Məhkəmə qərarları › İş №3(059)-76/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-76/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-76/2024 23.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə, həmin idarənin aparıcı müfəttişi, protokolu tərtib edən vəzifəli şəxs X1 iştirakları ilə, Hüquqi ünvanı Siyəzən şəhəri olan "xxxx" ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 234.0.1-ci və 271-ci maddələri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 13 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə "xxxx" ASC-yə məxsus ərazidə formalaşan bərk məişət və istehsalat tullantıları ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadan qalaqlanaraq, yandırılmaqla yanaşı, bu tarixə cəmiyyət tərəfindən atmosfer havasına zərərli maddələrin atılmasına görə müvafiq icra hakimiyyəti orqanın xüsusi icazəsi alınmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı müfəttişi, protokolu tərtib edən vəzifəli şəxs X2 tərtib etdiyi müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, "xxxx" ASC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş, havadan pis qoxunun gəlməsi ilə bağlı çoxsaylı şikayətlər əsasında cəmiyyətdə yoxlamanın keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən çıxarış alınmış, habelə ETSN-nin X3 Monitorinq İdarəsinin və cəmiyyətin nümayəndələrinin iştirakı ilə həmin ərazidə araşdırma aparılmışdır. Bu araşdırma zamanı cəmiyyətin ərazinə daxil olmaqla, baxış keçirilərkən, istehsalat və məişət tullantıların (yumurta qalılqlarının, plastik qabların) pərakəndə şəkildə, ətraf mühitin tələblərinə zidd olmaqla qalaqlanıb, yandırıldığı, habelə xüsusi icazə almadan atmosfer qatına zərərli maddələrin atıldığı aşkar olunmuş, bundan sonra, yəni, 13 mart 2024-cü il tarixdə yuxarıda qeyd olunan nümayəndələrin iştirakları ilə ərazinin fotoşəkilləri çəkilməklə, sudan və havadan nümunələr götürülmüş, həmçinin nümunələrin analiz cavabı monitorinq idarəsinin aktında öz əksini tapmışdır. Eyni zamanda, müvafiq çıxarışda yoxlamanın aparılması 04 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək qeyd edilsə də, həmin ərazidə atmosfer havasına atılmış zərərli maddələrin miqdarının analiz nəticəsinə görə yoxlama, 05 mart 2024-cü il tarixindən 13 mart 2024-cü il tarixinədək 9 gün müddətində dayandırılmışdır. Belə ki, analiz cavabına görə həmin ərazidə atmosfer havasına atılmış zərərli maddələrin miqdarı çox olmasa da, xüsusi icazə sənədi almadan atıldığına görə müvafiq protokol tərtib edilmişdir. Eyni zamanda, 13 mart 2024-cü il tarixindən təxminən 10-15 gün sonra, cəmiyyət Azərbaycan Respublikası ETSN-dən xüsusi icazə sənədini almışdır. Bir daha qeyd edir ki, yoxlama zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarı çox olmasa da, edilən şikayətlərin əksəriyyəti havada olan pis qoxu ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, 04 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək "xxxx" ASC-də nəzərdə tutulmuş yoxlamaların keçirilməsi zamanı həmin ərazidən götürülmüş su nümunələrinin analiz nəticələrinin əldə edilməsi üçün müddət tələb olunduğundan, yoxlamaların aparılması 9 gün müddətində dayandırılmış, habelə dayandırma Sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrində qeydiyyatdan keçirilmişdir. Qeyd edir ki, su nümunələrində nöqsan aşkar edilməsə də, atmosfer havasına atılan zərərli maddələr ilə bağlı xüsusi icazə sənədinin alınmadığı müəyyən edilmişdir. Eyni zamanda, tərəflərindən təqdim edilmiş fotoşəkillərdən də, aydın görünür ki, ərazidə istehsalat və məişət tullantıları pərakəndə şəkildə, ətraf mühitin tələblərinə zidd olaraq qalaqlanaraq, yandırılır. Həmçinin, cəmiyyətinin ərazisində aparılmış qazıntılar da, qanunsuzdur. Bununla yanaşı, hər hansı hüquqi şəxs xüsusi mülkiyyətinin ərazisində olan tullantıların daşınması üçün kommunal müəssisələr kombinatı ilə müqavilə bağlayıbsa, həmin tullantıların daşınmasını tələb etməlidir. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan cəmiyyətin nümayəndəsi, baş mühəndisi Şahbaz Ağayev izahatında İXM-nin hər iki maddəsi üzrə nöqsanları etiraf edərək, xüsusi icazə almadıqlarını, həmçinin cəmiyyətin ərazisində olan tullantıların gündəlik Siyəzən rayon KMK tərəfindən daşınılmasına baxmayaraq, son bir neçə gündür aparılmamasını qeyd etmiş, bu hallar da, onların işlərinə məsuliyyətsiz yanaşmalarına, habelə sözügedən inzibati xəta hadisələrinin baş verməsinə dəlalət edir. Bununla yanaşı, sahibkarlıq sahəsində işin fəaliyyəti zamanı yaranmış qoxu və ya atmosfer təbəqəsinə atılan hər hansı maddəyə görə xüsusi icazə alınmalıldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, "xxxx" ASC İXM-nin 234.0.1-ci və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 13 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan, eyni tarixli, 84127 nömrəli aktdan və fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumatı Reyestrinin 28 fevral 2024-cü il tarixli, KY242082687 nömrəli çıxarışına və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 04 və 11 mart 2024cü il tarixli, 00049 nömrəli sərəncamına əsasən "xxxx" ASC-də ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin və bu sahədə qəbul edilmiş normativ hüquqi aktların tələblərinin müəssisə tərəfindən riayət olunması vəziyyəti araşdırılarkən, cəmiyyətin ərazisinin şimal hissəsində məişət və istehsalat tullantılarının (yumurta qalıqları, çiy və bişmiş toyuq ətlərinin hissələri, plastik qablar) ərazidə qalaqlanması və yandırılması izləri müşahidə edilmişdir. Həmçinin, ASC ərazisində 13 mart 2024-cü il tarixdə “Renderinq” və digər ərazilərdə sabit hava şəraitində, saat 10-14:00 radələrində qurğuların fəaliyyətdə olduğu müddətdə atmosfer havasında çirkləndiricilərin miqdarını təmin etmək məqsədilə ölçmə işləri aparılmış, səyyar qaz analiz edicilərin göstəricilərinə görə çirkləndirici maddələrin miqdarı ətraf mühit üçün yol verilən hədd daxilində olduğu müəyyən edilmişdir. Müəssisə üçün atmosfer havasına atılan zərərli maddələrə görə “Xüsusi icazə” sənədi alınmamışdır. Bununla müəssisə tərəfindən Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 47-ci maddəsi, “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 9-cu,11-ci və 12-ci və “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun 12-ci və 16-cı maddələrinin tələblərinin pozulması aşkar edilmişdir. Eyni zamanda, "xxxx" ASC-nin baş mühəndisi Şahbaz Ağayevin 13 mart 2024-cü il tarixli izahatından görünür ki, atmosfer havasına zərərli maddələrin atılmasına görə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsinin alınması üçün rəsmi müraciət olunmuş, habelə sözügedən sənəd 2 gün ərzində onlara veriləcəkdir. Bundan başqa, xüsusi ayrılmış yerdə olan tullantılar Siyəzən rayon KMK tərəfindən hər gün daşınıb aparılmışdır. Azərbaycan Respublikası İXM-nin 234.0.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması inzibati xətaya səbəb olan əməldir. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi inzibati xətaya səbəb olan əməldir. Sözügedən məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən tullantıların zərərsizləşdirilməsi dedikdə, ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılması, tullantılar dedikdə, qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar, tullantıların idarə olunması dedikdə, isə tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyət başa düşülür. Bu Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən atmosfer havasına zərərli maddələrin stasionar mənbələrdən atılmasına yalnız müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş qaydada verdiyi xüsusi icazə əsasında yol verilir. Bu Qanununun 12.2-ci maddəsinə əsasən xüsusi icazədə atmosfer havasına zərərli maddələrin atılmasının yol verilən həddi və atmosfer havasının mühafizəsini təmin edən digər şərtlər müəyyən edilir. Həmin Qanununun 12.4-cü maddəsinə əsasən atmosfer havasına zərərli fiziki təsirə müvafiq icra hakimiyyəti orqanının verdiyi icazə əsasında yol verilir. Sözügedən Qanununun 16.1-ci maddəsinə əsasən müəssisə və təşkilatların, yaşayış məntəqələrinin ərazisində atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının saxlanılması, basdırılması, zərərsizləşdirilməsi qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilir. Həmin tullantıların xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Yenə sözügedən Qanunun 28.0.8-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının toplanması: yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral kübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havası çirkləndikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi "xxxx" ASC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni cəmiyyətə məxsus ərazidə formalaşan bərk məişət və istehsalat tullantılarının ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadan qalaqlanaraq yandırılması, bununla da, sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə riayət edilmədən atmosferə ətraf mühit üçün təhlükəli olan zərərli maddələrin atılması, həmçinin bunun üçün müvafiq icra hakimiyyəti orqanından xüsusi icazənin alınmaması iş materialında olan akt, protokol, fotoşəkillər və işdə olan digər sənədlərlə də müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 234.0.1ci və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaların xarakterini, o cümlədən, törədilmiş inzibati xətalar nəticəsində ətraf mühitin ziyana məruz qalmaqla, bu xətaların insanların sağlamlığına mənfi təsir göstərməsini, "xxxx" ASC-nin müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan atmosferə zərərli maddələr atmasını, məişət və istehsalat tullantılarını ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadan qalaqlanaraq yandırmasını, bununla da maraqlarını təmin etməklə, maliyyə üstünlüyü əldə etməsini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, "xxxx" ASC-yə İXM-nin 234.0.1-ci və 271 maddələrinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci və 271ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, cəmiyyətə 8000 (səkkiz min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar