Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-90/2022 01.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Quba regional ərazi şöbəsinin nümayəndəsi X1, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 iştirakları ilə xx xxxxxx 1969-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN **********), ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Şəxs DƏMX-nin Quba regional ərazi şöbəsinin 28 avqust 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarına əsasən 3000 manat cəriməni ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X4 tərəfindən 16 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. İş materiallarından, o cümlədən şəxsi məlumatların elektron çıxarışlarından görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN **********), olmaqla, yanaşı sonuncu fəaliyyətini dayandırmamış, həmçinin adına daşınar və daşınmaz əmlaklar aşkar edilmişdir. Halbuki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 16 may 2022-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində verdiyi izahatında işsiz olması ilə əlaqədar maddi vəziyyətinin aşağı olmasını əsas gətirməklə, cəriməni ödəmədiyini, həmçinin adına daşınar və daşınmaz əmlakın olmadığını göstərmiş, bununla da aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq dövlətin mənafeyindən irəli gələn öhdəlik üzrə vəzifələrinin icrası ilə əlaqədar qeyri-səmimilik nümayiş etdirmişdir. Bu mənada, qeyd olunmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlətin mənafeyi ilə bağlı olan məsələdə öz mənafeyini üstün tutmaqla, kifayət qədər əsaslar olmadan barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın icrasından yayınmağa çalışmış, bunun üçün özünü müdafiə xarakterli mövqe tutmaqla, əsassız mülahizələr irəli sürmüş, arqumentlərlə çıxış etməklə, maddi sıxıntı çəkməsi ilə bağlı təsəvvür yaratmağa çalışmışdır. Yəni, Şəxs kifayət qədər zəruri vəsaitə malik olsa da, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın təyin etdiyi cəriməni ödəmək əvəzinə, qanunvericinin humanist mövqeyindən öz xeyrinə istifadə edərək, həmin qərarı icra etməməyə görə İXM-nin 529.1-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməklə, ondan yayınmağı üstün tutmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını həyata keçirirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi hazırkı vəziyyətdə təyin edilmiş tənbehin icrası qaydası və şərtlərinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qərəzli icra edilməməsi halı kifayət qədər araşdırılmamış, o cümlədən onun inzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdə daşınar və daşınmaz əmlaka malik olması aşkar görülməsinə baxmayaraq, bunu rayon icra və probasiya şöbəsində verdiyi izahatında inkar etməsi, habelə bununla bağlı verilmiş ziddiyyətli izahatın nədən qaynaqlandığı, eləcə də hansı səbəbdən bu formada verildiyi öyrənilməmiş, onun sahibkarlıq fəaliyyəti ətraflı yoxlanılmamış, işsiz olmaqla, maddi məhrumiyyətlər içərisində yaşamasını təsdiq edən mötəbər sənəd və ya sübut inzibati xəta haqqında materiala əlavə edilməmiş, bu arqumentlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qəsdən, o cümlədən məqsədyönlü şəkildə tənbehinin icrasından qərəzli boyun qaçırmaq niyyəti ilə edilib-edilməməsi də təfərrüatlı şəkildə aydınlaşdırılmamış, beləliklə də, real həqiqət aşkara çıxarılmamış, məcburi icra tədbirləri həyata keçirilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinin İX və X hissələrinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Beləliklə, təqdim olunmuş sənədlərdən göründüyü kimi Siyəzən rayon icra və probasiya şöbəsində İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilənədək aparılmış inzibati araşdırma natamam olmuş, bu isə işə mahiyyəti üzrə baxılıb tamamlanmasına maneə olan, aradan qaldırılması məhkəmə iclasında mümkün olmayan çatışmazlıqların yaranmasına səbəb olmuşdur. İXM-nin 109-cu maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında araşdırma natamamlıqla aparıldığına və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 may 2022-ci il tarixli, MN seriyalı, ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Siyəzən rayon icra və probasiya şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-90/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-90/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver