Məhkəmə qərarları › İş №3(060)-1006/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1006/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1006/2024 26.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı ilə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 253.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2200 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Səxavət Nuriyev şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Səxavət Nuriyev şikayətini onunla əsaslandırdı ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi onun tikinti apardığı yerlərə baxış keçirmiş, guya qanunsuz tikinti apardığını bildirərək fotoşəkillər çəkərək müvafiq dövlət orqanlarına göndərmişdir. Bir müddət sonra 4 saylı ETSN əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman bir ədəd sərv ağacının olmadığı aşkar edilmişdir. Qeyd edir ki, güclə yağışlar səbəbindən ağacların biri sıradan çıxmış, qonşular ağacın yolu bağlamaması səbəbindən onları kənara çəkmişdir. Bir müddət sonra yenə də təbii fəlakət nəticəsində sərv ağaclarının biri sıradan çıxmış, qonşunun maşınını üzərinə düşmüş, o mənzilkommunal təsərrüfat istirmar birliyinin əməkdaşlarına bu barədə məlumat vermiş, bir həftə sonra əməkdaşlar gələrək həmin ağacları kəsmişlər. O, heç bir ağacı kəsməmiş, zədələməmişdir. Ağacların yerləşdiyi əraziyə ən yaxın yerdə o, tikinti işləri apardığından hesab edir ki, ondan şübhələnmişlər. Bildirir ki, onun oğlu X1 müharibəsində şəhid olmuş, həmin ərazi ona dövlət tərəfindən verilmiş, orada şəhidin bacıları üçün şirniyyat evi tikmişdir. O, heç bir qanunsuz tikili aparmamışdır. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Qeyd olunanların nəzərə alınmasını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 bildirdi ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən İdarəyə daxil olmuş məlumat və fotoşəkillər əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazində yoxlama aparılmışdır. Əraziyə baxış keçirilən zaman bir ədəd sərv ağacının məhv edildiyi məlum olmuşdur. Ağacların məhv edildiyi yerə ən yaxın obyekt Səxavət Nuriyevə məxsus olduğundan onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında Taleh Əzizov verilmiş suallara cavab olaraq bildirmişdir ki, bir ədəd sərv ağacının məhz Səxavət Nuriyev tərəfindən kəsilməsini təsdiq edəcək heç bir sübutu yoxdur. Qeyd olunanlara əsasən qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə istintaq zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: 01 iyun 2023-cü il tarixdə AR ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 13-cü mkr, 19 nömrəli binanın qarşısında yoxlama zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən əvvəllər çəkilmiş fotoşəkil ilə sonradan çəkilmiş fotoşəkillər müqayisə edilən zaman 01 ədəd sərv ağacının qanunsuz götürülməsi aşkar edilmişdir. Bu barədə fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hesabatdan görünür ki, bir ədəd sərv ağacının dəyəri 720 manat qiymətləndirilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Səxavət Nuriyevə şəhid ailəsi statusu verilmişdir. İnternet informasiya portalından əldə edilmiş məlumatlardan görünür ki, X3 Səxavət oğlu Nuriyev 16 oktyabr 2020-ci ildə Cəbrayıl uğrundan gedən döyüşlərdə şəhid olmuş, ölümündən sonra “Vətən uğrunda” “Cəbrayılın azad olunması görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medallarıı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İXM-də inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İXM-nin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 253.1.1-ci maddəsinə əsasən Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsi şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə- fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən və araşdırma aparılarkən araşdırma aparılmasının və inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əməl edilməmiş, İXM-nin tələbləri pozulmuşdur. Belə ki, Sumqayıt şəhəri, 13-cü mkr, 19 nömrəli məktəbin yaxınlığında tikintinin aparıldığı ərazidə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən daxil olmuş məktuba əlavə edilmiş fotoşəkil ilə 4 saylı ETSN əməkdaşları tərəfindən çəkilmiş fotoşəkil arasında həqiqətən fərqin olduğu-yəni 01 ədəd sərv ağacının məhv edildiyi (kəsildiyi) müəyyən edilsə də, həmin ağacın məhz Səxavət Nuriyev tərəfindən kəsilməsi sübut olunmur. Məhkəmə iclasında iştirak edən 4 saylı ETSN-nin nümayəndəsi də bu halı vurğularaq həmin ağacların Səxavət Nuriyev tərəfindən məhv edilməsini (kəsilməsi) təsdiq edəcək heç bir sübutunun olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Səxavət Nuriyev tərəfindən həmin ərazidə tikintinin (qanuni) aparılması 01 ədəd sərv ağacının onun tərəfindən məhv edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilmədən, 01 ədəd sərv ağacının kim tərəfindən məhv edilməsini təsdiq edən dəqiq məlumatlar və sübutlar əldə edilmədən müvafiq qərarın qəbul edilməsi mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. X2 İnzibati Xətalar Məcəlləsinin 253.1.1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar