Məhkəmə qərarları › İş №3(060)-100/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-100/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-100/2025 07.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tətib etmiş şəxslər Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 və Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X3, Zərərçəkmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1976-cı ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 528.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN2089179 saylı, həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı, MN1960386 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, MN2089179 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmir və bununla bağlı icra məmurunun qanuni tələblərini əməl etmir. xx.xx.2024-cü il tarixli MN seriyalı, MN1960386 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X12 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X11 oğlu anası Şahhüseynli (Qurbanova) Türkan Quban qızının yanında qalmalı, həmin uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 sabit pul məbləğində aliment Şəxs Şahhüseynli (Qurbanova) Türkan Quban qızının xeyrinə tutulmalıdır. İş üzə xx.xx.2023-cü ildə icraata başlama barədə qərar qəbul, həmin qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada verilmişdir. xx.xx.2016-cı il təvəllüdlü X11 oğlu faktiki olaraq atasının himayəsində olduğu üçün Sumqayıt Şəhər Məhkəməsi tərəfindən daha sonra icra sənədinə izah verilmiş və qeyd edilmişdir ki, “xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X11 oğlu anası X2 yanında qalsın ifadəsi uşaqlar atada olduğu halda onların atadan alınıb anaya verilməsini ehtiva edir. Uşağın atadan alınıb anaya verilməsi üçün bir neçə dəfə icra prosesi təyin edilmiş, həmin prosesə tərəflər və psixoloq da dəvət edilmişdir. Lakin, uşaq anasına getmədiyi üçün icra sənədinin icrası mümkün olmamışdır. İcra sənədi aliment hissəsində isə borclunun əmək haqqında yönəldilmiş və müvafiq tutmalar aparılmışdır. Lakin, borclu 2024-cü ilin sentyabr ayından işdən çıxdığı üçün həmin vaxtdan indiyə kimi aliment borcu da yığılmışdır. Bundan əlavə bildirmişdir ki, borclu icraya gəlmədiyi üçün onun barəsində axtarış qərarı qəbul edilmiş və icra edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Borclu həmin vaxt ölkə xaricində olduğu üçün teleqramla müraciət edərək axtarışn ləğv edilməsini xahiş etmiş və özünün könüllü icra idarəsinə gələcəyini bildirmişdir. Lakin, ölkəyə gəldikdən sonra da icra idarəsinə gəlməmişdir. 27 noyabr 2024-cü il tarixdə axtarışla bağlı polis əməkdaşları yolda onu saxlayaraq özlərini təqdim etsələr də icra idarəsinə gəlməkdən imtina etmiş və avtomobili sürərək oradan uzaqlaşmışdır. Bundan sonra da icra idarəsinə gəlməkdən yayınmışdır. Həmçinin bildirmişdir ki, uşağın atasının himayəsinə verilməsi barədə Yasamal Rayon Məhkəməsinin qətnaməsi hazırda qüvvəyə minməmiş və iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Buna görə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 329/2021 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edilməlidir. İcra sənədi üzrə icraatın dayandırılması və icraata xitam verilməsi əsasları yoxdur. Göstərilən halları nəzərə alaraq iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında işirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X8 bildirmişdir ki, Şəxs mülki hüquqi öhdəliklərindən yayındığı üçün barəsində Sumqayıt ŞPİ-də axtarış işi iaçılmışdır. Axtarışda olan şəxsin müəyyən olunaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməkdaşları xx.xx.2025-ci il tarixdə saat 20:30 raddələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi “Balıqçı” restoranı ilə üzbəüz fərdi evdə yaşayan mülki hüqüqi öhdəliklərindən yayınan borclu axtarışda olan Şəxs yaşadığı evə yaxınlaşaraq mahiyyəti üzrə borclu şəxs qismində axtarışda olduğunu izah etmişlər. Lakin, Şəxs qapını açmaqdan imtina etmiş, polis əməkdaşları bu barədə kömək məqsədi ilə Sumqayıt ŞPİ-nin PPX-nin əməkdaşlarına məlumat vermişlər. Həmin əraziyə Sumqayıt ŞPİ-nin PPX-nin əməkdaşları yaxınlaşmışdır. Dəfələrlə xəbərdalıqdan sonra Şəxs qapını açaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, axtarış işi ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cu polis bölməsinə gəlməkdən imtina etmiş və qeyd edilən hərəkətləri ilə polis əməkdaşlarına tabesizlik göstərmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o heç vaxt icra idarəsinə gəlməkdən yayınmamışdır. Belə ki, o hazırda protokol tərtib etmiş icra məmuru Orxan Məmmədovu ilk dəfədir ki, görür. Qeyd etdiyi kimi o icra idarəsinə gəlməkdən yayınmır, sadəcə barəsində əsassız axtarış işi açıldığı üçün onu mübahisələndirmiş və buna görə də 27 noyabr 2024-cü ildə bu barədə polis əməkdaşlarına məlumat verib oradan getmişdir. O, hazırda üzərində olan aliment borcu üzrə bir uşağa görə 1500 manatı ödəməyə hazırdır. Nəzərə almaq lazımdır ki, uşaqlardan biri onun himayəsindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Şahhüseynli (Qurbanova) Türkan Qurban qızı ilə birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X11 oğlu rəsmi qaydada da onun himayəsinə verilmiş və o, Nurlan Şahhüseynli yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş aliment öhdəliyindən azad edilmişdir. Nurlan Şahhüseynli 4 ildir ki, onunla yaşayır. xx.xx.2025-ci ildə o uşaqla evdə olarkən çoxsaylı polis əməkdaşları qanunsuz olaraq hasarı aşmaqla qapını bərk döymüşlər. Səsdən uşaq qorxduğu üçün pəəncərədən bildirmişdir ki, bir az gözləsinlər, uşağa nəzarət üçün başqa şəxs çağırsın, sonra onlarla getsin. Lakin, polis əməkdaşları qapını dayanmadan döymüşlər və FHN əməkdaşlarının köməkliyi ilə qapını sındıraraq içəri girmişlər. Bundan sonra uşağın gözü qarşısında onu döymüşlər. O, telefonu ilə baş verənləri lentə almış, lakin polis idarəsinə gətirilən zaman polis əməkdaşları onun telefonunu alıb format etmişlər. O, icra sənədi üzrə aliment borcunu ödəməyə hazırdır. Göstərilən halları, həmçinin himayəmdə azyaşlı uşağın olmasını, uşağın ona bağlılığını və uşağa nəzrət edəcək heç kimsənini olmamasını nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X4 bildirmişdir ki, borclu icra sənədi üzrə tələbi üzrsüz səbəbdən və qərəzli icra icra etmir. İcra məmuru və polis əməkdaşlarının izahatlarında göstərdikləri doğrudur. Uşağın atasının himayəsinə verilməsi barədə Yasamal Rayon Məhkəməsinin qətnaməsi hazırda qüvvəyə minməmiş və iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X16 bildirmişdir ki, hüquqlarını müdafə etdiyi şəxs icra sənədindən yayınmır. İcra məmuru tərəfindən ona heç bir məlumat verilmədiyi üçün icra idarəsinə gəlməmişdir. Bundan sonra isə Şəxs barəsində əsassız axtarış işi açılmışdır. 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən də qanunsuzluqlar olmuş, Şəxs qarşı kobud rəftar göstərilmiş və döyülmüşdür. Hüquqlarını müdafiə etdiyi şəxsin xırda xuliqanlıq etməsi və ya tabesizlik göstərməsi ilə bağlı heç bir mötəbər sübut mövcud deyil. Polis əməkdaşları Şəxs yaşadığı evə qanusuz daxil olaraq uşağının gözü qarşısında döymüşlər. Hadisə borclu tərəfindən telefonla çəkilmiş, lakin videolar polis əməkdaşları tərəfindən silinmişdir. Bölmədə hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş keçirilməsinə icazə verilməmişdir. Göstərilənəri, həmçinin Şəxs əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi X18 bildirmişdir ki, Şəxs barəsində mülki hüqüqi öhdəliklərindən yayındığına görə Sumqayıt ŞPİ-də axtarış işi açılmış və onun icraatına daxil olmuşdur. İş üzrə müvafiq tədbirlər həyata keçirilmişdir. 27 noyabr 2024-cü il tarixdə o, Sumqayıt şəhəri ərazisində yolda Şəxs yaxınlaşaraq onun barəsində axtarış işi olmasını, bununla bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə, oradan isə icra idarəsinə getməli olmasını bildirmişdir. Lakin, Şəxs ona heç bir əhəmiyyət verməyərək ərazidən uzaqlaşmışdır. Bundan əlavə xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Fəxri Qafarov və polis sahə rəisi Fərid İsmayılovla birlikdə Şəxs yaşadığı Sumqayıt şəhəri, “Corat” qəsəbəsi, Sahil küçəsində yerləşən “Balıqçı” restoranı ilə üzbəüz fərdi yaşayış evinə yaxınlaşmışlar. Borclu qapını açmamışdır. Kömək üçün PPX əməkdaşları çağırılmışdır. Borclu uzun müddət ərzində qapını açmaqdan imtina etmiş, profilaktik söhbətlərdən sonra qapını açsa da onların ümvanına nalayiq ifadələr işlətmiş, həmçinin axtarış işi ilə bağlı onlarla getməkdən imtina edərək tabesizlik göstərmişdir. Bundan sonra borclu müvafiq təlimat qaydalarına uyğun olaraq məcburi qaydada xidməti maşına əyləşdirilərək bölməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi X13 və həmin bölmənin əməliyyat müvəkkili X17 onlardan öncə izahat vermiş X9 izahatına oxşar, eyni məzmunlu izahatlar vermişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi müəyyən edilməsə də, onun İXM-in 528.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi proses iştirakçılarının izahatları və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X11 oğlu anası X2 yanında qalmalı, həmin uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 sabit pul məbləğində aliment Şəxs X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 saylı, xx.xx.2020-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Həmin qərarın üzərində olan qeydlərdən görünür ki, borclu Şəxs xx.xx.2023-cü il tarixdə qərarı rəsmi şəkildə almışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 saylı, xx.xx.2021-cü il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 329/2021 saylı, xx.xx.2020-cü il tarixli icra sənədinə izah verilərək qeyd edilmişdir ki, “xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X11 oğlu anası X2 yanında qalsın ifadəsi uşaqlar atada olduğu halda onların atadan alınıb anaya verilməsini ehtiva edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli psixoloji rəydən görünür ki, X11 oğlu atasını həyatının mərkəzinə qoyub, atasını itirmək ən böyük qorxusuna çevrilib, atasından ayrılmağa hazır deyil, buna cəhd olunarsa uşaqda psixoloji travma, ağır stress, psixoloji sarsıntı və özünə xəsarət yetirmə halları yaşana bilər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-370/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X11 oğlu atası Şəxs onun himayəsinə verilmiş sonuncu həmin uşağa görə aliment öhdəliyindən azad edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-370/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və şikayət icraata qəbul edilmişdir. İş materiallarında olan raportlardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs həmin tarixdə tutulmuşdur. İnzibati xəta haqqında iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi yaranmamışdır. Belə ki, işin halları ilə təsdiq edilir ki, Şəxs etdiyi hərəkətlərdə niyyəti ictimai qaydanı pozmaq olmamışdır. O, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və polis əməkdaşları ilə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı barəsində icraat aparılan şəxsin hər hansı səs-küy salması məhz ictimai qaydanı pozmaq niyyəti ilə edilməmişdir. Bu hərəkətlər şəxsin etdiyi tabesizliyin tərkib elementi kimi çıxış etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İXM-in 535.1-cu maddəsinin tərkibi yaransa da İXM-nin 510-cu maddəsinin tərkibi yaranmamışdır. Bu səbəbdən də onun barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Şəxs barəsində olan icra sənədi üzrə tələbi yerinə yetirməmiş və uzun müddət ərzində icra idarəsinə gəlməkdən yayınmışdır. Onun icra idarəsinə gətirilməsi yalnız axtarış qərarı əsasında mümkün olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın da tərkibi vardır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikasının İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə eyni zamanda müəyyən edilmişdir ki, Şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü uşaq var. Uşaq qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən ananın himayəsinə verilsə də (uşağın atanın himayəsinə verilməsi barədə qətnamə hazırda qanuni qüvvəsini almamışdır), hazırda faktiki olaraq atasının, yəni Şəxs himayəsindədir. Uşağın faktiki olaraq atasının himayəsində olması icra məmurunun və digər proses iştirakçılarının izahatları, həmçinin iş materialları ilə öz təsdiqni tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, daha ağır sanksiyası olan İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və faktiki olaraq himayəsində doqquz yaşlı uşağın olmasını, bu səbəbdən İXM-in 30.2-ci maddəsinə əsasən barəsində inzibati həbs tətbiq edilməsinin qadağan edilməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs barəsində tətbiq ediləcək inzibati cərimənin miqdarı müəyyən edilərkən Azərbaycan Respublikasının İXM-in 31.4-1-ci maddəsinə əsasən onun 01 gün müddətə inzibati qaydada tutulması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığı üçün onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən onun 01 (bir) gün müddətə inzibati qaydada tutulması nəzərə alınmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar