Məhkəmə qərarları › İş №3(059)-83/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-83/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-83/2025 27.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi işləyən, Siyəzən şəhəri, X12 küçəsi, ev 14 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Nazim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(059)-44/2024-006 saylı icra sənədinə əsasən borclu Şəxs ödəməli olduğu alimenti ödəməməsi ilə bağlı yaranmış 5900 manat aliment borcunun icrasından yayındığı üçün barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə 27 yanvar 2025-ci il tarixli MN ******* saylı protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. İcra sənədi üzrə tələbkar X1 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməsə də, 24 yanvar 2024-cü il tarixdə, Siyəzən rayon icra və probasiya şöbəsinə, eləcə də, rayon məhkəməsinə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(059)-44/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Əliyeva (Zeynalova) Nərmin Adıgözəl qızına ödənilməlidir. Borclu Şəxs ayağı sındığı üçün, sonuncu müəyyən müddət aliment borcundan ödəniş edə bilməsə də, ötən ilin avqust ayından hazırki vaxta ümumilikdə 700 manat ödəniş etmişdir. Bununla belə, tələbkar Nərmin Əliyeva (Zeynalova) aliment borcunun hər ay icra sənədində qeyd olunan məbləğdə ödənilməsini tələb etməklə bərabər, alimentin ödənilməməsi ilə bağlı müxtəlif orqanlara şikayətlər edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli icra sənədinə əsasən ondan tələbkar Əliyeva (Zeynalova) Nərmin Adıgözəl qızının xeyrinə aliment tutulmalıdır. Lakin, sözügedən icra sənədindən bir ay sonra yəni, 09 may 2024-cü il tarixdə ayağı sındığı, həmçinin İİ dərəcəli yanıq xəsarətləri aldığı üçün bu borcunu ödəyə bilməmiş, habelə ambulator müalicə aldığı vaxtda ayağının şəkilini tələbkara göndərərək, borcu ödəyə bilməməsinin səbəbini izah etmişdir. Bununla belə, ötən ilin avqust ayından dekabr ayına kimi ümumilikdə 700 manat aliment borcundan ödəniş etmişdir. Qeyd edir ki, fəhləlik etməklə həm özünün maddi tələbatları, həm də, digər xərclərini qarşılasa da, xəstə olduğu müddət ərzində işləyə bilmədiyi, bundan sonra isə, səhhəti ilə əlaqədar iş qabiliyyəti zəiflədiyi üçün, aliment borcunu icra sənədində qeyd olunan məbləğdə ödəyə bilməmişdir. O, alimenti üzürlü səbəblərə görə ödəməmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınması xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri tərəflərin izahatları və icra işi ilə birgə nəzərdən keçirərək hesab edir ki, Şəxs Nazim oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinin tələblərinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilir. Qanunun tələblərindən göründüyü kimi, İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün ilk növbədə icra sənədi mövcud olmalı, həmin icra sənədinin icrası ilə bağlı borcluya xəbərdarlıq edilərək müvafiq müddət təyin edilməli və borclu həmin müddət ərzində icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. İşin araşdırılan hallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2024cü il tarixli, 2(059)-44/2024 saylı qətnaməsi ilə 28 avqust 2012-ci il təvəllüdlü X3 və 28 may 2016-cı il təvəllüdlü X4 anaları, iddiaçı Zərərçəkmiş şəxs himayəsində və yanında saxlanılması, onların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 01 noyabr 2023-cü il tarixdən başlayaraq, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmiş və icra vərəqəsi üzrə Siyəzən rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş tərtib edilmişdir. Lakin icra işinə borclu Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra yerinə dəvət edilməsi, tərtib edilmiş bildirişin “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq borcluya göndərilməsi və onun tərəfindən qəbul edilməsi ilə bağlı hər hansı bir mötəbər sənəd və ya sübut əlavə edilməmiş, həmin bildiriş Şəxs tərəfindən protokol verilən tarixdən dörd gün öncə yəni, 23 yanvar 2025-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Bundan sonra 27 yanvar 2025-ci il tarixdə icra şöbəsinə dəvət olunmuş, onun izahatı alınmışdır. Bundan başqa Siyəzən rayon icra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarının qəbul edildiyi 15 aprel 2024-cü il tarixdən cəmi 24 gün sonra, yəni 09 may 2024-cü il tarixdə borclu Şəxs ayağı sınmış, həmçinin də yanmışdır. Qeyd olunan bu fakt borclunun və icra məmurunun izahatları ilə yanaşı, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Siyəzən rayon Mərkəzi Xəstəxanası” X7 məktubu ilə də təsdiq olunur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Siyəzən rayon Mərkəzi Xəstəxanası” X11 Siyəzən rayon icra və probasiya şöbəsinin sorğusuna cavab olan 18-1-69/2-99/2025 saylı məktubundan görünür ki, Şəxs 10 may 2024-cü il tarixdə, saat 10:50 radələrində Siyəzən RMX phş-in Poliklinika şöbəsinin Travmatoloji kabinetinə müraciət etmiş, xəstə rentgenoloji müayinə olunmuş və “sağ baldırın bayır topuğunun qapalı sınığı” diaqnozu qoyulmuşdur. Həmçinin, xəstəyə gips sarğısı qoyulmuş və evə buraxılmış, habelə sonuncu ambulator müalicə üçün xx.xx.2024-xx.xx.2024-cü il tarixi müddətində travmatoloji kabinetə müraciət edib və yara sarğısı olunmuşdur. Bundan başqa materiallara əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərdə müxtəlif məbləğlərlə ödənişlər edilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hallardan da göründüyü kimi, icra məmuru tərəfindən qanuni qaydada icra sənədi ilə bağlı xəbərdar edilməsə də, borclu Şəxs aliment borcundan ödənişlər etmiş, ayağında sınıq və yanıq olması ilə bağlı müəyyən dövrdə işləyə bilməmiş, ayağı düzələn kimi işləməyə başlayaraq aliment tələbinin icrasına davam etmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs üzürsüz səbəbdən aliment borcunu ödəməməsi, icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin icrasından boyun qaçırması və qaçıb gizlənməsi halları müəyyən edilmir. Beləliklə də, onun əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2.1, 114.2.1, 115, 117, 128-130, 528.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar