, Gilgilçay qəsəbəsinin Mikayıl Müşfiq küçəsi, ev 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Qazax Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(023)-754/2021 saylı icra vərəqəsinə əsasən cəmi 1560 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən 05 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Qazax Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(023)-754/2021 saylı icra sənədi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədi ümumiyyətlə, üzrsüz səbəbdən icra edilməmiş, habelə borclu aliment borcunu ödəməkdən qəsdən və qərəzli şəkildə yayınmışdır. Hazırkı vaxta sözügedən icra sənədi üzrə Şəxs cəmi 1560 manat məbləğində aliment borcu vardır və hazırda sonuncu həmin borcu ödəməkdən imtina edir. Bundan başqa, Şəxs ilk dəfə 02 noyabr 2021-ci il tarixdə axtarışda olan şəxs kimi gətirilib icra və probasiya şöbəsinə təhvil verilmiş, həmin vaxt tələbkar şöbəyə ərizə ilə müraciət edərək, borclu barəsində məcburi icra tədbirlərinin müvəqqəti olaraq dayandırılmasını xahiş etmişdir. Bundan sonra, Şəxs öz hüquqazidd hərəkətlərini davam etdirdiyindən onun barəsində 17 mart 2022-ci il tarixdə təkrarən axtarış elan edilmiş, habelə, sonuncu axtarışda olduğundan Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən bu gün təxminən saat 10:00 radələrində saxlanılaraq rayon icra və probasiya şöbəsinə təhvil verilmiş və ondan sonra buraxılmamışdır. Həmçinin, borclu rayon icra və probasiya şöbəsinə verdiyi izahatında fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olaraq ayda təxminən 500 manat məbləğində qazanc əldə etdiyini, habelə atası tərəfindən tələbkarın anasının adına poçt vasitəsilə müxtəlif vaxtlarda 30, 70, 100 manat pul göndərdiyini bildirmiş, lakin tələbkar borclu tərəfindən ona hər hansı bir məbləğdə aliment ödənişi edilmədiyini, sözügedən məbləğlərin məhkəmə qətnaməsindən öncə göndərildiyini bildirmişdir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Qazax Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli icra sənədi üzrə olan aliment borcunu ödəməmişdir. Belə ki, o, əvvəllər fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olaraq aylıq 500 manat qazanc əldə etsə də, son vaxtlarda işləmədiyindən heç bir gəlir mənbəyinə malik olmamışdır. Bu səbəbdən də, tələbkara olan aliment borcunu ödəyə bilməmişdir. Lakin, bundan sonra, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üzərinə düşən öhdəliyi icra edəcəyinə, yəni, aliment borcunu ödəyəcəyinə söz verir. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, həmçinin etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq Qazax rayonunda yaşaması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılıb, Şəxs barəsində lazımi cəzanın verilməsini xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Qazax Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(023)-754/2021 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 24 avqust 2021-ci və 17 mart 2022-ci il tarixlərdə borclu barədə axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, barəsində iki dəfə axtarış elan edilməklə, müəyyən müddətdə axtarışda olmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 05 aprel 2022-ci il tarixdə saat 10.00 radələrindən faktiki saxlanılması və bundan sonra sərbəst buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 528.1-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 05 aprel 2022-ci il tarixdən saat 10.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar