Məhkəmə qərarları › İş №3(059)-87/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-87/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-87/2021 12.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən şəhəri, İ.Qayıbov küçəsi, ev 47 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 16:00 radələrində yaşadığı Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 150 saylı evin qarşısında X1 qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 0,287 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 0,130 qramını 2 ədəd bükümdə olmaqla, razılaşma yolu ilə 20 manata almış, bundan sonra, həmin gün, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Siyəzən şəhəri, M.Zəkiyev küçəsində saxlanılmaqla, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin ön sol yan cibindən 2 ədəd siqaretin gümüşü rəngli iç kağızına bükülü formada 0,067 qram və 0,063 qram olmaqla, 0,130 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, Siyəzən şəhəri, İ.Qayıbov küçəsi, ev 47 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və bir neçə müddət olar, narkotik vasitə heroin qəbul edir. X3 Siyəzən şəhər sakini kimi tanımış, aralarında normal münasibətlər olmuş, hər hansı ədavət və düşmənçilikləri olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında təxminən 15:00 radələrində o, X6 şəhəri ərazisində rastlaşıb görüşmüşdür. Onlar təxminən 1 və ya 2 saata yaxın müddət ərzində bir yerdə olmuşlar. Həmin vaxt onun güclü ağrıları olduğu üçün, o, narkotik vasitə heroin qəbul etmək istəmiş, bu məqsədlə istifadəsində mobil telefon olmadığından Təbriz Şirinovdan istifadəsində olan mobil telefonu götürərək, Təhmasib Əhmədovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə bir neçə dəfə zəng vurub sonuncu ilə danışmışdır. O, Təhmasib Əhmədova telefon danışıqları zamanı güclü ağrılarının olduğunu və buna görə də narkotik vasitə heroin qəbul etmək istədiyini bildirmiş, Təhmasibdən onun üçün narkotik vasitə heroin təşkil edə bilib-bilməyəcəyini maraqlanmış, sonuncu da ona narkotik vasitə heroin təşkil edə biləcəyini qeyd etmişdir. O, X5 Şirinova məxsus mobil telefon ilə kənara çəkilib danışdığından sonuncunun, onun Təhmasib Əhmədov ilə nə danışdığından xəbəri olmamış, Təbriz sadəcə olaraq danışmaq üçün mobil telefonunu istədiyi üçün ona vermişdir. Təhmasib Əhmədov ona narkotik vasitə heroin təşkil edə biləcəyini bildirdiyindən o, Təbriz Şirinovla sağollaşıb, Təhmasib Əhmədovun yaşadığı Siyəzən şəhəri, H.Əliyev küçəsinə getmişdir. O, həmin küçədə Təhmasib Əhmədovun yaşadığı evin qarşısında Təhmasib Əhmədovla görüşmüş, sonuncu ona 2 bükümdə narkotik vasitə heroini 20 manat müqabilində verə biləcəyini bildirdikdə, o, Təhmasiblə razılaşmışdır. Bundan sonra o, Təhmasib Əhmədova 20 manat nəğd pul vermiş, sonuncu da ondan 20 manat nəğd pulu götürdükdən sonra əvəzində 2 bükümdə narkotik vasitə heroin vermişdir. Daha sonra, o, həmin 2 bükümdə narkotik vasitə olan heroini götürərək əynində olan qəhvəyi rəngli yarımqol gödəkcəsinin qabaq sol yan cibinə qoymuş və yaşadığı ev istiqamətində piyada getməyə başlamışdır. Təxminən saat 17:00 radələrində Siyəzən şəhəri, M.Zəkiyev küçəsində olduğu zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edib, Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş, habelə üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu deyərək şəxsi axtarış aparılması məqsədilə onu Siyəzən RPŞ-yə dəvət etmişlər. Bundan sonra, o, polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə aparılmış, növbətçi hissədə onun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan əvvəl ona və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, ona bununla əlaqədar müvafiq bildiriş də təqdim olunmuşdur. O, hüquq və vəzifələrinin qeyd olunduğu həmin bildirişi imzalamaqla götürmüşdür. Həmçinin, onun üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda müdafiəçi Arif Həbibzadənin də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etmək təklif olunmuşdur. O, onsuzda üzərində keçirilən şəxsi axtarış zamanı Təhmasib Əhmədovun ona 20 manat müqabilində satdığı 2 bükümdə olan narkotik vasitə heroinin aşkar olunacağını bildiyi üçün, özü əynində olan qəhvəyi rəngli yarımqol gödəkcəsinin qabaq sol yan cibində saxladığı 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərini çıxaraq masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı o, həmin bükülülərin içərisindəki kütlənin narkotik vasitə “kokos” (heroin) olduğunu, özünün şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə Təhmasib adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra, onun üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində olan narkotik vasitə heroin kütlələri polis əməkdaşları götürülməklə 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlə möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, onun üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Daha sonra, onun üzərində şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və ucadan oxunmuşdur. Protokol doğru olduğundan o və digər iştirakçılar imza etmişlər. Hazırda, inzibati xətanın törədildiyi vaxtdan 1 ildən artıq müddət keçdiyindən bunun nəzərə alınmasını və onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün qərarın surəti Siyəzən rayon Polis Şöbəsinə göndərilmişdir. Bundan əlavə, qərardan görünür ki, Şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,090 qram olan narkotik vasitə heroin kütləsi maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 551 saylı ekspert rəyinin surətindən görünür ki, üzərində “...Şəxs üzərindən aşkar edilərək götürülmüş....” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,067 qram və 0,063 qram ümumi təmiz çəkisi 0,130 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Şəxs üzərindən aşkar edilərək götürülmüş heroinin təmiz çəkisi 0,130 qram təşkil etmiş, tədqiqata 0,040 qram sərf edildikdən sonra qalıq 0,090 qram qalmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığına görə inzibati xəta haqqında iş üzrə icraat həmin tarixdən dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə xx xxxxx 2021-ci il tarixli qərardan görünür ki, Şəxs yeri müəyyən edilərək, sonuncu Siyəzən RPŞ-yə gətirilmişdir. Eyni zamanda, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 19:10-da tutulmuş və xx xxxxx 2021-ci il tarixdə, saat 19:00-da isə azad edilmişdir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(059)-24/2020 saylı hökmünün surətindən görünür ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,090 qram narkotik vasitə heroin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 16:00 radələrində yaşadığı Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 150 saylı evin qarşısında X1 qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 0,287 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 0,130 qramını 2 ədəd bükümdə olmaqla, razılaşma yolu ilə 20 manata almış, bundan sonra, həmin gün, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Siyəzən şəhəri, M.Zəkiyev küçəsində saxlanılmaqla, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin ön sol yan cibindən 2 ədəd siqaretin gümüşü rəngli iç kağızına bükülü formada 0,067 qram və 0,063 qram olmaqla, 0,130 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göründüyü kimi hazırda Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud olsa da, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədildiyi vaxtdan bir il keçmişdir. İXM-in 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xətaların törədildiyi vaxtdan bir il keçdiyindən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin, iş üzrə maddi sübut olan qalıq çəkisi 0,090 qram təşkil edən narkotik vasitə heroin kütləsinin məhvinə Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(059)-24/2020 saylı hökmü ilə qiymət verilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 38.5, 53.0.6, 114.1.4 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, hakim qərara aldı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut olan Şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,090 qram təşkil edən narkotik vasitə heroin kütləsinin məhvinə Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(059)-24/2020 saylı hökmü ilə qiymət verilməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar