Məhkəmə qərarları › İş №3(059)-91/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-91/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-91/2022 06.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, xx xxxxxx 1961-ci il tarixdə Ermənistan Respublikasının, Qafan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş 19 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 14 dekabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Şəxs Siyəzən rayonunun Köhnə Quşçu kəndindəki fermasında sonuncunun müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı 1 ədəd TOZ-B modelli, 1954-cü il istehsalı, 121492-54 nömrəli, 16 kalibrli, yivsiz, qoşalüləli ov silahı aşkar olunaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs oğlu İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 14 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməklə, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, bu qərardan görünür ki, Şəxs götürülmüş 1 ədəd TOZ-B modelli, 1954-cü il istehsalı, 121492-54 nömrəli, 16 kalibrli, yivsiz, qoşalüləli ov tüfəngi müvafiq qaydada saxlanması üçün Siyəzən RPŞ-nin NH-nə təhvil verilmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 14 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs yerini müəyyən etmək mümkün olmadığına görə inzibati xəta haqqında iş üzrə icraat həmin tarixdən dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə 18 may 2022-ci il tarixli qərardan görünür ki, Şəxs tutularaq RPŞ-yə gətirildiyindən onun barəsində icraatı dayandırılmış inzibati iş üzrə icraat təzələnmişdir. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 38-ci maddəsinin İİİ və V hissələrinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İşin faktiki hallarından da göründüyü kimi idarəçilik qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə araşdırma 14 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın əsasında aparılmış, habelə material üzrə icraat 14 fevral 2022-ci il tarixdə dayandırılsa da, 18 may 2022-ci il tarixdə təzələnmişdir. Bu mənada qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün 3 aylıq müddət ötürülməmiş, inzibati xəta haqqında protokol həmin müddət daxilində tərtib edilməklə, məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən də, hazırkı material üzrə inzibati xəta haqqında qanunvericiliklə müəyyən edilmiş 3 aylıq müddət ötürülməmiş hesab edilməlidir. Həmçinin, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni 1 ədəd TOZ-B modelli, 1954-cü il istehsalı, 121492-54 nömrəli, 16 kalibrli, yivsiz, qoşalüləli ov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni 1 ədəd TOZ-B modelli, 1954-cü il istehsalı, 121492-54 nömrəli, 16 kalibrli, yivsiz, qoşalüləli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar