Məhkəmə qərarları › İş №3(060)-1/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1/2022

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-868/2021 24.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, protokol tərtib etmiş şəxs Suqmqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Alaqurşaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) 29 dekabr 2020-ci il tarixli MN seriyalı ******* №li və 29 dekabr 2020-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs İXM-nin 528.1-ci maddəsinə əsasən 500 manat məbləğində inzibati cərimə edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-436/2020 saylı, 19.02.2020-ci il tarixli qərarına əsasən heç bir ödəniş etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında MN ******* saylı protokol tərtib edilmişdir; Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-9305/2015 saylı, 23.10.2015-ci il tarixli icra sənədinə əsasən N.Alməmmədov və Şəxs 2.000,00 ABŞ dolları və 30,00 manat pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3310/2020 saylı, 29 dekabr 2020-ci il tarixli qərardadına əsasən Şəxs İXM-nin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 29.12.2020-ci il tarixli MN ******* №-li və 29.12.2020-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3310/2020 və 3(060)-3311/2020 saylı işlər bir icraatda, yəni 3(060)- 3311/2020 saylı iş ilə birləşdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3311/2020 saylı 29 dekabr 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində İXM-nin 528.1 və 529.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3311/2020 saylı, 29 dekabr 2020-ci il tarixli qərarından icra sənədi üzrə tələbkar X3 tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-154/2020 saylı 01.03.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli 3(060)-3311/2020 saylı qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün 12 mart 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. İnzibati xəta haqqında işə baxılması 30 mart 2021-ci il tarixə təyin olunmuş, lakin protokolu tərtib edən şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmədiklərindən işin baxılması 12 aprel 2021-ci il tarixə təxirə salınmışdır. İşlə bağlı olan şəxslər təkrar məhkəmə iclasında iştirak etmədiklərindən işin baxılması 26 aprel 2021-ci il tarixə təxirə salınmışdır. İşlə bağlı olan şəxslər təkrar məhkəmə iclasında iştirak etmədiklərindən işin baxılması 27 aprel 2021-ci il tarixə təxirə salınmışdır. 28 aprel 2021-ci il tarixdə keçiriləcək məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə məlumat verməmişdir. Bununla əlaqədar iş üzrə icraat 17 may 2021-ci il tarixə təxirə salınmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gətirilməsi Sumqayıt şəhər polis idarəsinə həvalə olunmuş, lakin Şəxs məhkəməyə gətirilməmişdir. 17 may 2021-ci il tarixdə keçirilən məkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulması və tutulduqda dərhal Sumqayıt Şəhər Məhkəməsinə gəririlməsi barədə qərar qəbul olunmuş və qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə olunmuşdur. 24 sentyabr 2021-ci il tarixdə Şəxs məhkəməyə təqdim olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraat təzələnərək, işə baxılması 24 sentyabr 2021-ci il saat 11:05-ə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərtib etdiyi protokollara uyğun izahat verdikdən sonra əlavə olaraq bildirdi ki, borclu Şəxs barəsində icra üzrə müvafiq tədbirlər görülmüşdür. Dəfələrlə borclunun yaşadığı ünvana gedib, lakin qapını açan olmamışdır. Borclu ilə telefon vasitəsi ilə əlaqə saxlanılsa da müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Borclu İcra idarəsinə dəfələrlə dəvət olunub izahatı alınıb və borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Qeyd olunanlara əsasən borclu Şəxs barəsində məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü qismən təqsirli bilərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-436/2020 saylı, 19.02.2020-ci il tarixli qərarına əsasən o, İXM-nin 528.1-ci maddəsinə əsasən 500,00 manat məbləğində cərimə olunmuşdur. Bundan başqa Suqmayıt Şəhər Məhkəməsinin 3(060)-9305/2015 saylı, 23.10.2015-ci il tarixli icra sənədinə əsasən oğlu N.Alməmmədov və ondan 2.000,00 ABŞ dolları və 30,00 manat pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. O, heçbir yerdə işləmir, yaşa görə müavinət alır. Maddi imkanı olmadığından ödəniş edə bilməmiş və hal-hazırda qeyd olunan borcdan heç bir ödəniş etməyə maddi imkanı yoxdur. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş 13.04.2021-ci il tarixli X3 tərəfindən məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, X3 yataq xətəsi olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcək. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qnuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etməsi qeyd olunmuşdur. İXM-nin 528.1-maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi İXM-nin həm 528.1, həm də 529.2-ci maddələrində inzibati tənbeh növü kimi inzibati həbs nəzərdə tutulmuşdur. İXM-nin 30.2-ci maddəsi isə 60 yaşına çatmış qadınlara inzibati həbs tətbiq edilməsini istisna edir. Şəxs xx.xx.1959-cu il təvəllüdlü olmaqla onun 62 yaşı olduğundan ona inzibati həbs tətbiq edilə bilməz. Eyni zamanda İXM-nin həm 28.4.5-ci maddəsi pensiya yaşına çatmış qadın və kişilərə ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini istisna edir. Şəxs isə hazırda pensiyaçı deyildir, o hazırda sosial müavinat alır. Buna görə də Qanunun tələbinə görə o İXM-nin 528.1 və 529.2-ci maddələri ilə təqsirli bilinib İXM-nin 34.3 və 34.4-cü maddələri nəzərə alınmaqla 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4. maddəsinə əsasən Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü ictimai işlər tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 28, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3 və 34.4-cü maddələri nəzərə alınmaqla 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. Qərarın icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar