Məhkəmə qərarları › İş №3(059)-96/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-96/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-96/2022 07.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakları ilə xx xxxxx 1976-cı il tarixdə keçmiş Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, o, Siyəzən Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(059)-293/2020 saylı icra vərəqəsinə əsasən 1330 manat borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərəfindən 07 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs borclu kimi keçdiyi Siyəzən Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(059)-293/2020 saylı icra sənədi 25 sentyabr 2020-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin icra sənədinə əsasən Şəxs cəmi 1980 manat pul tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, sözügedən icra sənədi üzrə 25 sentyabr 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Sonradan 02 oktyabr 2020-ci il tarixində borclu Şəxs bildirişi qəbul etmiş və bununla bağlı bildirişdə imza etmiş, izahatı alınmış, o, isə pulu tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. Bundan sonra, Şəxs yerini müəyyən etmək mümkün olmadığından onun barəsində 28 oktyabr 2020-ci il tarixdə axtarış işi açılmışdır. Daha sonra, 2021-ci ilin noyabr ayında polis əməkdaşları tərəfindən tutularaq, rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, həmin gün o, tələbkara 450 manat məbləğində ödəniş etmiş və tələbkar da ərizə ilə şöbəyə müraciət edərək, borcludan əlavə 200 manat aldığını, habelə 1330 manat borcun qaldığını bildirib, protokol verilməməsini xahiş etmişdir. Daha sonra borclu iltizam verərək, qalıq məbləği 10 gün ərzində ödəyəcəyini bildirsə də, yenidən borcu ödəməmişdir. Növbəti dəfə də borclunun yerini tapmaq mümkün olmadığına görə onun barəsində axtarış verilməklə, qərar icra olunması üçün polisə göndərilmiş, habelə 26 aprel 2022-ci il tarixdə barəsində axtarış işi açılmaqla, o, 07 iyun 2022-ci il tarixdə rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Tələbkardan icraya münasibəti öyrənilərkən sonuncu borcun tam şəkildə ödənilmədiyi təqdirdə, borclu barəsində protokol tərtib edilməsini xahiş etmiş və Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, iclasın onun iştirakı olmadan keçirilməsini rica etmişdir. Tələbkar borcunun tam şəkildə ödənilməsini tələb edir, borclu isə oğlunun gələrək 300 manata yaxın vəsait ödəyəcəyini qeyd etsə də, hər hansı bir ödəniş yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 300 manat hazırda qazi olan oğlu Nəcməddində olmaqla, həmin məbləği tələbkarın xeyrinə ödəməyə hazırdır. Bundan əlavə, o, təzəlikcə fərdi qaydada işləməyə başlamaqla, ayda 300-400 manat qazanc əldə edəcəkdir. O, tələbkara 200 və 450 manat məbləğində ödənişlər etsə də, qalıq 1330 manat borcu işləməməsi səbəbindən qaytara bilməmişdir. Bununla belə, bu gün borcundan 300 manatını qarşı tərəfə ödədikdən sonra qalıq borcu ayda 200 manat olmaqla, hissə-hissə ödəyə bilər. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməsə də, məhkəməyə, eləcə də rayon icra və probasiya şöbəsinə ünvanlandığı 07 iyun 2022-ci il tarixli ərizəsində qalıq 1330 manat borcun borclu Şəxs tərəfindən tam ödənilməyəcəyi təqdirdə, sonuncunun barəsində inzibati qaydada məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib olunmaqla, məhkəməyə təqdim edilməsini xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(059)-293/2020 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. İşdə olan mötəbər sənədlərin surətlərindən görünür ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə sözügedən icra sənədi üzrə borcdan cəmi 650 manat ödəniş etmiş, 1330 manat isə qalıq qalmışdır. İşdə olan SX seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, borclunun oğlu Nəcməddin Səmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə, 27 oktyabr 2020-ci il tarixdə travma almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, əməlindən səmimi peşmançılıq çəkməsi, qazi atası olmaqla, borcundan müəyyən ödənişlər etməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, təqsirinin dərəcəsini, yəni müəyyən ödənişlər etməklə, ödənişləri davam etdirmək niyyətinin olmasını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd edilən yüngülləşdirən halların mövcud olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar