Məhkəmə qərarları › İş №3(060)-1007/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1007/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1007/2025 15.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə 16 aprel 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izhatında bildirmişdir ki, 38557.72 ABŞ dolları avans ödəniş hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Mərkəzi Bankın bu məbləği açıq qalmış hesab etməsinin səbəbi Gömrük Bəyannaməsində istinad edilən müqavilə nömrəsində səhvlik olmasıdır. Həmin səhvliyin düzəldilməsi üçün 5 fevral 2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinə sistem üzərindən məktub göndərilmiş lakin cavab gəlməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, MMC tərəfindən "xxxx" ASC-yə sorğu verilmiş və yanlışlıq aradan qaldırılmışdır. Bununla bağlı Mərkəzi Banka da məlumat verilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 38557.72 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 01 mart 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 38557.72 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 02 mart 2025-ci il tarixdə hüquqi şəxsin ünvan 1 ünvanında törədilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində “EFERK METAL SANAYİ VE TİCARET LİMİTED SİRKETİ”-nə ödəniş edilmiş 38557.72 ABŞ dolları məbləğində avansa uyğun gəlmiş mallar üzrə YGBləri Banka təqdim olunmuşdur. Avans ödənişinə görə X4 üzrə qeydiyyatlar aparılmışdır. X4 üzrə qalıq 9,397.27 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ünvanlanmış ərizədən görünür ki, Şəxs MMC barəsində Mərkəzi Bank tərəfindən tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(060)-1007/2025 nömrəli inzibati işə dair təqdim olunmuş sənədlərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə ölkə xaricinə köçürülmüş 38557.72 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Beləliklə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ölkə xaricinə köçürülmüş 38557.72 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Bu hal Azərbaycan Respublikasının Mərkəzi Bankı və "xxxx" ASC tərəfindən verilmiş məktublarla da öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi mövcud deyil. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Yuxarıdakı məlumatlardan görünür ki, X4 üzrə qalıq məbləğ 9,397.27 ABŞ dolları təşkil edir. Məhkəmə qalıq məbləğinin miqdarını nəzərə alaraq, hesab edir ki, məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən az olduğu üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati xətanın təkibini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 18,4, 40, 43, 53.1.2, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar