Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1014/2024 17.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X9 bildirmişdir ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(016)- 187/2022 saylı icra vərəqsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 170 manat məbləğində sabit pul şəklində tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə xx.xx.2023-cü ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2023-cü ildə tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borcluya ödəniş etmək üçün vaxt verilmiş, lakin o, ödəniş etməmişdir. Daha sonra borclunun fevral ayında tələbkarın iştirakı ilə izahatı alınmış, o, icra sənədi üzrə 400 manat ödəniş etmiş, borclu ilə tələbkar arasında ayda 300 manat ödəniş etməklə razılıq əldə olunmuşdur. Lakin borclu aprel-may ayında 600 manat əvəzinə 100 manat ödəniş ödəmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam veilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu mart ayında etdiyi ödənişin ona təqdim etmir, lakin tələbkar ödəniş olunduğunu etiraf edir. İnzibati xəta haqqında protokol tərtib olunduqdan sonra borclu 500 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o hesab nömrəsini qış aylarında bildikdən sonra icra sənədi üzrə ödənişlər etmişdir. Belə ki, fverqal ayında 400 manat, daha sonra isə hissə-hissə olmaqla 900 manat ödəniş etmişdir. İcra məmuru ona görə protokol tərtib etmişdir ki, o mart və aprel aylarında gecikmələr etmişdir. Lakin, hazırki iş məhkəmənin icraatında olan zaman həmin ayların da ödənişlərini etmişdir. O, icra məmurunun çağırışlarına hər zaman gəlmiş, ödəniş etməkdən də yayınmamışdır. Hazırda isə qalan borcun hər ay 300 manat olmaqla ödənilməsi barədə zərərçəkmiş şəxslə razılıq əldə etmişdir. Göstərilən halları iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, borclu ilə hər ay 300 manat ödəniş edilməsi barədə razılıq əldə etmişlər və borclu bu gün etdiyi ödənişlərlə birlikdə əldə edilmiş razılaşma miqdarında ödəniş etmişdir. Qalan borcla bağlı da aralarında razılıq vardır. Ona görə də iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, işin hallarından da görünür ki, hüquqlarını müdafiə etdiyi şəxsin heç bir təqsiri və ya qərəzi mövcud deyil. Belə ki, borclu tərəfindən aliment üzrə ödənişlər həyata keçirilir və tələbkarla bu barədə razılıq da vardır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Ağsu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(016)-187/2022 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 170 manat məbləğində sabit pul şəklində tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-187/2022 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-187/2022 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Bildiriş, xx.xx.2023-cü ildə borcluya rəsmi qaydada verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, borclu ilə tələbkar arasında hər ay 170 manat alimnetin və əvvəli dövrdən yaranmış borc 130 manat, yəni ümumilikdə 300 manat ödənişlə barədə razılıq əldə olunmuşdur. İş materillarına əlavə olunmuş zərərçəkmiş şəxs Nüşabə Əhmədzadənin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, borclu ilə hər ay 300 manat ödəniş edilməsi barədə razılıq əldə etmişdir, hal-hazırda iyun ayına qədər borclu tərəfindən razılaşmaya uyğun 300 manat ödənişlər edilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(016)-187/2022 saylı icra vərəqsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 170 manat məbləğində sabit pul şəklində tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə xx.xx.2023-cü ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata başlama haqqında qərar qəbul edilmiş və xx.xx.2023-cü ildə tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya verilmişdir. 2024-cü ilin fevral ayında alimnet borcu üzrə hər ay 170 manat aylıq ödənişin, əlavə isə 130 manat ödəniş edilməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir. Borclu tərəfindən fevral ayında 400 manat ödəniş edilmiş, daha sonra isə 100 və 200 manat məbləğlərində ödənişlər edilmişdir. Ödənişlərdə gecikmələr olduğu üçün borclu barəsində protokol tərtib edilmişdir. Lakin, iş məhkəmənin icraatında olan zaman borclu tələbkar ilə aralarında olan razılaşmaya uyğun olaraq ödənişləri tam yerinə yetirmişdir. Buna görə də tələbkar iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdiriməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. İş məhkəmədə baxılan zaman ödənişlər tələbkarla razılaşmaya əsasən müəyyən edilmiş formada tam həyata keçirilmiş və tələbkarla razılıq əldə edilmişdir. Qeyd edilən hallar isə borclunun qərəzli olmamasını təsdiq edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmlərə Şəxs münasibəti qərəzli olamamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1014/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1014/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver