Məhkəmə qərarları › İş №3(059)-85/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-85/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-85/2024 10.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Quba rayonunun İsnovqışlaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs, Siyəzən Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 16(059)-2/2024 saylı icra vərəqəsinə əsasən yaranmış 1730 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 10 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, sözügedən icra sənədi 12 yanvar 2024-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, bundan sonra, icraata başlamaq haqqında qərar qəbul edilməklə, borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Bundan başqa, Şəxs aliment borcundan cəmi 220 manat ödəniş etsə də, qalan borcu işləməməsi səbəbindən ödəyə bilmədiyini qeyd edir, habelə Zərərçəkmiş şəxs üç övladını saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirərək, aliment borcunun ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, o, təxminən 3-4 gün olar Bakı şəhərində fəhləlik etsə də, daha əvvəl işsiz olduğu üçün aliment borcunu ödəyə bilməmişdir. Bundan başqa, hazırda işləməklə, hər ay 450 manat aliment borcundan ödəniş edəcəyinə vəd verir. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, üç övladı onun himayəsində olmaqla, onların maddi tələbatını valideynlərinin yardımı ilə təkqarşılayır. Şəxs əvvəllər ondan kart hesabı istəyib, aliment borcunu həmin hesaba ödəyəcəyinə dair vədlər versə də, buna əməl etməmiş, sonuncunun 1730 manat ödənilməmiş aliment borcu yaranmışdır. Hazırda Şəxs hər ay 400 manat aliment borcu ödəməsini tələb etməklə, sonuncu barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 16(059)-2/2024 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 23 aprel 2024-cü il tarixdə borclu barədə axtarış elan edilmişdir. İş materiallarında olan Siyəzən rayon Polis Şöbəsinin 10 may 2024-cü il tarixli, 3-13- 106/2-5153/2024 saylı məktubunun surətindən görünür ki, axtarışda olan Şəxs 10 may 2024-cü il tarixdə, RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək, həmin tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə gətirilib təhvil verilmişdir. İş materiallarında olan 05 mart 2024-cü il tarixli alimentin alınması haqqında qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs, borclu Şəxs 220 manat aliment pul vəsaitini qəbul etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs 10 may 2024-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs Siyəzən Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli icra vərəqəsinə əsasən ona ümumilikdə 1730 manat aliment borcunun olduğunu, bu səbəbdən də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən onun fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, aliment borcundan 220 manat ödəniş etməklə, ödənişləri davam etdirmək niyyətinin olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, aliment borcundan 220 manat ödəniş etməklə, ödənişləri davam etdirmək niyyətinin olması kimi yüngülləşdirici halların mövcudluğunu, həmçinin zərərçəkmiş şəxsin onun barəsində cərimə inzibati tənbehi tətbiq edilməsi xahişini nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar