Məhkəmə qərarları › İş №3(059)-96/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-96/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-96/2025 31.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən rayonu, Məşrif Ərazi Dairəsinin Qozağacı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə inzibati xətaları törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdim: Şəxs 30 yanvar 2025-ci il tarixdə, saat 21:40 radələrində Siyəzən rayon Polis Şöbəsinin inzibati binasının həyətində ucadan nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmamış və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 30 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, o, 30 yanvar 2025-ci il tarixdə, saat 21:40 radələrində Siyəzən rayon Polis Şöbəsinin inzibati binasının həyətində ucadan nalayiq söyüşlər söymüş və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 30 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 3(059)-96/2025 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-96/2025 və 3(059)-97/2025 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-96/2025 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş vəzifəli şəxs, Siyəzən Rayon Polis Şöbəsinin polis sahə rəisi X6 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən rayon Polis Şöbəsinin TQ-da araşdırılan material ilə bağlı şöbəyə gətirilmiş Şəxs əvvəllər də olduğu kimi polisin qanuni tələblərinə məhəl qoymamaqla bərabər, ucadan nalayiq ifadələr işlətmişdir. Həmçinin, şöbənin PPXBdən daxil olmuş raport əsasında Şəxs barəsində müvafiq protokollar tərtib edərək, baxılması üçün məhkəməyə təqdim etmişdir. Sədrlik edənin sualına cavab olaraq R.Məmmədov şöbənin inzibati binasının içərisində müşahidə kameraları quraşdırılsa da, binanın həyətində yəni, hadisə baş verən ərazidə ümumiyyətlə müşahidə kamerası quraşdırılmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, 30 yanvar 2025-ci il tarixdə işə getməsi üçün Bakı-Quba avtomobili yolunun kənarında dayanarkən, Siyəzən rayon Polis Şöbəsinin PPXB-ün əməkdaşları xidməti avtomobillə ona yaxınlaşaraq, oğurluq hadisəsində şübhəli olduğunu bildirib, şöbəyə getməli olduğunu qeyd etmişlər. O, RPŞ-yə gətirilərək, orada MSY-nə təhvil verilmiş və məhkəmədə iştirakı təmin olunanadək orada saxlanılmışdır. Bununla belə, polisin qanuni tələblərinə tabesizlik göstərməməklə yanaşı, nalayiq ifadələr işlətməmişdir. Hazırda polis əməkdaşları ona qarşı qərəzli mövqe nümayiş etdirirlər. Əks təqdirdə, şöbəyə aparılarkən xidməti avtomobilin və ya şöbənin inzibati binasında quraşdırılmış müşahidə kamerasının səs yazısını və ya görüntülərini təqdim etməklə, heç bir inzibati xəta hadisəsi törətmədiyini təsdiqləyə bilərlər. Bundan başqa, təhqiqat qrupunda barəsində araşdırma aparılsa da, bununla bağlı yaşadığı ünvana bildiriş göndərilməmiş, o heç vaxt rəsmi şəkildə polis orqanlarına dəvət edilməmişdir. Eyni zamanda o barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla razı olmadığı üçün həmin protokolları imzalamaqdan imtina etmiş və izahat da verməmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin PPXB-nün polis nəfəri X4 izahatında göstərdi ki, 30 yanvar 2025-ci il tarixdə, saat 21:30 radələrində Siyəzən şəhərinin Xətai küçəsi ərazisində xidmətdə olarkən, Şəxs görüb, ona oğurluq hadisəsi törətməkdə şübhəli olduğunu bildirib, rayon Polis Şöbəsinə getməli olduğunu qeyd etdiklərində, sonuncu etiraz etmişdir. Beləliklə, Şəxs tərəflərindən rayon Polis şöbəsinə gətirilmiş, xidməti avtomobildən enərkən aqressiv formada onlardan yayınmağa cəhd göstərmiş, həmçinin ucadan nalayiq ifadələr işlətmişdir. Sədrlik edənin suallarına cavab olaraq şahid Şəxs polis şöbəsinə gətirilməsi ilə bağlı heç bir rəsmi sənədinin olmadığını, sadəcə şifahi göstəriş əsasında gətirildiyini, Şəxs şöbənin həyətində “məni bura nə üçün” gətirmisiz ifadələrini işlətdiyini, hansı nəlayiq söyüşlər söydüyünü hazırda demək istəmədiyini, həmçinin şöbənin inzibati binasının həyətində yəni, hadisə baş verən ərazidə kamera olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X5 izahatında göstərdi ki, o, Şəxs hadisədən əvvəl rayon sakini kimi tanısa da, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bununla yanaşı, 30 yanvar 2025-ci il tarixdə, saat 21:00 radələrində rayon Polis Şöbəsində qrup rəhbəri kimi xidmət apararkən PPXB-ün Taleh və Fərid adlı əməkdaşları tərəfindən təhqiqat qrupunda araşdırılan material ilə bağlı şöbəyə gətirilmiş Şəxs münaqişə yaratdığının, hadisə yerinə yaxınlaşan zaman isə, sonuncunun ucadan ünvansız nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. Belə ki, bu zaman Şəxs “məni niyə gətirmisiz”, “nə qədər gəlməliyəm” deyə etiraz etmişdir. Qeyd edir ki, Şəxs barəsində məcburi gətirmə qərarının olub-olmasından məlumatlı olmasa da, sonuncunun barəsində axtarış qərarı olmamışdır. Bununla belə, şöbənin inzibati binasının içərisində müşahidə kameraları quraşdırılsa da, binanın həyətində yəni, hadisə baş verən ərazidə quraşdırılmamışdır. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin, həmçinin şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsində təqsiri sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarından da göründüyü kimi, İXM-nin 510-cu maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Eyni zamanda, İXM-nin 535.1-ci maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin araşdırılan hallarından görünür ki, iş materiallarına inzibati xəta haqqında protokolları tərtib etmiş orqan tərəfindən sübut kimi inzibati xəta haqqında protokollar və dindirilməsi üçün şahidlər təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollardan da göründüyü kimi həmin protokollar barəsində inzibati iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, o, həmin protokollarla razılaşmamış və izahat verməkdən imtina etmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bilməmiş, o polislərə tabesizlik göstərmədiyini, onların dəvəti ilə polis şöbəsinə gəldiyini və hər hansı nəlayiq ifadə işlətmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər hər ikisi eyni məzmunlu, sankı əzbərlənmiş formaya bənzəyən izahatlar vermiş, sədrlik edən təkidlə hansı nəlayiq ifadə işlətməsi barədə soruşduqda isə bunu deyə bilməyəcəklərini qeyd etmişlər. Bundan başqa sədrlik edənin polisin qanuni tələblərinə hansı formada tabesizlik göstərilməsi ilə bağlı suallara da cavab verilməmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxsin vəsatəti üzrə məhkəmə tərəfindən polis maşınlarında və polis söbəsinin həyətində müşahidə kameralarının görüntüsünün təqdim edilməsi təklif edilsə də, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən belə bir görüntülərin mövcud olmadığı bildirilmişdir. Məhkəmə şahidlər Siyəzən RPŞ-nin PPXB-nün polis nəfəri X1 və Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X2 izahatlarına tənqidi yanaşaraq qeyd edir ki, hər iki şəxs polis əməkdaşı olmaqla onların verdiyi izahatlar inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətaları təsdiqləməyə yönəlmişdir, polis əməkdaşlarının bir-birini müdafiə etməsi xarakteri daşıyır və həmin izahatlarda iş üçün mötəbər sübut kimi qəbul ediləcək hər hansı xüsusat əks etdirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, nə təqdim edilən sənədlərdən, nə də məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn və ya polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama hərəkətlər etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn və ya polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama hərəkətləri etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəlləni 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs 30 yanvar 2025-ci il tarixdə, saat 21:40-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyi üçün xitam verilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar