Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-79/2022 12.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Marnueli rayonu, Kürtlər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 19 dekabr 2021-ci il tarixdə, saat 21:15-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 102-ci kilometrliyində X1 idarə etdiyi “Mitsubishi L 200” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs idarə etdiyi “Kia Optima” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobil yolun Bakı istiqamətindəki hərəkət hissəsi üzərində toqquşmuş, nəticədə “Mitsubishi L 200” markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədən xəsarəti almışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 19 dekabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Bakı-Quba avtomobil yolunun 102-ci kilometrliyində Kia Optima markalı avtomobillə, 60-70 km/saat sürətlə yolun sağ hərəkət hissəsi nahamar olduğundan sol hissəsi ilə hərəkətdə olarkən güzgüdən Mitsubishi L 200 markalı (pikap) avtomaşının arxası ilə gəldiyini görmüş, habelə həmin avtomaşın bir qədər gəldikdən sonra onu sağ tərəfdən ötməyə başlamış, bu zaman o, da dönmə işıqlarından istifadə etmədən avtomaşınını sağa çəkmiş, həmin vaxt onun avtomaşının qabaq sağ tərəfdəki təkəri pikapın arxa sol təkərinə dəymişdir. Toqquşmadan sonra nəqliyyat vasitələrini saxlayıb, təcili yardım və DYP-nin əməkdaşlarını çağırmış, toqquşduğu avtomobilin sürücüsü Qamət Süleymanov olmuşdur. Təcili yardım gəldikdən sonra müayinələr edilmiş, ağır xəsarət müəyyən edilməmiş, habelə Şabran rayonuna gedərək müayinədən keçmişlər. Hadisə vaxtı sərxoş olmamış, səhhəti, eləcə də görməsi normal olmuşdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, 19 dekabr 2021-ci il tarixdə, saat 21:00 radələrində əri Qamət Süleymanovun idarə etdiyi Mitsubishi L 200 markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba rayonundan Bakı şəhərinə evə qayıdarkən o, sağ qabaq, oğlu Zərərçəkmiş şəxs2 isə onun arxasında əyləşmiş, habelə sonuncu həmin an yatmışdır. Bu vaxt onlardan qarşıda Şəxs avtomobili ilə hərəkətdə olmuşdur. Yol narahat olduğundan sözügedən avtomobilə çatmamış o, ərinə qarşılarındakı avtomobilin yaxşı idarə olunmadığını bildirmişdir. Çünki, dövlət qeydiyyat nişanını xatırlamadığı Kia Optima markalı avtomaşın sağ-sol edərək, gah surətli, gah da əyləcdən istifadə etməklə, hərəkətdə olmuşdur. Bu halı o, hələ avtomaşına 100 metr qalmış müşahidə etmiş və ərinə bildirmişdir. Bundan əlavə, onlar avtomaşını sağ tərəfdən ötmək istədikdə, hər iki avtomobilin hərəkət surəti az olmuş, həmin vaxt Elvin güzgüdən istifadə etmədiyindən onları görməmiş, ötmə başa çatan məqamda onların avtomaşını ilə arxa tərəfdən toqquşma baş vermiş, habelə avtomaşınları üç dəfə fırlanıb, dəmir maneələri əzib, çökəyə düşərək, onun tərəfdən yan istiqamətdə çevrilmiş, nəticədə o, beyin silkələnməsi xəsarəti almışdır. Hadisədən sonra ora təcili yardım gəlsə də, o, narahat olmaqla, təzyiqi yuxarı olduğundan, həmçinin oğlu qorxaraq, ağladığı eləcə də uşaqda qusma halı baş verdiyi üçün xəstəxanaya getməmiş, bu barədə imtina ərizəsi yazmışdır. Lakin, hadisənin səhəri o, özündə narahatlıqlar hiss etdiyindən müayinədən keçməklə, diaqnozu qoyulmuş, oğlunu isə 2-3 gün müayinəyə aparmamış, amma sonuncuda baş gicəllənmələri olduğu üçün müayinə etdirsə də, alın nahiyəsində yüngül toxuma əzilmələri olduğu bildirilib, keçib-gedəcəyi qeyd olunmuşdur. Hazırkı vaxtda hadisə ilə bağlı şikayətçi olmasa da, avtomaşınlarına dəymiş 9500 manat zərərdən 5000 manatı sığorta şirkəti tərəfindən qarşılanmış, qalan hissəsinin alınması üçün isə mülki qaydada yaşayış yeri üzrə məhkəməyə müraciət edəcəklər. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına, eləcə də yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, həmçinin Şöbə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin, eləcə də yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 13 fevral 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə protokol tərtib edilməsi üçün materiallar BDYPİ-nin YPX alayına göndərilmişdir. Həmçinin, qərarın, eləcə də sürücülük vəsiqəsinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, "Kia Optima” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 fevral 2021-ci il tarixdən Şəxs adında olmuş, həmçinin sonuncu 12 fevral 2020-ci il tarixdən 12 fevral 2030-ci il tarixədək etibarlılıq müddəti olan “BC” kateqoriyalı sürücülük hüququna malik olmaqla, avtomobilini ayıq vəziyyətdə idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 08 fevral 2022-ci il tarixli, 94 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində baş beyin silkələnməsi və boyunun əzələ-bağ aparatının gərilməsi ilə müşayiət olunmuş qapalı kəllə beyin travması xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 19 dekabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 08 fevral 2022-ci il tarixli, 103 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarət aşkar olunmamışdır. Bakı şəhər X4 Zərərçəkmiş şəxs2 qoyulmuş “sağ alın nahiyəsində yumşaq toxumasının əziyi, stlovdis palpator ağrı təyin edilir, baxış zamanı travma izi təyin edilmir” diaqnozu xəsarətin obyektiv əlamətləri ilə əsaslandırılmadığından xəsarət kimi qiymətləndirilməmişdir. Bundan əlavə, yuxarıda qeyd edilən qərarın surətindən görünür ki, Şəxs öz hərəkəti ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş, yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs idarə etdiyi “Kia Optima” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomaşınla 19 dekabr 2021-ci il tarixdə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 102-ci kilometrliyində yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 12 aprel 2020-ci il təvəllüdlü Minayə və 18 iyul 2021-ci il təvəllüdlü İlham adında uşaqları vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, təqdim olunmuş sübutlar əsasında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yol hərəkətinin iştirakçısı Şəxs yerdəyişməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli olduğu, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, təqsirli hərəkətləri nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül bədən xəsarəti yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsi, həmçinin himayəsində 2 azyaşlı uşağının olmaqla, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmaması nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-79/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-79/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver