Məhkəmə qərarları › İş №3(060)-1002/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1002/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1002/2025 23.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Tələbkar hüquqi şəxs Zərərçəkmiş şəxs-nin məhkəmələrlə iş bölməsinin hüquqşünası və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sevinc Əhmədova tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriya nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6587/2023 saylı, xx.xx.2023-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2004/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən borclu Şəxs "xxxx" ASC-yə 7279,76 manat, Zərərçəkmiş şəxs-yə olan borcu 8125 manat borcunu ödəməmiş, nəticədə borclu o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Sevinc Əhmədova izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin qeyd edilən icra sənədlərinə əsasən borclu Şəxs 7279,76 manat "xxxx" ASC-yə, 8125 manat məbləğində pulu isə Zərərçəkmiş şəxs-yə ödəməlidir. Qeyd edir ki, Zərərçəkmiş şəxs ilə bağlı olan icra sənədi əsasında xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, həmin qərarı bildirişlə birlikdə 27 dekabr 2024-cü il tarixdə, “Ekspressbank”-la bağlı olan icra sənədi əsasında isə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək qərarı bildirişlə birlikdə xx.xx.2025-ci il tarixdə icra edilməsi üçün borcluya təqdim etmişdir. Bildirir ki, ötən müddət ərzində Şəxs hər iki banka olan ümumi 15404 manat 76 qəpik məbləğində borcdan cəmi 200 manat pul ödəmişdir. Eyni zamanda bildirir ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı daşınar və dışanmaz əmlak aşkar edilməmişdir. Bundan başqa borcluya edilmiş xəbərdarlıqlara baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, bu səbəbdən barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü məhkəmə qərarlarını vaxtında icra etməməyə görə təqsirli bilərək bildirdi ki, ailəlidir və 2 övladı vardır, həyat yoldaşı zavodda işləyir, özü hazırda işləmir. İndiyədək ümumi borcundan hər bir banka 100 manat olmaqla cəmi 200 manat məbləğində pul ödəmişdir. Hazırda borcunu qaytarmağa maddi imkanı olmasa da, vaxt veriləcəyi təqdirdə borcunu hissə-hissə ödəyə bilər. Əməlindən peşmandır, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Şəxs məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, elektron sistemdə onun "xxxx" MMC-də işləməsi göstərilsə də, həmin müəssisə fəaliyyətini dayandırmış, və o, işdən çıxmışdır. Hazırda heç yerdə işləmir. Barəsində inzibati xəta haqqında iş üzrə tələbkar Zərərçəkmiş şəxs-nin nümayəndəsi Nümayəndə çıxışında bildirmişdir ki, borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə qətnamə çıxmış, lakin borclu ötən müddətdən indiyədək cəmi 200 manat ödəmişdir. Qeyd edir ki, borclu bugünki tarixdə 5000 manat ödəyəcəyi təqdirdə bank ona qalıq məbləği gözəşt edə bilər. Borcun ödənilməyəcəyi təqdirdə Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclunun müdafiəçisi Vəkil1 borclunun məhkəmə iclasında öz təqsirini etiraf etdiyini, borcunun müəyyən hissəsini yaxın zamanda ödəyəcəyinə vəd etdiyini, himayəsində 2 azyaşlı uşağının olması, şəxsi xarakterizə edən mənfi halların olmamasını nəzərə alaraq Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6587/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs-nin olan borcu 8125 manat pul tutulmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2004/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs "xxxx" ASC-nin xeyrinə 7279,76 manat pul tutulmalıdır. Elektron İcra İnformasiya sistemindən müəyyən edilir ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Şəxs evlidir, xx.xx.2018-ci il təvəllüdlü Amin Hümbətli və xx.xx.2022-ci il təvəllüdlü Raul Hümbətli adlı iki övladı var. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. AR Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borclu Şəxs qanunvericiliyin göstərilən tələblərini pozaraq müxtəlif əsassız bəhalər gətirərək icra sənədilərini üzrsüz səbəbdən qanunla müəyən edilmiş vaxtda uzun müddətdə icra etməmiş, nəticədə tələbkar banklara 15202 manat 76 qəpik məbləğində ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi elektron sistemdə borclunun "xxxx" MMC-də işlədiyi göstərilsə də, faktiki olaraq özünün də qeyd etdiyi kimi həmin müəssisə fəaliyyətini dayandırmış, o, həmin müəssisədən işdən çıxmışdır. Məhkəmə borclunun bankalara olan borcunu imkanı olmadığı üçün ödəməməsinə dair gətirdiyi dəlillərə tənqidi yanaşır və hesdab edir ki, Şəxs məsuliyyətdən boyun qaçırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədilə bu məzmunda izahat vermişdir. Göründüyü kimi hər iki sənədi üzrə icraata başlanılsa da, Şəxs qərar və bildirişi qəbul etsə də, o, icra sənədlərini icra etməmiş, məhkəməyə bunun üzrül hesab edilməsi üçün tutarlı dəlil gətirə bilməmişdir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi icra məmuru tərəfindən borcun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının tam təmin edilməsi mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). İnsan Hüquqları və X3 X2 5-ci maddəsinə əsasən məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması hallarında şəxs azadlıqdan məhrum edilə bilər. Məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Sevinc Əhmədova məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş icra məmurunun və borclunun izahatı, tələbkar bankın nümayəndəsini çıxışı, o cümlədən icra sənədinə əlavə edilmiş və məhkəmə iclasında əldə edilmiş sənədlərlə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması, himayəsində iki övladının olması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalı, məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs barəsində hazırki vəziyyətdə inzibati cərimə növündə tənbehin verilməsi onun iqtisadi vəziyyətini daha ağır vəziyyətə salmış olacaqdır. Odur ki, sonuncu barəsində münimum həddə inzibati həbs növündə tənbehin verilməsini məqsədəmüvafiq hesab edir. İnzibati həbsin əvvəli 23 aprel 2025-ci il tarixdən saat 15:00-dan hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil1 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 23 aprel 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil1 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar