Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-81/2022 19.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxx 1974-cü il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14 mart 2022-ci il tarixdə saat 08:38 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonu, Yenikənd kəndində, birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs1 döyməklə sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 19 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, Şəxs 14 mart 2022-ci il tarixdə, saat 08:38 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonu, Yenikənd kəndində, birgə yaşadıqları evdə Zərərçəkmiş şəxs1 döyməklə, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Belə ki, onlar yerdən bərabər olan çiy kərpicdən tikilmiş yarımçıq tikilidə, şəraitsiz evdə yaşayırlar. Şəxs heç bir yerdə işləmir, tez-tez yaşadıqları evi tərk edərək, günlərlə qayıtmır. Zərərçəkmiş şəxs1 isə qızı ilə bərabər Quba rayonunda işləyir. Bundan əvvəl də dəfələrlə tərəflərin aralarında münaqişələr yaranmış, lakin sonradan arvadı Ləman ərinin bu cür əməlləri bir daha törətməyəcəyini zənn edərək, barışdıqları üçün məhkəmə qarşısına çıxarmaq zərurəti yaranmamışdır. Hazırda tərəfindən onlar münaqişəli ailə kimi qeydiyyatda alınmışdır. Belə ki, sonuncuların ailə münasibətləri kəskin vəziyyətdədir, hətta Şəxs azad edildiyi təqdirdə, yenidən münaqişəni yaranması ehtimalı da vardır. Sonuncu mütəmadi olaraq, alkoqollu içkilər qəbul edir, lakin bir aydan çox olar, alkoqollu içki qəbul etmədiyini bildirsə də, arvadı sonuncu dəfə 3 gün əvvəl qəbul etdiyini, hazırda isə pulu olmadığı üçün qəbul edə bilmədiyini qeyd etmişdir. Münaqişələrin səbəbkarı və ailənin çətin durumda olması ilə əlaqədar, Şəxs günahkar hesab edir. Belə ki, o, Bakı şəhərində Ləmanın əmisinə məxsus müəssisə də işləməklə, aylıq 600-700 manat məvacib əldə etmişdir. Alkoqollu içkilər qəbul etdiyindən və ayaqlarında olan revmatizm səbəbindən qısa müddətliyinə ayaqları tutulmuş, sağaldıqdan sonra isə işdən yayınmışdır. Dəfələrlə işlə təmin edilsə də, spirtli içkiyə olan aludəçiliyi səbəbindən onu işdən çıxarmışlar. O, 14 mart 2022-ci il tarixdə yaşadığı evi tərk edib, Bakı şəhərinə getmiş, 16 aprel 2022-ci il tarixdə isə geri qayıtmışdır. Siyəzən rayonu ərazisində olarkən 19 aprel 2022-ci il tarixdə, saat 10:00 radələrində RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Siyəzən rayonu, Yenikənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 14 mart 2022-ci il tarixdə, saat 08:00 radələrində yaşadıqları evdə olarkən, arvadı Zərərçəkmiş şəxs1 ondan işə getməsini tələb etmiş, o, isə revmatizm xəstəsi olduğunu, bu səbəbdən də işləməkdə əziyyət çəkdiyini və xəstə olduğu üçün ona bir neçə gündən artıq iş verməyəcəklərini bildirmiş, bu minvalla, aralarında mübahisə yaranmışdır. Bu zaman arvadı Ləman onun ölüsünə, o cümlədən ölmüş anasının ünvanına nalayiq ifadələr işlətdiyindən, o da dözməyərək, qarşılıq vermiş və nalayiq ifadələr işlətmiş, eyni zamanda Zərərçəkmiş şəxs1 sol üz nahiyəsindən bir dəfə sillə zərbəsi vurmuşdur. Hadisə vaxtı evdə olan oğlu Zeynal ondan dayanmasını tələb edib, üzərinə gəldiyində onun da üz nahiyəsinə yüngül sillə zərbəsi endirmişdir. Bundan sonra o, evi tərk edib getmiş və 16 aprel 2022-ci il tarixdə geri qayıtmışdır. Hazırda əməlindən çox peşmandır. Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, 2021-ci ilin dekabr ayından etibarən qızı ilə birlikdə Quba rayonu, Qaraçay kəndində alma bağında işləyirlər. Bir dəfə işdən evə qayıdarkən Ayazın evdə olduğunu görüb, ondan “niyə bir stəkan çay dəmləmədiyini” soruşduqda, sonuncu “sənin 15 yaşlı qızın ləçərdir, gedirsiniz Qubada özünüzə kişi tapırsınız, evdə oturun işləməyin” deyə cavab vermiş və onu təhqir etmişdir. Əri Ayaz ailəyə heç bir maddi yardım göstərmir, uşaqların qayğısına qalmır, hətta onları daim təhqir edir. Belə ki, Ayaza nə üçün işləmədiyini soruşduqda, sonuncu ona “get namusunu 15-20 manata ver komunalları ödə dolan” deyə cavablar vermişdir. Sonuncu dəfə 14 mart 2022ci il tarixdə, saat 08:00 radələrində yaşadıqları evdə olarkən, Ayazdan evə köməklik göstərməsi üçün işləməsini xahiş edən zaman sonuncu “işləmirəm, yaxşı edirəm” deyə cavab verərək münaqişə başlatmış, əvvəlcə saçından tutub dartmış, lakin o, qaçıb canını qurtarmağa çalışanda onun baş nahiyəsini qapının qarşısında olan beton hissəyə vurmuşdur. Bu zaman oğlu Zeynal anasını vurmamasını deyərək, gəldiyində Ayaz, öncə oğlunu, daha sonra isə onu, əvvəlcə əlindəki kəmər, sonradan isə sillə zərbələri ilə vurmuşdur. Bu zaman DİN-nin 102 xidmətinə zəng vuraraq, məlumat versə də, polis əməkdaşları gələnə kimi Şəxs, 13 mart 2022-ci il tarixdə qonşusu Qızqayıt xanımdan bəzi sənəd işlərinin düzəldilməsi üçün borc olaraq aldığı 100 manat pulu da pəncərənin qarşısından götürüb, evi tərk edərək, getmişdir. Arxası ilə dəmiryoluna qədər palçıqda qaçıb, pulu istəməsinə baxmayaraq, əri Ayaz pulu qaytarmayacağını bildirərək, oradan uzaqlaşmışdır. Bundan sonra, əri Ayaz 16 aprel 2022-ci il tarixdə yaşadıqları evə qayıtmış, lakin qayıtdıqdan sonra fiziki işgəncələr etməsə də, nalayiq ifadələr işlətmişdir. Spirtli içki aludəçisi olduğu üçün Ayaz demək olar hər gün içki qəbul edir və bu zaman hərəkətlərinin mahiyyətlərini dərk edə bilmir, hətta azyaşlı qızının qarşısında geyimsiz formada gəzir, habelə qızına tez-tez fiziki işgəncələr edir. Bu səbəbdən də, onunla barışmaq istəmir. Boşanmaq istəsə də, mediasiya və məhkəmə xərclərini qarşılamağa imkanı olmadığı üçün məhkəməyə müraciət edə bilmir. Artıq tamamilə cana gəldiyi üçün Ayazla bir evdə yaşamaq istəmir, əlavə olaraq aliment də tələb etməyəcək, sadəcə evi tərk etməsini istəyir. İşləməklə gündəlik 12 manat qazanc əldə edir, uşaqların maddi ehtiyaclarını özü qarşılayır. Yalnız Ayazın pencəyini götürüb çıxıb getməsini tələb edir. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbirin görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 14 mart 2022ci il tarixdə, saat 08:38 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonu, Yenikənd kəndində, birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs1 döymüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 14 mart 2022-ci il tarixli, 44 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində başın sol təpə nahiyəsinin yumşaq toxumalarının əziyi aşkar edimişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən şəraitdə yarana bilər, yaranma müddəti bir günə qədər olub, 14 mart 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən 19 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Ayaz Qubanovdan şikayətçidir və barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş edir. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 14 mart 2022-ci il tarixdə saat 08:38 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonu, Yenikənd kəndində, birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs1 döyməklə sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran halın olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən ailədən daxilində münaqişəli vəziyyət yaratmağa meylli olmaqla, tüfeyli həyat keçirməsini, ailəsinə maddi yardım göstərməməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yüngülləşdirici halı nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 19 aprel 2022-ci il tarixdə saat 10.00-da tutulması (faktiki saxlanması) və buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 19 aprel 2022-ci il tarixdən saat 10.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-81/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-81/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver