Məhkəmə qərarları › İş №3(059)-82/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-82/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-82/2024 10.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Şabran rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Siyəzən rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2351/2021 saylı icra vərəqəsi üzrə yaranmış 3800 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən 10 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, sözügedən icra sənədi Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra, icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Samir Yariyevə tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda, Şəxs barəsində 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim edilmiş, habelə bu məhkəmənin müvafiq qərarı ilə sonuncuya həmin tarixdə 500 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Bununla yanaşı, son vaxtlar Şəxs yaşadığı yeri müəyyən etmək, eləcə də, onunla əlaqə saxlamaq mümkün olmadığından barəsində axtarış elan edilmiş, habelə Samir, 08 may 2024-cü il tarixdə axtarışda olan şəxs kimi icra və probasiya şöbəsinə gətirilsə də, iltizam alınaraq, sərbəst buraxılmaqla, hazırki məhkəmə iclasına könüllü gəlmişdir. Bundan başqa, Şəxs sonuncu dəfə 2024-cü il mart ayında 50 manat məbləğində aliment borcundan ödəniş etsə də, qalıq borc məbləği uzun müddətdir ödənilməmiş qalmaqla, zərərçəkmiş şəxs bu borcun tam ödənilməsini tələb edir. Bundan əlavə, Şəxs səhhəti ilə əlaqədar işləmədiyi üçün aliment borcunu ödəyə bilmədiyini qeyd etsə də, ona təyin edilmiş ikinci dərəcəli əlillik dayandırılmaqla, sonuncu hal-hazırda heç bir növ sosial ödəniş almır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, o, səhhəti ilə əlaqədar işləyə bilmədiyi üçün, yaranmış 3800 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəyə bilməmişdir. Belə ki, əvvəllər ikinci dərəcəli əlil kimi 130 manat məbləğində pensiya alsa da, təkrar müayinədən keçmədiyi üçün sosial ödənişi dayandırılmışdır. Bundan başqa, 08 may 2024-cü il tarixdə axtarışda olan şəxs kimi şöbəyə gətirilsə də, sonradan ondan iltizam alınaraq, sərbəst buraxılmış, habelə hazırki məhkəmə iclasına könüllü gəlmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs hazırki tarixə ona 3800 manat ödənilməmiş aliment borcu vardır. O, Şəxs bu borcdan 1500 manat məbləğini bir dəfəlik, qalan məbləği isə hissə-hissə ödəməyi təklif etsə də, sonuncu buna əməl etməməklə, himayəsində olan övladlarının maddi tələbatları ilə maraqlanmamışdır. Hazırda Şəxs aliment borcunu ödəmədiyi üçün sonuncu barəsində həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2351/2021 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 15 aprel 2024-cü il tarixdə borclu barədə axtarış elan edilmişdir. İş materiallarında olan Siyəzən rayon Polis Şöbəsinin 08 may 2024-cü il tarixli, 3-13- 106/2-5100/2024 saylı məktubunun və Şəxs tərəfindən Siyəzən rayon icra və probasiya şöbəsinə verilmiş iltizamın surətlərindən görünür ki, axtarışda olan Şəxs 08 may 2024-cü il tarixdə RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək, həmin tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə gətirilib təhvil verilsə də, o, sonuncu qeyd olunan tarixdə, Zərərçəkmiş şəxs iştirak etmədiyi üçün 10 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gələcəyinə dair vəd vermişdir. Həmçinin, Zərərçəkmiş şəxs Siyəzən rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən ona ümumilikdə 3800 manat aliment borcunun olduğunu, bu səbəbdən də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İşdə olan 10 may 2024-cü il tarixdə çap olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, Şəxs sol ağ ciyərin fibroz-kavernoz vərəmi qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə ümumi xəstəlik səbəbindən 27 noyabr 2015-ci il tarixdən, 27 noyabr 2020-ci il tarixədək İİ dərəcəli əlilliyi olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 Siyəzən rayon icra və probasiya şöbəsinə ünvanladığı 10 may 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Şəxs filialdan heç bir növ sosial ödəniş almır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sol ağ ciyərin fibroz-kavernoz vərəmi qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu xəstəliyindən əziyyət çəkməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, sol ağ ciyərin fibroz-kavernoz vərəmi qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu xəstəliyindən əziyyət çəkməsi kimi yüngülləşdirici halın mövcudluğunu nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 600 (altı yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar