Məhkəmə qərarları › İş №3(059)-97/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-97/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-97/2022 08.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1996-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, X8 küçəsi, ev 13 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 07 iyun 2022-ci il tarixdə saat 19:20 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsində barəsində RPŞ-yə daxil olmuş şikayətlə əlaqədar ona yaxınlaşan ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hadisə yerindən qaçmaqla, uzaqlaşmışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 08 iyun 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 07 iyun 2022-ci il tarixdə, saat 19:20 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması ilə əlaqədar Siyəzən RPŞ-yə gətirilmiş, habelə icraatına daxil olmuş raport əsasında Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 07 iyun 2022-ci il tarixdə, saat 19:20 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində Salehin mağazasının girişində olarkən polis əməkdaşları ona yaxınlaşaraq, barəsində şikayət olduğundan onu RPŞ-yə dəvət etdiklərində, o, qorxub, qaçsa da, mağazadan təxminən 300-400 metr kənarda Mansur və Nəzər adlı polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri X4 izahatında göstərdi ki, 07 iyun 2022-ci il tarixdə, saat 19:20 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində Nəzər Zeynalovla xidmətdə olarkən Gülgəz Əliyevanın RPŞ-yə daxil olmuş şikayəti əsasında Şəxs həmin küçədə yerləşən Salehin mağazasının girişində yaxınlaşıb, RPŞ-yə dəvət etmişlər. Bu zaman Şəxs oradan qaçaraq uzaqlaşmağa başlamış, onlar isə Kamilin arxasınca təxminən 500-600 metr qaçıb, sonuncunu əvvəl Nəzər Zeynalov, sora isə o, saxlamışlar. Bundan sonra, Şəxs RPŞ-yə aparılıb, növbətçi hissəyə təhvil verilmişdir. Bundan əlavə, Şəxs onların ünvanına nalayiq ifadələr işlətməmiş, aralarında dartışma olmamışdır. Məhkəmə iclasında iştirak edən digər şahid Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri X3 şahid Mansur Musayevin izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs 07 iyun 2022-ci il tarixdə saat 19:20 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində barəsində RPŞ-yə daxil olmuş şikayətlə əlaqədar ona yaxınlaşan ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hadisə yerindən qaçmaqla, uzaqlaşmışdır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi və gəncliyi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, təqsirinin dərəcəsini, yəni ilk dəfə bu qəbildən olan inzibati xəta törətməsini, gəncliyi, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd edilən yüngülləşdirən halların mövcud olmasını nəzərə alaraq, onun İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 07 iyun 2022-ci il tarixdə, saat 19:20-dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətaların törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 150 (yüz əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar