Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1020/2024 31.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, İnizbati xəta haqqında protokol tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 18:07 radələrində Sumqayıt şəhəri, Azərbaycan küçəsi ərazisində “Kia Optima minik” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polis əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı narkotik vasitənin təsiri olduğu aşkar edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİnin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 bildirdi ki, Şəxs nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 1-ci Polis Bölməsinin polis əməkdaşları tərəfindən saxlanılmış, həkim müayinəsindən keçən zaman şəxsin marixuana adlanan narkotik vasitədən istifadə etməsi aşkar olunmuşdur. Bundan sonra raport tərtib olunmuş və protokol tərtib edilməsi üçün onu polis bölməsinə dəvət etmişlər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında özünü təqsirli bilməyərək bildirdi ki, yaşadığı evin yaxınlığında iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış və avtoqəza törətdiyi bildirmişlər. O, polis əməkdaşlarını avomobilin yanına apararaq heç bir qəza törətmədiyini bildirmiş, ona polis bölməsinə getməli olduğunu bildirmişlər. Onu polis bölməsinə aparmış, avtomobilinin açarını ondan götürərək özləri bölməyə aparmışlar. Polis bölməsindən onu narkoloji dispanserə apararaq müayinədən keçirmişlər. Bir gün bölmədə saxlanılmış, avtomobili də bir gündən sonra yol polis əməkdaşına təqdim etmişlər. O, nəqliyyat vasitəsini idarə edərkən deyil, piyada hərəkətdə olarkən saxlanılmışdır. Narkotik vasitəni həmin gündən bir həftə əvvəl istifadə etmişdir. Narkotik vasitədən istifadəyə görə məhkəmənin qərarı ilə 300 manat cərimə olunmuş və həmin cəriməni ödəmişdir. Məhkəmədən barəsində cəza tətbiq olunacağı halda cərimə tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı X3 bildirdi ki, hadisə qış aylarında baş vermişdir. Şəxsin narkotik vasitədən istifadə etməsi ilə bağlı məlumat daxil olmuşdur. Məlumat əsasında Şəxs saxlayaraq bölməyə gətirmişlər. Daha sonra narkoloji dispanserə aparılmış, tibbi müayinədən keçdikdən sonra marixuana adlanan narkotik vasitədən istifadə etməsi aşkar olunmuş, iki gündən sonra məhkəmənin qərarı ilə narkotik vasitədən istifadə etdiyi üçün cərimə olunmuşdur. Həmin şəxsi izləmiş, 42-ci məhəllə ərazisində övladını məktəbə düşürdükdən sonra çayxanaya yaxınlaşıb avtomobilini saxlayıb nəqliyyat vasitəsindən düşdükdən sonra ona yaxınlaşmışlar. İş materiallarında olan A/268 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Şəxs marixuana qəbulu faktı aşkarlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:00-da Şəxs narkotik vasitələrin istifadəsində şübhəli oldğuğu üçün müayinədən keçirilməsi zamanı onda marixuana qəbulu faktı aşkar olunmasına görə o, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-494/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi Şəxs eyni fakta görə artıq inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilirş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata eyni fakt üzrə inzibati tənbeh vermə barədə qanuni qüvvəyə minmiş qərar olduğundan xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata İXM-nin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1020/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1020/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver