Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1009/2022 17.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşı, polis kapitanı Nümayəndə, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1, Onun müdafiəçisi Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Vəkil ştirakları ilə, Sumqayıt şəhər DYPŞ polis kapitanı Nümayəndə tərəfindən tərtib olunmuş 05.02.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib olunmuş 05.02.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 bildirdi ki, İdarə etdiyim VAZ 21074 markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobillə 03 avqust 2021-ci il, saat 22:35 radələrində Corat qəsəbəsindən çıxaraq İ.Qayıbov küçəsinə daxil olmuşdur. Məqsədi birinci yol ayrıcını keçib ikinci yol ayrıcından sola dönmək idi. Birinci yol ayrıcını keçib, ikinci yol ayrıcına daxil olan zaman sağ tərəfdən çox iti sürətlə xarici markalı avtomobilin yaxınlaşdığını görmüşdür. O, hadisənin qarşısını almaq üçün avtomobili dayandırsa da, həmin avtomobilin sürücüsü hadisənin qarşısını almaq üçün heç bir tədbir görmədi. Nəticədə avtomobilinin qabaq sağ tərəfi ilə həmin avtomobilin sol tərəfi toqquşdu. Sonradan bilmişdir ki, həmin avtomobil "İnfiniti 050" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobildir. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə maddi zərər yetirildi. Hadisə yerinə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəldilər. Lakin onlar hadisə yerində heç bir araşdırma aparmadılar. Sənədlərini götürüb, növbəti gün Dövlət Yol Polisi Şöbəsinə dəvət etdilər. Sonradan izahatlarını alıb, hadisə yerinin sxemini çəkdilər. Hadisə yerinin yaxınlığında "Təhlükəsiz şəhər" kamerası, eyni zamanda orada yerləşən mağazanın kamerası var idi. DYPŞ əməkdaşları həmin kameralardakı video görüntüləri götürərək, müvafiq araşdırma aparacaqlarını bildirsələr də, sonradan həmin görüntüləri gizlətdilər və ona heç bir görüntü göstərmədilər. Buna baxmayaraq, onun barəsində 04 avqust 2021-ci il tarixli, ******* saylı inzibati xəta protokolu tərtib edildi və inzibati tənbeh vermə haqqında 04 avqust 2021-ci il tarixli, TP ******* saylı qərar çıxarıldı. Halbuki inzibati xəta haqqında protokol onun barəsində deyil, digər nəqliyyat vasitəsini idarə edən şəxs barəsində tərtib edilməli idi. Belə ki, "Yol hərəkəti haqqında" Qanunun 50.1-ci maddəsinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. "İnfiniti 050" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü isə yaşayış məntəqəsində nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən yuxarı sürətlə sürdüyü üçün hadisənin qarşısını ala bilməyib. Belə olan halda hadisəni araşdıran orqan tərəfindən "Yol nəqliyyat hadisələri" üzrə ekspertiza təyin olunmalı idi. Lakin ekspertiza da keçirilməmişdir. Bundan sonra o, Dövlət Yol Polisi Şöbəsinin əməkdaşının 04 avqust 2021-ci il tarixli həmin qərarından Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşının 04 avqust 2021-ci il tarixli həmin qərarı ləğv edildi və inzibati xəta haqqında işə, onun iştirakı ilə, yenidən baxılması üçün həmin qərar Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərildi. Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 3 (060)- 2664/2021 saylı həmin qərarında göstərilmişdir ki, inzibati tənbeh vermə barədə hazırki qərar çıxarılarkən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Sumqayıt şəhər DYPŞ tərəfindən iş üzrə bütün hallar araşdırılmamışdır. Protokolda və qərarda ümumi ifadələrdən istifadə edilmiş, işin konkret halları, inzibati xətanın hansı qaydada törədilməsi, bunun hansı sübutlarla təsdiq edilməsi və sair hallar konkret olaraq göstərilməmişdir. Hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması mümkün deyildir. Buna görə də məhkəmə həmin qərarı ləğv etmiş və işə onun iştirakı ilə və İnzibat Xətalar Məcəlləsinin tələblərinə əməl etməklə, yenidən baxılmasını tələb etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin həmin qərarından uzun müddət ötdükdən sonra ona məlum oldu ki, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis mayoru X6 həmin inzibati xəta işi üzrə barəsində “İnzibati tənbeh vermə haqqında" 13 sentyabr 2021ci il tarixli, TP ******* saylı yeni qərar çıxarmış və onu 60 (altmış) manat məbləğdə cərimələmişdir. Həmin qərarla tanış olarkən məlum oldu ki, X6 tərəfindən həm İnzibati Xətalar Məcəlləsinin bütün tələbləri, həm də Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı tamamilə pozulmuşdur. Belə ki, DYPŞ-nin əməkdaşı X6 məhkəmə qərarında göstərilənlərin heç birinə əməl etməmişdir. Yəni o, işin araşdırılmasında onun iştirakını təmin etməmiş, bu barədə ona heç bir məlumat verməmiş, inzibati Xətalar Məcəlləsinin tələblərini və Sumqayıt Şəhər Məhkəməsinin öz qərarında qeyd etdiyi tələbləri yerinə yetirməmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin "İnzibati tənbeh vermə haqqında" 13 sentyabr 2021-ci il tarixli, TP ******* saylı ikinci qərarından da Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3 (060)-3807/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin "İnzibati tənbeh vermə haqqında" 13 sentyabr 2021-ci il tarixli, TP ******* saylı ikinci qərarı da ləğv edildi və inzibati xəta haqqında işə, onun iştirakı ilə, yenidən baxılması üçün həmin qərar Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərildi. Sumqayıt Şəhər Məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər DYPŞ tərəfindən iş üzrə bütün halları araşdırmamışdır. Protokolda və qərarda ümumi ifadələrdən istifadə edilmiş, işin konkret halları, inzibati xətanın hansı qaydada törədilməsi, bunun hansı sübutlarla təsdiq edilməsi və s. konkret olaraq göstərilməmişdir. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Sonradan ona məlum oldu ki, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Nümayəndə tərəfindən həmin iş üzrə "İnzibati tənbeh vermə haqqında" 05 fevral 2022- ci il tarixli, TP ******* saylı üçüncü qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinə əsasən həmin qərar qəbul edildikdən sonra 2 gün müddətində ona göndərilməli idi. Lakin həmin qərar da ona vaxtında göndərilməmişdir. Bu barədə məlumat aldıqdan sonra Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə rəsmi ərizə göndərərək, həmin qərarın surətinin ona təqdim olunmasını xahiş etmişdir. Həmin qərarın surəti ona 12 aprel 2022-ci il tarixdə təqdim olundu. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin həmin qərarını da aşağıda qeyd olunanlara əsasən tamamilə qanunsuz və əsassız hesab edir. Qərarla tanış olarkən məlum oldu ki, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi yenə də həm İnzibati Xətalar Məcəlləsinin tələblərinə, həm də Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarında göstərilənlərə əməl etməmişdir. Yəni, işin araşdırılmasında onun iştirakı təmin edilməmiş, bu barədə ona ümumiyyətlə məlumat verilməmiş, İnzibati Xətalar Məcəlləsinin tələbləri və Sumqayıt Şəhər Məhkəməsinin qərarında qeyd olunan digər tələblər yerinə yetirilməmiş və həmin qərarla o bu dəfə də 60 manat məbləğdə cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı isə bildirir ki, onda olan məlumata əsasən "İnfiniti 050" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobil həmin vaxt inzibati xəta protokolunda qeyd olunan şəxs, yəni R.V.Qələndərli tərəfindən deyil, həmin vaxt avtomobildə olan başqa şəxs tərəfindən idarə olunub. Nəqliyyat hadisəsi baş verən kimi, həmin şəxs sükanı yanında oturan X2 verib. Həmin ərazidəki kameraların görüntülərinə baxış zamanı bunu asanlıqla görmək mümkün idi. Buna görə də DYPŞ əməkdaşı kameradakı görüntüləri dərhal götürməli, həmin görüntülərə əsasən yol hərəkəti qaydalarının hansı avtomobilin sürücüsü tərəfindən pozulduğunu müəyyən etməli, "İnfiniti 050" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobilin kim tərəfindən idarə edildiyini, həmin şəxsin avtomobili idarə etmək hüququnun olub-olmadığını, həmçinin sərxoş vəziyyətdə olub-olmadığını müəyyən etməli idi. Lakin DYP əməkdaşı üzərinə düşən vəzifələrini icra etməmişdir. Video görüntülər isə məqsədli şəkildə gizlədilmişdir. İş üzrə üçüncü dəfə qərar qəbul edən DYPŞ-nin əməkdaşı bu dəfə də iş üzrə heç bir araşdırma aparmamış və inzibati tənbeh vermə barədə bundan əvvəlki qərarları olduğu kimi təkrarlamaqla kifayətlənmiş, bununla da həm İnzibati Xətalar Məcəlləsinin müvafiq tələblərini, həm də Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarlarında qeyd olunan göstərişlərini kobud qaydada pozmuşdur. Buna görə də hesab edir ki, DYPŞ-nin həmin qərarı da ləğv edilməli və işin icraatına xitam verilməlidir. Sumqayıt şəhər DYPŞ polis kapitanı Nümayəndə tərəfindən X3 barəsində qəbul etdiyi "İnzibati tənbeh vermə haqqında" 05.02.2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxsin müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 ifadəsinə uyğun izahat verərək Sumqayıt şəhər DYPŞ polis kapitanı Nümayəndə tərəfindən X3 barəsində qəbul etdiyi "İnzibati tənbeh vermə haqqında" 05.02.2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşı, polis kapitanı Nümayəndə bildirdi ki, qərar ləğv edildikdən sonra Sumqayıt DYPŞ-də araşdırılma aparılan zaman barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 istədiyi bütün xüsusatlar araşdırılmışdır. Onun tərəfindən təhlükəsiz şəhər kamerasına baxış keçirilməsi bildirilsə də, kamera hadisə yerindən uzaqda olduğu üçün hadisə anını müəyyən etmək mümkün olmamışdır. Hadisə yerində dükanın kamerası var, lakin həmin vaxt kamera işləməmişdir. O, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 onun tərəfindən qəbul edilmiş"İnzibati tənbeh vermə haqqında" 05.02.2022-ci il tarixli, TP ******* saylı qərarından verilmiş şikayət əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər DYPŞ tərəfindən iş üzrə bütün halları araşdırmamışdır. Protokolda və qərarda ümumi ifadələrdən istifadə edilmiş, işin konkret halları, hadisə olduğu ərazidə video kameraların olub-olmaması araşdırılmamış, yerli baxış zamanı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin işrirakı təmin olunmamış, inzibati xətanın hansı qaydada törədilməsi, bunun hansı sübutlarla təsdiq edilməsi və s. konkret olaraq göstərilməmişdir. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər DYPŞ-nin inzibati xəta haqqında 05.02.2022-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilərək Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə olunması barədə Sumqayıt Şəhər DYPŞ-nin 05.02.2022-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-yə göndərilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-1009/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1009/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver