Məhkəmə qərarları › İş №3(059)-99/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-99/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-99/2025 20.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Protokolu tərtib edən vəzifəli şəxs, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs1 MMCnin direktoru Şəxs2 iştirakları ilə, Şəxs1 MMC barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 234.0.5-ci və 266.1-ci maddələri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfndən Bakı-Quba-Dağıstan dövlət sərhədi yolunun sol hissəsində, Siyəzən rayonun Yenikənd kənd bələdiyyəsinin ərazisində yerləşən Şəxs1 MMC-ə məxsus ərazidə 28 yanvar 2025-ci il tarixdə, saat 14:23-də formalaşan tullantıların (plastik və s.) yandırılması, ərazinin və atmosfer havasının çirkləndirilməsi müəyyən edilmiş və Şəxs1 MMC barəsində İXM-nin 234.0.5 və 266.1-ci maddələri ilə 30 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən vəzifəli şəxs, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi-aparıcı müfəttiş X3 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, 28 yanvar 2025-ci il tarixdə Şəxs1 MMCin ərazisində monitorinq apardıqları zaman iki yerdə bitki köklərinin və plastik boruların qalaqlanaraq yandırıldığını müəyyən etmişlər. Bu zaman özünü cəmiyyətin sahə rəisi kimi təqdim edən X4 adlı şəxsdən şəxsiyyətini təsdiq edən sənədin surətini, cəmiyyətin VÖENni istəsələr də, sonuncu bu sənədləri təqdim etməmiş, habelə bu səbəbdən iki gün sonra, müvafiq aktı və inzibati xəta haqqında protokolu tərtib etmişlər. Cəmiyyət barəsində inzibati araşdırma aparılmamış, lakin Əli Qəmbərov ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanıldıqdan sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. MMC-nin nümayəndəsi protokolu tərtib edən zaman idarəyə dəvət edilməmiş, yalnız inzibati xəta haqqında protokol tərtib edilən zaman onlara məlumat üçün rəsmi məktub göndərilmişdir. Əli Qəmbərov cəmiyyətin ərazisində tərtib edilmiş müvafiq akta və protokola imza etməkdən, habelə aktın nüsxəsini qəbul etməkdən imtina etmişdir. Bununla yanaşı, cəmiyyətin ərazisində monitorinq videoçəkiliş vasitəsi ilə aparılmış, bu zaman cəmiyyətin anbarının qarşısında bitki köklərinin və plastik boruları yandıran şəxs, bunu mütəmadi olaraq etdiyini, başqa nə etməli olduğunu bildirmiş, habelə sonuncuya izahat verməsi təklif edilsə də, o, imtina etmişdir. Hazırda həmin şəxsin cəmiyyətdə aqronom vəzifəsində işləyən Şahid olması müəyyən edilsə də, ehtimal edir ki, sonuncu bunu özbaşına deyil, rəhbərliyin tapşırığı əsasında etmişdir. Bundan əlavə onu da qeyd edir ki, Bakı-Quba- Dağıstan dövlət sərhədi yolu hərəkətdə olan zaman cəmiyyətin ərazisində mütəmadi olaraq nəyinsə yandırılmasının, oradan tüstü çıxmasının şahidi olmuş, habelə bu halı protokol tərtib olunandan sonra da, müşahidə etmişdir. Bundan başqa, cəmiyyət tullantıların daşınması ilə bağlı müqavilənin surətini təqdim etsə də, həmin müqavilənin həqiqətən də, icra olunub-olunmaması ilə bağlı sübut təqdim edilməmişdir. Belə ki, bununla bağlı müvafiq qəbz təqdim edilməlidir. Eyni zamanda, təqdim edilmiş videogörüntüdən görünür ki, cəmiyyətin ərazisində bir neçə yerdə yanıq izləri var, habelə tüstünün qara olmasından orada plastik boruların yandırıldığı vizual müşahidə olunur. Onlar cəmiyyətdə olan zaman cəmiyyətdə aqronom işlədiyini deyən Şahid yanğınla bağlı ağac budaqları yandırdığını və bundan cəmiyyətin rəhbərliyinin xəbəri olmadan özü etdiyini bildirmiş, onun tərəfindən telefon vasitəsilə videçəkiliş edilsə də, həmin çəkiliş iş materiallarına tərəflərindən əlavə olunmamış, həmçinin çəkiliş mobil telefonun yaddaşından silinmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və hüquqi şəxs Şəxs1 MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs1 MMC-nin direktoru Şəxs2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi cəmiyyəti İXM-nin 234.0.5-ci və 266.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Şəxs1 MMC 7 ilə yaxındır fəaliyyət göstərməklə yanaşı, bu müddət ərzində cəmiyyət barəsində hər-hansı inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Habelə, cəmiyyətin ərazisində kəsilən bitki budaqlarının daşınması müqavilə əsasında kömür işi ilə məşğul olan şirkətə həvalə edilmiş, habelə daşınma ilə bağlı arayışlar elektron qaydada göndərilsə də, bununla bağlı qəbz hər dəfə üçün deyil, hər rüb üçün tərtib edilməklə onlara göndərilir. 28 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələrinin keçirdikləri monitorinq zamanı Şəxs1 MMC-in ərazisində bitki köklərinin və plastik boruların qalaqlanaraq yandırılması müəyyən edilmişdir. Qeyd edir ki, sözügedən idarənin nümayəndələri cəmiyyətin ərazisinə qanunsuz daxil olmuş, bunu daxil əmr əsasında həyat keçirdiklərini bildirsələr də, müvafiq əmri təqdim etməmişlər. Həmçinin, həmin tarixdə o, ölkə xaricində olmuş, bununla bağlı ona nə rəsmi şəkildə, nə də ki, şifahi formada xəbərdarlıq edilməmişdir. Beləliklə, sözügedən orqanın nümayəndələri cəmiyyətə gəldikləri vaxt ona FHN-in əməkdaşlarının gəldiyi bildirilmiş, sonuncu qeyd olunan qurumun əməkdaşları ilə əlaqə saxladığı vaxt, belə halın baş vermədiyi məlumu olmuşdur. Eyni zamanda, 17 yanvar 2025-ci il tarixdə cəmiyyətə aqronom vəzifəsinə işə qəbul olunmuş Şahid öz başına bitki budaqlarını yandırdığı üçün sonuncu barəsində töhmət tətbiq edilmişdir. Bununla yanaşı, əvvəllər cəmiyyətin ərazisinə yaxın ərazidə heyvanlarını otaran çobanlar tərəfindən tonqal yandırılması faktı üzrə cəmiyyətin ərazisinə gəlmiş FHN-in əməkdaşlarına bu barədə məlumat verilmiş, ərazinin cəmiyyətə məxsus olmadığı bildirilmişdir. Hazırda inzibati protokol tərtib etmiş orqan həmin ərazini göstərməklə, orada olan yanğınla bağlı cəmiyyəti günahlandırır. Həmçinin, qeyd edir ki, cəmiyyət yerləşdiyi ərazidə yaşayış məntəqələri yerləşməməklə yanaşı ən yaxın yaşayış məntəqəsi 4 kilometr aralı məsafədədir. Odur ki, inzibati xətanın direktoru olduğu Şəxs1 MMC tərəfindən törədilmədiyinin nəzərə alınmasını və barələrində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, o, 17 yanvar 2025-ci il tarixdən Şəxs1 MMC aqronom vəzifəsində işləyir. 25 yanvar 2025-ci il tarixdə işdə olarkən cəmiyyətin ərazisində olan yarpaqları əlində olan plastik boru vasitəsi ilə komalamış, habelə bu yarpaqları isinmək üçün yandırmış, sonda isə əlində olan plastik borunu tonqala atmışdır. Qeyd olunan bu haldan Şəxs1 MMC-nin rəhbərliyinin xəbəri olmamış, bu barədə onlar xəbər tutduqda ona töhmət verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri cəmiyyətin ərazisinə videoçəkiliş vasitəsi ilə daxil olaraq, monitorinq keçirməyə başlayan zaman o, digər sahədə olan sahə rəisi Əli Qəmbərovu yanına çağırmış, habelə yarpaqları özünün yandırdığını bildirməklə yanaşı, bunu bilmədən etdiyini qeyd etmişdir. Həmin sözləri nazirliyin əməkdaşları tərəfindən video-qeydə alınmışdır. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin, həmçinin şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs1 MMC-nin Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 266.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsində təqsiri sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 234.0.5-ci maddəsinə görə tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı protokolu tərtib etmiş şəxsin nümayəndəsi E.Mirzəyev ilə dəqiqləşdirilmə aparılmış, barəsində inzibati iş üzrə icraat aparılan hüququ şəxs tərəfindən İXM-nin 234.0.5-ci maddəsində göstərilən tullantıların toplanması, yandırılması nəticəsində atmosfer havasının çirklənməsi və 266.1-ci maddəsində göstərilən digər yaşayış məntəqələrinin çirkənməsi növündə inzibati xəta törədildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin araşdırılan hallarından görünür ki, iş materiallarına inzibati xəta haqqında protokoluı tərtib etmiş orqan tərəfindən sübut kimi inzibati xəta haqqında protokol, akt, foto-şəkillər və video-disk təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, protokolda barəsində inzibati iş üzrə icraat aparılan şəxs qismində X4 qeyd edilmiş, onun tərəfindən inzibati xəta haqqında protokolun imzalanmadığı və onun yazılı izahat verməkdən imtina etdiyi göstərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı müfətişi Elşən Mirzəyev və baş məsləhətçi Əkrəm Hüseynov tərəfindən imzalanmış 28 yanvar 2025-ci il tarixdə tərtib olunmağa başlanılmaqla, 30 yanvar 2025-ci ildə bitirilmiş aktdan görünür ki, xidməti ərazi olan Siyəzən rayonu ərazisində ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin icra olunması vəziyyətinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbiri zamanı Siyəzən rayonun Yenikənd kənd bələdiyyəsinin ərazisində yerləşən Şəxs1 MMC-ə məxsus ərazidə yanğın, tüstünün olduğu tərəflərindən müşahidə edilmişdir. Əraziyə baxış zamanı istehsalat tullantılarının, bitki qalıqlarının açıq sahədə qanunsuz olaraq yandırıldığı müəyyən olunmuşdur. Şəxs1 MMC tərəfindən “BerryBlues” markası altında mavigilə meyvəsi yetişdirilir və ixrac olunur. Araşdırma zamanı özünü MMC-nin sahə rəisi kimi təqdim edən X1 təqdim etməkdən, yazılı izahat verməkdən imtina etmişdir. Tullantıların yandırılması nəticəsində atmosfer havasının və ərazinin çirkləndiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolu tərtib edən orqan inzibati xəta haqqında protokolun və aktın barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən imzalanmadığı və izahat verməkdən imtina edildiyi bildirilsə də, işin araşdırılan hallarından və protokolu tərtib etmiş şəxsin izahatından görünür ki, inzibati xəta hadisəsi kimi qeyd edilən hadisə 28 yanvar 2025-ci il tarixdə baş vermiş, inzibati xəta haqqında protokol isə 30 yanvar 2025-ci ildə idarədə tərtib edilmiş, müvafiq akt isə xəta hadisəsi baş verən ərazidə yazılmağa başlanılsa da, aktın yazılıb başa çatdırılması 30 yanvar 2025-ci ildə onlara məxsus idarənin inzibati binasında həyata keçirilmişdir. Lakin iş materiallarından və protokolu tərtib etmiş şəxsin izahatından müəyyən olunur ki, qeyd edilən xəta üzrə inzibati araşdırma aparılmamış, hüquqi şəxsin nümayəndəsi inzibati xəta haqqında protokol tərtib edilən zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmamışdır. Belə olan halda aktın və inzibati xəta haqqında protokolun barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmaması və izahat verməkdən imtina etməsi iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa protokolu tərtib etmiş şəxsin nümayəndəsi inzibati xəta haqqında protokola əlavə etdiyi foto və video materiala məhkəmə iclas zalında baxış keçirilərkən iki fakt üzrə bir yerdə yanğın olduğu, digər yerdən isə tüstünün çıxdığı görünür. Tüstünün çıxdığı ərazisinin Şəxs1 MMC-yə məxsus ərazi olması barədə protokolu tərtib etmiş orqan tərəfindən hər hansı sübut iş materiallarına əlavə edilməmiş, yanğın qeyd olunan ərazinin isə Şəxs1 MMC-yə məxsus olması məhkəmə iclasında MMC-nin direktoru tərəfindən etiraf edilmişdir. Video-diskə baxış keçirilən zaman inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin yanan materialın təhlükəli tullantı olduğu, orada iştirak edən sahə rəisi Əli Qəmbərovun isə ağac budaqlarının yandığını deməsi müəyyən edilir. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş orqan tərəfindən məhz yanan ərazidə təhlükəli tullantıların yandığı və ekologiyanı çirkləndirdiyi faktı üzrə sübutlar təqdim edilməli olduğu halda (məsələn, yanan ocaqdan təhlükəli tullantının bir hissəsinin götürülərək ekspertizaya təqdim edilməsi, havanın çirkənməsi və onun dərəcəsi haqqında hər hansı analiz aparılması və s.) belə bir sübut təqdim edilməmiş, qeyd olunan foto-şəkillərdə və videodiskdə təhlükəli tullantıların yanması müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid həmin ərazidə ağac budaqları yandırdığını, bunu şəxsən özü etdiyini, MMC-nin xəbəri olmadığını, həmin vaxt protokol tərtib etmiş şəxsə də bu sözləri dediyini, onun danışığının video-çəkilişlə qeydə alındığını bildirmiş, bu fakt orqanın nümayəndəsi Elşən Mirzəyev tərəfindən də etiraf edilmiş, lakin qeyd olunan video-çəkilişin onun telefonundan silindiyini bildirmiş, iş materiallarına əlavə etməmişdir. Məhkəmə iclasında Şəxs1 MMC-nin tullantıların daşınması ilə bağlı MY VVAY AZ (VÖEN **********) şirkəti ilə xx.xx.2024-cü il tarixli nəqliyyat xidməti üzrə 11-24 saylı müqavilələrinin olduğu müəyyən edilmiş, həmin müqavilə məhkəməyə təqdim edilmiş, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Elşən Mirzəyev müqavilənin etibarlılığına dair hər hansı etirazının olmadığını göstərib həmin müqavilənin icra olunmasının həqiqiliyini mübahisələndirsə də, buna dair də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin İXM-nin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş yaşayış yerinin çirkləndirilməsi növündə inzibati xəta ilə bağlı protokolu tərtib etmiş orqan həmin ərazisinin yaşayış sahəsi olması və ərazisinin çirkləndirilməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Şəxs1 MMC-nin direktoru tərəfindən məhkəməyə təqdim edilmiş 17 yanvar 2025-ci il tarixli əmək müqaviləsindən və xx.xx.2025-ci il tarixli 02-25 saylı əmrin surətindən görünür ki, Şahid 17 yanvar 2025-ci ildə Şəxs1 MMC-də aqronom kimi işə başlamış, 04 fevral 2025-ci ildə isə onun barəsində “bitki kollarının, ağac budaqlarının və ərazidə olan balaca blastik borunu rəhbərliyin icazəsi olmadan yandırması”na görə barəsində intizam tənbehi-töhmət elan olunmuşdur. Yuxarıda göstərilən hallardan da müəyyən edilir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən iş materiallarına kifayət qədər sübutlar əlavə edilməmiş, əksinə barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmasa da, məhkəməyə onlar barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmiş İXM-nin 234.0.5 və 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməklərinə dair təqsirliliklərinin sübuta yetirilməməsi ilə bağlı sənədlər təqdim etmişlər. Qeyd olunanları və işin yuxarıda araşdırılan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs1 MMC-nin Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 266.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsində təqsirli olması iş materialları ilə sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəlləni 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs1 barəsində İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 266.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar