Məhkəmə qərarları › İş №3(060)-1/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X1, Məhkəmə iclas katibi:X2, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi: X3 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən ünvan 1 ünvanında olan «EZ Group 2023” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 16 iyul 2024-cü il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, vətəndaş Şahid2, Şahid4, Şahid3 və Şahid1 xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. İnzibati xətaya dair protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2027/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı (hakim S.İsmayılov) ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-507/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt şəhər Məhkəməsinin 3(060)- 2027/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmuş və yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı (hakim G.İsmayılova) ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-197/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X6 hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, işğaldan azad edilmiş torpaqlarda iş götürüb işləməli idi. Onu göndərmişlər ki, işin nə yerdə olduğunu öyrənsin. Onu bir neçə yerə göndərmişlər, Laçın, Qubadlı. Xankəndinə isə buraxmamışlar. Laçında Turşsu deyilən yerə gedib bir neçə gün qalmış, araşdırıb öyrənmişdir ki, işçilərin əmək haqqısı tam verilmir. O da zəng edib Şəxs MMC-yə məlumat vermişdir. Ordan çıxıb Qubadlıya getmiş, orada da vəziyyətin eyni olduğunu öyrənmiş və qayıdıb gəlmişdir. Bundan sonra bir daha həmin ərazilərə getməmiş, işçi də aparmamış, heç bir iş görməmişdir. Bundan əlavə bildiyinə görə Bakı-Abadlıq MMC orada işləyənləri maliyyələşdirir və icazəni o almışdır. Onu həmin ərazilərə Şəxs MMC-nin təsisçisi Sənan adlı şəxs göndərmişdir. Həmin ərazilərə portalda qeyd olunan tarixdə getmişdir. Məhkəmə iclasında “WhatsApp” tətbiqindən istifadə edilməklə videogörüntü vasitəsi ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sənan adlı şəxs ona işğaldan azad olunmuş ərazilərə getmək üçün portal açmışdır. Sənan onun əmisinin yeznəsidir. Həmin əraziyə gedib baxmış, lakin işi bəyənmədiyi üçün elə həmin gün də qayıtmışdır. O, heç yerdə işləməmiş, həmin portaldan da istifadə edərək heç yerə getməmişdir. Məhkəmə iclasında “WhatsApp” tətbiqindən istifadə edilməklə videogörüntü vasitəsi ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəxs MMC tikinti şirkətidir. İş görməklə bağlı razılaşmışlar. İşğaldan azad olunmuş ərazilərə gedib baxmışlar, lakin qiymətlə bağlı və digər məsələlərdə razılaşmadıqlarından geri qayıtmışlar. Həmin ərazilərə getmək üçün onları işə cəlb edənlər tərəfindən portal açılır. Oraya nə vaxt getdiklərini xatırlamır, lakin getdikdə iki-üç gün qalmışlar. Orada olduqları müddət ərzində şirkət üçün heç bir iş görməmişlər. Məhkəmə iclasında “WhatsApp” tətbiqindən istifadə edilməklə videogörüntü vasitəsi ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəxs MMC-də işləməmişdir. Sadəcə ona işlə bağlı portal açılmış, lakin iş alınmamışdır. Həmin vaxt o, özü Xankəndində olmuş, lakin digər ərazilərə getmək üçün ona portalda icazə alınmış, icazə alınsa da həmin ərazilərə ümumiyyətlə getməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -portaldan çıxarışdan görünür ki, Şahid2, Şahid4, Şahid3 və Şahid1 işğaldan azad edilmiş ərazilərə girişləri üçün "xxxx" MMC-nin adından icazə alınmışdır. İcazə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə etmiş, icazəni sistemə "xxxx" MMC daxil etmişdir - "xxxx" MMC-nin 22 iyul 2024-cü il tarixli 12/220724 nömrəli məktubundan görünür ki, "xxxx" MMC (podatçı) kimi "xxxx" MMC (sifarişçi) ilə olan podrat müqaviləsinə əsasən Şuşa rayonu Turşu qəsəbəsində yenidən qurma və tikinti işləri aparır. "xxxx" MMC ilə "xxxx" MMC işlərin görülməsi üçün şifahi danışıqlar aparılmış və "xxxx" MMC-nin əməkdaşlarının (Şahid2, Şahid3 və Şahid1) layihəyə baxış keçirilməsi məqsədi ilə portaldan icazələrin alınması ilə bağlı sifarişçiyə müraciət edilmişdir. Lakin, danışıqların nəticəsində heç bir razılıq əldə edilməmiş, "xxxx" MMC ilə "xxxx" MMC arasında heç bir müqavilə bağlanmamış və əməkdaşlıq olmamışdır. - Əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" MMC ilə Şahid2 , Şahid3 və Şahid1 arasında xx.xx.2024-cü il tarixdə fəhlə kimi əmək müqaviləsi bağlanmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (direktoru) X4 tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişindən və əmrdən görünür ki, Şahid4 xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi əsasında işə qəbul edilmiş, həmin tarixdə də onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmişdir. - Məhkəmə tərəfindən Laçın rayonunda Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Nümayəndəliyinə ünvanlanmış “Qarabağ və X10 rayonlarına giriş” informasiya sistemi üzərindən icazələri sistemə daxil edilmiş işçilər Şahid2, Şahid4, Şahid3 və Şahid1 işğaldan azad edilmiş ərazilərə girişlərinin hansı müddətdə rəsmiləşdirilməsi və adları qeyd edilən işçilərin hansı müddətdə həmin ərazidə olmasına dair məlumatın məhkəməyə təqdim olunması ilə bağlı xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin müraciətinə əsasən Şahid4, Şahid1, Şahid3 və Şahid2 icazənin başlama tarixi xx.xx.2024-cü il, bitmə tarixi xx.xx.2024-cü il, icazə verilən ərazi Laçın olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün qanunverici iki əlamətin mövcudluğunu tələb etmişdir. 1) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməməli; 2) işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir. Həmin maddə ilə şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şahid4, Şahid1, Şahid3 və Şahid2 "xxxx" MMC tərəfindən işə qəbul edilərək xx.xx.2024-cü il tarixli əmək müqavilələri bağlanmış, "xxxx" MMC-nin müraciətinə əsasən Şahid4, Şahid1, Şahid3 və Şahid2 icazənin başlama tarixi xx.xx.2024-cü il, bitmə tarixi xx.xx.2024-cü il olmaqla həmin işçilərin Qarabağ-Zəngəzur iqtisadi regionunda işləməsi üçün icazə alınmışdır. Lakin, "xxxx" MMC ilə "xxxx" MMC arasında işlərin görülməsi üçün şifahi danışıqlar nəticəsiz qaldığı üçün, yuxarıda adları sadalanan işçilər həmin ərazilərə gedib işləməmiş və onlarla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Protokol tərtib etmiş orqan "xxxx" MMC tərəfindən qeyd olunan şəxslər barəsində işğaldan azad edilmiş əraziyə girişinə icazə üçün müraciət edilməsini onların Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirmiş, inzibati araşdırma aparmadan "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib etmişdir. Həm müfəttişlikdə aparılan araşdırma zamanı, həm də məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin həmin şəxsləri əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən hər hansı əlavə sübut təqdim edilməmişdir. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə Ez-Group 2023” MMC tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Əksinə məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş şəxslər (Şahid4, Şahid3, Şahid2, Şahid1) verdikləri izahatlarında "xxxx" MMC tərəfindən hər hansı işin və ya xidmətin yerinə yetirilməsinə cəlb edilməmələrini bildirmişlər. Protokol tərtib etmiş orqan portalda adları qeyd edilən şəxslərin məhz işçi statusu ilə portaldan qeydiyyatdan keçirilməsinə əsaslanmaqla onların işə cəlb edildiyini iddia etsə də, məhkəmə hesab edir ki, bu həmin şəxslərin hələ işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin sübut edilməsi üçün kifayət hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, icazə həmin şəxslərin işğaldan azad edilmiş ərazilərə daxil olmasından öncə alınmalıdır və icazə alındıqdan sonra həmin şəxslərin hər hansı səbəbdən (işə götürənin və işçinin müqavilə bağlamaqdan imtina etməsi və ya onların iradəsindən asılı olmayan bu və ya digər səbəblərdən) həmin ərazilərə getməməsi və ya getsə də hər hansı səbəbdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsi istisna edilmir. Yəni, müvafiq icazənin alınması gələcəkdə həmin şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini yalnız ehtimal etməyə kifayət edə bilər. Ehtimal əsasında isə hər hansı şəxsin məsuliyyətə cəlb edilməsi və ya barəsində tənbeh tətbiq edilməsi yolverilməzdir. Hüquqda ümumi qəbul edilmiş prinsip və normalara əsasən hər hansı şəxsin əməlində inzibati xəta və ya digər hüquq pozuntusunun olmasını sübuta yetimə vəzifəsi müvafiq araşdırmanı aparan orqanın üzərinə üzərinə düşür. Sübut etmə dedikdə isə iş üzrə toplanmış sübutların elə məcmusu başa düşülür ki, onların birgə təhlili yekun və təkzib olunmaz nəticəyə gəlinməsi üçün kifayət etsin. İş üzrə gəlinmiş yekun qənaət isə ehtimal və fərziyyətlərə əsaslana bilməz. İndiki halda X5 Xidməti müvafiq icazə alındıqdan sonra həmin şəxslərin (icazənin alınması vaxtına münasibətdə gələcəkdə) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini iddia etməklə, əlavə heç bir sübut əldə etmədən ehtimal və fərziyyətlər əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə qeyd edir ki, konkret fakt sübuta yetrilmədən, şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Eyni zamanda inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll edilməldir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmçinin məhkəmə tərəfindən "xxxx" MMC-yə Şahid1, Şahid2, Şahid3 və Şahid4 xx.xx.2024-cü il tarixdə “Qarabağ və X10 rayonlarına giriş” informasiya sistemi üzərindən hansı hüquqmüəyyənedici sənədlər əsasında giriş icazəsinin sistemə daxil edilməsinin müəyyən olunmasına dair zəruri sənədlərin məhkəməyə göndərilməsi barədə sorğu və xatırlatma məktubları göndərilsə də hazırki tarixədək sorğuya heç bir cavab gəlməmişdir. Bundan başqa inzibati işin materiallarından görünür ki, barəsində protokol tərtib olunmuş hüquqi şəxs barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair protokol 16 iyul 2024-cü il tarixdə tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi, hazırki inzibati xəta əmək qanunvericiliyinin pozulmasına dair inzibati xəta olduğundan inzibati tənbeh inzibati xətanın törədildiyi gündən 01 il müddəti keçənədək verilər bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, İXM Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, Məhkəmə göstərilən halları, qanunvericiliyin tələblərini, o cümlədən, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarında göstərilən mövqeyi nəzərə alaraq apardığı təkrar məhkəmə araşdırmasına əsasən hesab edir ki, «EZ Group 2023” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xətaya dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından, həmçinin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: ünvan 1 ünvanında olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından və İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar