Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-10/2024 07.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi O.E.Nəsirov ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidmət göstərmişdir. Bundan başqa N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyyatda olan mayor kimi N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsində bütün cəbhə boyu istiqamətlərdə gedən döyüş əməliyyatlarında iştirak etmişdir. O, Sumqayıt Şəhər İcra Hakimiyyətinə mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, 4/6 nömrəli binada yerləşən 3 nömrəli yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciət etmişdir. Onun bu mülkiyyətə dair çıxarışı da var. Onun müraciətindən sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı 1030 nömrəli, 02 noyabr 2023-cü il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Sərəncam qəbul etmişdir. Bu sərəncama əsasən onun mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, 4/6 nömrəli binada yerləşən 3 nömrəli yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair icazə verildiyi üçün o, yaşayış sahəsində tikinti işləri aparmağa başlamışdır. Tikinti işlərini həyata keçirmək üçün usta və fəhlələr tutmuşdur. Hər bir məsələyə nəzarət etmiş, xüsusən də təmizliyin və səliqəliliyin qorunması üçün özü şəxsən göstərişlər vermişdir. İlk öncə müəyyən söküntü işləri aparılmışdır. Sökülən və yaşayış sahəsinin içindən çıxarılan məmulatlar onun da nəzarəti altında sonradan yenidən istifadəyə götürülməsi üçün səliqəli bir şəkildə düzülmüşdür. Bu məmulatları səliqəli bir şəkildə yığmasının səbəbi sonradan bunları istifadə üçün yaşma ərazisində yerləşən bağ yerinə birdəfəlik aparmaq istəyi olmuşdur. Bütün məmulatları çıxardıqdan sonra onları maşın tutaraq birdəfəlik aparacaqmış. Buna görə də söküntünün sonuna qədər ətraf mühitə heç bir zərər vermədən və dağıntı aparmadan bu məmulatları səliqəli şəkildə yerləşdirmişdir. Həmçinin söküntü zamanı yaranan dağıntı qalıqlarını da torbalara doldurularaq səliqəli şəkildə yerləşdirilmişdir. Bu zaman dağıntı olmamış və ekologiyaya heç bir ziyan dəyməmişdir. Lakin o, bu tikinti işlərini apararkən 2 dəfə polis əməkdaşları həmin əraziyə yaxınlaşaraq əsassız tələblər irəli sürmüşlər. Bundan sonra isə xx.xx.2023cü il tarixdə 3-cü dəfə də polis əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə həmin əraziyə yaxınlaşmışlar. Bu dəfə polis əməkdaşları reyd əsasında gəldiklərini və bu söküntü zamanı yaranan məmulatların inzibati xəta tərkibini yaratdığını vurğuladılar. O, isə heç bir söküntü və dağıntının ortalıqda qalmadığını, hər şeyin səliqəli şəkildə düzüldüyünü və bu məmulatların yararsız olmadığını, tam şəkildə yığıldıqdan sonra istifadə üçün götürüləcəyimi bildirmişdir. Həmçinin onlar təlimat əsasında gəldikləri üçün o, bu reydin əmrin surətini onlardan tələb etmişdir. Lakin, onlar bu sənədi təqdim etməmişlər. Onlar reyd barədə danışsalar da, bu barədə heç bir sənəd göstərməmişlər və bu məsələnin şifahi şəkildə bildirildiyini demişlər. Buna görə də onlara bütün bunları və burada inzibati xəta olmadığını bildirmişdir. Onun inzibati xəta törətdiyini bildirmişlər. O, isə heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Hələ söküntü işləri bitməmiş bir neçə dəfə o, yenidən istifadə üçün saxladığı məmulatları daşıtdırmağa da məcbur olmuşdur. Nəticədə o, bir dəfə sonda ödəyəcəyi daşıma xərclərini bir neçə dəfə ödəmiş olmuşdur. Bu da ona maddi şəkildə böyük ziyan vurmuşdur. Halbuki həmin məmulatlar heç tullantı belə deyilmiş və səliqəli şəkildə düzülmüşdür. Bundan sonra isə onu xx.xx.2023-cü il tarixdə çağıraraq inzibati tənbeh vermə haqqında Qərarın hazır olduğunu bildirmişlər. O, bu qərarı götürməyə getdikdə də bu qərarın tamamilə haqsız olduğunu və qanunsuz şəkildə tərtib olunduğunu bildirmişdir. İşin hallarından da aydın görünür ki, burada heç bir inzibati xəta tərkibi yoxdur. Qəbul edilmiş qərarda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan xətanın olması istisna edilməlidir. Belə ki, burada qalaqlanma ifadəsi ilə işin hallarında rast gəlinən hallar bir-birilə tutuşmur. Ərazidə hələ də söküntü işləri getdiyi üçün qalaqlanma ola bilməzdi. Əməkdaşlar tərəfindən fotolar da çəkilmişdir. Həmin fotolardan da görünür ki, burada heç bir inzibati xəta əməli yoxdur. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gələn vaxtdan bir gün öncədən həmin söküntü məmulatları binanın qabağında səliqəli şəkildə yığılmışdır, həmin vaxt söküntü hələ də davam edirmiş, onun niyyəti söküntü başa çatdıqdan sonra bütün söküntü məmumlatlarını birlikdə bir dəfəyə aparmaq olmuşdur. Belə ki, söküntü gedəgedə bir neçə dəfə avtomobil gətirərək daşıma etməsi maddi baxımdan da çətindir. Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəldikdən sonra isə məcbur qalıb bir neçə saat ərzində həmin söküntü məmulatlarını ərazidən başqa yerə aparmışdır. Bundan sonra isə maddi cəhətdən faydalı olmada da söküntü getdiyi müddətdə daşımanı mütamadi, hər gün etmək məcburiyyətində qalmışdır. Göstərilən halları nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayətlə razılaşmayaraq bildirmişdir ki, X1 işlərini apararkən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin, “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 11-12-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın tələblərini pozmuşdur. Ona görə barəsində müvafiq araşdırma aparılaraq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixdə rəsmi qaydada vətəndaşa verilmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Bundan başqa 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, əməkdaşlar xx.xx.2023-cü il tarixdə ərazidə olarkən tullantıların nə qədər vaxt öncədən orada olmasını və həmin vaxt yaşayış sahəsində söküntü işlərinin davam edib-etməməsini araşdırmamışlar. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarınıın surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 1030 nömrəli, 02 noyabr 2023-cü il tarixli Sərəncamın surətindən görünür ki, X2 mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, 4/6 nömrəli binada yerləşən 3 nömrəli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, yaşayış binasının önündə söküntü materialları toplanmış, həmçinin yarım dolu vəziyyətdə çoxsaylı torbalar düzülmüşdür. Beləliklə müəyyən edilmişdir ki, şikayətçi X2 mülkiyyətində olan Sumqayıt şəhəri, 30cu məhəllə, 4/6 nömrəli binada yerləşən 3 nömrəli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam verilmişdir. Bundan sonra X4 həmin ünvanda təmir işləri ilə əlaqədar söküntü işləri aparmış, söküntü materiallarını isə sonrdan oradan daşımaq məqsədi ilə söküntü materiallarının imkan verdiyi mümkün qədər səliqəli şəkildə müvəqqəti binanın qarşısına yığmışdır. Bundan sonra 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin halı məişət tullantılarının qalaqlanması qaydalarının pozulması kimi qiymətləndirərək araşdırma aparmışlar və nəticədə hazırda mübahisələndirilən tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, söküntü materiallarının ərazidən daşınması üçün uzun müddətli olmamaq və ətraf mühitə ziyan vurmamaq şərti ilə həmin söküntü materiallarının ilk öncə normal qaydada binanın qarşısına yığılması məişət tullantılarının qalaqlanması qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, bu hal söküntü işləri baş verən vaxt olmuş və söküntü materiallarının uzun müddət ərzində ərazidə saxlanılması öz təsdiqini tapmamışdır. Həmçinin söküntü materiallarının fotoşəkilindən də göründüyü kimi müvafiq qaydada torbalara yığılmış və səliqəli şəkildə bir yerdə toplanmışdır. Bu hal özü də təsdiq edir ki, söküntü materiallarının binanın önünə yığılmasının məqsədi həmin materialları ərazidə saxlamaq və ya ətraf mühitə ziyan vurmaq olmamış, daşınması məqsədi ilə olmuşdur. Məhkəmə araşdırması zamanı söküntü materiallarının binanın önündə uzunmüddətli qalması və ya ətraf mühit üçün hər hansı formada fəsadlar yaratmasını təsdiq edən hər hansı sübut 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, söküntü işləri aparılan sahədən söküntü materiallarının daşınmasının başqa alternativ yolu da yoxdur. Hər bir halda daşıma üçün həmin materialların binanın içərisindən qarşısına çıxarılması labüddür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 materiallarını yalnız daşıma məqsədi ilə qısa müddətli olmaqla binanın önünə yığdığı və ətraf mühitə hər hansı ziyan vurmadığı üçün onun əməlində inzibati xəta tərkibi olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-10/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-10/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver