Məhkəmə qərarları › İş №3(059)-83/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-83/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-83/2022 31.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, X1 vəkili və nümayəndəsi X7, Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndələri X4 və X6 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X10 12 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə 4400 manat məbləğində cərimə edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi X16 tərəfindən onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 4400 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, qeyd olunan qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata onun əməlində inzibati xətanın tərkibinin olmaması səbəbindən xitam verilməlidir. Belə ki, qərar qəbul etmiş vəzifəli şəxsin mövqeyinə əsasən Siyəzən şəhəri 2 nömrəli məktəbin yaxınlığında onun tərəfindən aparılan söküntü və hasarlama işləri zamanı köküstə yaş halda 2 ədəd göyrüş ağacı kəsilərək, məhv edilmişdir. Vəzifəli şəxsin qərarında qeyd edilənlərin ona hər hansı formada aidiyyəti sübuta yetmir. Həmin ərazi onun mülkiyyət, icarə və ya istifadəsində deyil, habelə orada onun tərəfindən tikinti və hasarlama işləri aparılmır, ən əsası sözügedən ərazidə hər hansı ağac və ya kolun məhv edilməsinin ona aidiyyəti yoxdur, bu onun marağında deyildir. Bundan başqa, o, 14 yanvar 1954-cü il təvəllüdlü olmaqla, 68 yaşlı qoca kişidir, onun fiziki vəziyyəti hər hansı budağı belə əyməyə imkan vermir. Göründüyü kimi qəbul edilmiş qərar sübutlara deyil, cəfəngiyat və uydurmalara əsaslanır. Odur ki, qeyd olunanların nəzərə alınmasını, habelə barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçinin vəkili və nümayəndəsi X13 şikayət ərizəsini müdafiə etməklə, göstərilənləri təsdiq edərək, əlavə olaraq izahatında göstərdi ki, mübahisələndirilən qərarı 13 aprel 2022-ci il tarixdə kuryer vasitəsilə rəsmi qaydada almış, şikayəti isə 16 aprel 2022-ci il tarixdə, yəni imzalandığı gün verməklə, müəyyən edilmiş müddəti ötürməmişlər. İnzibati orqan əgər bir insanın hər hansı bir inzibati xətanı həyətdə törədiyinə istinad edərək, üzərindən 5 il keçdikdən sonra həmin ərazidə kimsənin ağac kəsməsini, yenə də həmin şəxsin kəsməsi kimi düşünüb, sonuncunu çağıraraq, məsuliyyətə cəlb edir. Halbuki, inzibati xəta haqqında işdə şübhələrə deyil, sübutlara əsaslanılmalıdır. Ən azından fotoşəkil çəkilməli, şahid ifadəsi alınmalı, buna istinad edilməlidir. Yoxsa, bələdiyyə arayış versə ki, Musa Musayev ərazidə kimisə öldürüb, o, əsasla onu məhkum etmək olmaz. İnzibati xəta bir növ cinayətin kiçik formasıdır. Ancaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən hər hansı bir sübuta istinad edilmir. İnzibati araşdırma ilə əlaqədar Musa Musayevin dəvət olunması barədə isə onda hər hansı bir məlumat yoxdur. Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X11 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, hadisə 07 oktyabr 2021-ci il tarixdə başlamış, habelə Siyəzən şəhər sakinləri yaşıllığın kəsilməsi, ərazinin hasara alınması ilə əlaqədar şikayət etmişlər. Bu səbəbdən də, o və idarənin digər əməkdaşı Elşən Mirzəyev hadisə yerində olmuş, o cümlədən Musa Musayevin ərazidə rəhbərlik etdiyini, göstəriş verdiyini, həmçinin ərazidə söküntü işlərinin aparıldığını müşahidə etmişlər. Orada ağaclar məhv olmuş, həmçinin izahat verərkən Musa Musayev ağacları onun məhv etdiyini bildirdikdə, onun barəsində ilk dəfə 07 oktyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan sonra, ərazidə qalan ağaclar sayılmış və bələdiyyəyə ərazidə qalan ağacların sayı, ərazidə aparılan söküntü işləri ilə bağlı məlumat verilməklə, ərazinin mühafizəsinin təmin edilməsi istənilmişdir. İkinci dəfə Siyəzən şəhər sakini Musa Musayevin qapıbir qonşusu Namik Hüseynquliyev 09 mart 2022-ci il tarixdə şikayət edərək, ağacların kəsildiyini, qanunsuz tikinti aparıldığını bildirmişdir. Bununla əlaqədar təkrarən ora gedildikdə, ərazidə artıq hasarlama işləri tamamlanmaqla, darvazanın qoyulduğu, əraziyə heç kimin buraxılmadığının şahidi olmuşdur. Bununla belə 31 mart 2022-ci il tarixdə baxış baş tutmuş, baxışda Musa Musayevin özü də iştirak etmiş, habelə iki ədəd ağacın kəsildiyi müəyyən edilmişdir. Bununla əlaqədar Musa Musayev “ola bilər, ağaclara qarovul çəkməyəcəm ha, kəsilə bilər də, tikinti gedən ərazidir, söküntülər gedir” deyə bildirmişdir. Həmçinin, tikinti işlərinin, hasarlanmanın, Musa Musayev tərəfindən aparılması ilə əlaqədar bələdiyyə müvafiq arayış da vermişdir. Belə ki, ərazi hasarlandığından ora heç kəs keçə bilməz. Müşahidə edilənlərlə bağlı 31 mart 2022-ci il tarixdə tərtib olunmuş aktla Musa Musayev də tanış olmaqla, bu sənədi imzalasa da, hadisə ilə əlaqədar protokol yazıldığı qeyd edildikdə, sonuncu eyni tarixli protokolu imzalamaqdan imtina etmiş, bununla bağlı protokolda müvafiq qeyd edilmişdir. Cərimə məbləği iki ağacın kəsilməsi ilə əlaqədar hesablanmış, bir ağac üçün cərimə məbləği 2200 manat müəyyən edildiyindən, məbləğ 4400 manat təsbit edilmişdir. Beləliklə, iki ədəd ağacın Musa Musayev tərəfindən kəsilməsi tərtib olunmuş müvafiq aktla öz təsdiqini tapmışdır. Bundan əlavə, 11 aprel 2022-ci il tarixdə aparılmış inzibati araşdırma ilə əlaqədar idarənin hüquq şöbəsi tərəfindən Musa Musayevə bildiriş göndərilmiş, bildiriş 07 aprel 2022-ci il tarixdə onun tərəfindən qəbul edilmişdir. Odur ki, sözügedən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin digər nümayəndəsi X9 əlavə izahat verməyərək, idarənin nümayəndəsi Aysəf Bayramovun bildirdiklərini təsdiq etdi. Məhkəmə şikayətçinin nümayəndəsi və vəkilinin, qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, X5 tərəfindən 09 mart 2022-ci il tarixdə tərtib edilməklə, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Qafar Ağayevə ünvanlanmış ərizənin surətindən görünür ki, X18 şəhər 2 saylı məktəbin yaxınlığındakı yaşıllıq sahəni metal lövhə ilə qanunsuz olaraq hasara almış və o, hasar daxilində olan ağac və kolları xəlvəti şəkildə qanunsuz olaraq məhv edir. İşdə olan Siyəzən rayonu Siyəzən Bələdiyyəsinin 30 mart 2022-ci il tarixli, 105 nömrəli arayışının surətindən görünür ki, ünvan 1ğında təmizlik və abadlıq işləri aparılmışdır. Bu məqsədlə ərazidə olan özbaşına tikililər sökülmüşdür. Həmin ərazidə 2 ədəd köküstə yaş kolu gecə radələrində məqsədli şəkildə naməlum şəxslər kəsmişdir. Bələdiyyə tərəfindən həmin ərazidə heç bir ağac və kol kəsintisi aparılmamışdır. Həmin ərazi Siyəzən şəhər sakini Musa Musayev tərəfindən hasara alınmışdır. İşdə olan 31 mart 2022-ci il tarixli, 73995 nömrəli aktın surətindən görünür ki, Musa Musayev tərəfindən ərazidə aparılan söküntü və hasara alma işləri zamanı köküstə yaş halda 2 ədəd göyrüş cinsinə mənsub ağac kökboğazından kəsilərək məhv olunmuşdur. Siyəzən bələdiyyəsi rəsmi arayış verərək həmin ərazidəki hasarlanma işlərinin Musa Musayev tərəfindən aparıldığını bildirmiş, sonuncu isə həmin ərazidə söküntü və hasarlama işlərinin onun tərəfindən aparıldığını şifahi olaraq bildirsə də, sənədlərin hələ hazır olmadığından təqdim edə bilməyəcəyini, həmçinin hal-hazırda layihə sənədlərinin hazırlandığını şifahi olaraq qeyd etmişdir. Qeyd olunan ağacların götürülməsinə Ekologiya və Təbii sərvətlər Nazirliyindən müvafiq rəy alınmamışdır. Bununla da, Siyəzən şəhəri, Vidadi küçəsi, 22 saylı evin sakini X8 tərəfindən Azərbaycan Respublikası “Yaşıllıqların mühafizəsi haqqında” qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarı ilə təsdiq olunmuş “Yaşıllıqların götürülməsi qaydası”nın müvafiq maddələrinin tələbləri pozulmaqla, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsinə uyğun inzibati xəta törədilmişdir. Təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarına əsasən hesablanıb akta əlavə olunmuşdur. Bundan əlavə fotoşəkillər də akta əlavə olunmuşdur. Bu akt 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçi müfəttişi Elşən Mirzəyev, aparıcı məsləhətçi Aysəf Bayramov, Siyəzən rayonu Siyəzən Bələdiyyəsinin sədri Azər Babayev və Musa Musayev tərəfindən imzalanmışdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçi müfəttişi X9 tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, ünvan 1ğında X8 tərəfindən aparılan söküntü və hasarlama işləri zamanı köküstə yaş halda 2 ədəd göyrüş ağacının kəsilməsi, məhv edilməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X10 12 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə sonuncu (fiziki şəxs qismində) barəsində 4400 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin İV və V hissələrinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci (texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda) və 13.1.6-cı (ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda) maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarı ilə təsdiq olunmuş “Yaşıllıqların götürülməsi qaydası”nın 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. Bu Qaydanın 2-ci bəndinin İ, İİ, İİİ və İV hissələrinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Siyəzən şəhər 2 saylı tam orta məktəbin yaxınlığında aparılan söküntü və hasarlama işləri zamanı köküstə yaş halda 2 ədəd göyrüş ağacının kəsilməsinə, məhv edilməsinə görə şikayətçi Azərbaycan Respublikasının İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş, buna görə barəsində müvafiq protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilmiş, habelə şikayətçi inzibati qaydada 4400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı şikayət üzrə, yəni barəsində qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı sübutetmə yükü də məhz şikayətçinin üzərinə düşür. Şikayətçi tərəfindən isə şikayətini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iş materiallarından da göründüyü kimi şikayətçi Musa Musayev tərəfindən Siyəzən şəhər 2 saylı tam orta məktəbin yaxınlığında aparılan söküntü və hasara alma işləri zamanı köküstə yaş halda 2 ədəd göyrüş cinsinə mənsub ağac kökboğazından kəsilərək məhv olmuş, habelə Siyəzən rayonu Siyəzən Bələdiyyəsinin 30 mart 2022-ci il tarixli arayışında həmin ərazidəki hasarlanma işlərinin Musa Musayev tərəfindən aparıldığı bildirilməklə yanaşı, sonuncu da sözügedən ərazidə görülən hərəkətlərin onun tərəfindən aparıldığını etiraf etmiş, lakin sənədlər hazır olmadığından təqdim edə bilməyəcəyini, həmçinin layihə sənədlərinin hazırlandığını qeyd etmiş, o cümlədən bu hallar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarının, Siyəzən Bələdiyyəsinin sədrinin, eləcə də şikayətçi Musa Musayevin iştirakı ilə tərtib edilərək, sonuncunun da imzaladığı 31 mart 2022-ci il tarixli aktla öz təsdiqini tapmışdır. Eyni zamanda, qeyd olunan ağacların götürülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq rəy alınmamış, bununla əlaqədar müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə qərarı qəbul etməmiş, şikayətçi yaşıllığın götürülməsi vərəqinə malik olmamışdır. Beləliklə, şikayətçi Musa Musayevin şikayətində göstərdikləri özünümüdafiə xarakteri daşımaqla, yanaşı gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, şikayətçinin mübahisəli qərarın sübutlar əsasında qəbul edilməməsi ilə bağlı gətirdiyi arqumentlər onun şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Deməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən inzibati araşdırma aparılmaqla, X3 Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə inzibati cərimə edilməsi barədə 12 aprel 2022-ci il tarixli qərarı qəbul edərkən inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X10 12 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X10 12 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar